Tahir Əkbər (tam adı: Tahir İsmayıl oğlu Əkbərov; 20 yanvar 1946, Bakı – 2 mart 2018, Bakı) — azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2012).
Tahir Əkbər | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 20 yanvar 1946 |
Doğum yeri | |
Vəfat tarixi | 2 mart 2018 (72 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Fəaliyyət illəri | 1969-cu ildən |
Janr | klassik musiqi |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Tahir Əkbər müxtəlif janrlarda, xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. Onun "Simfonik rənglər" və ilahiyyat mövzusunda yazdığı "Amin" əsəri Azərbaycan professional musiqisində yeni janr hesab olunur. Bəstəkar onlarla mahnının, o cümlədən, "Dərdin alım", "Heç küsməyin yeridirmi?", "Azərbaycan", "Əzizim", "Heyfim gəldi", "Qalardım", "Bir qız bir oğlanındır" və "Xəzəllərin rəqsi" mahnılarının müəllifidir.
Tahir İsmayıl oğlu Əkbərov 1946-cı il yanvarın 20-də Bakı şəhərində anadan olmuşdur.[1] O, 1960–1965-ci illərdə Dzerjinski adına Musiqi Məktəbinin fortepiano şöbəsində, 1965–1969-cu illərdə isə Həmzə Həkimzadə Niyazi adına Daşkənd Musiqi Texnikumunun musiqi nəzəriyyəsi şöbəsində təhsil alıb.[1] Ailəsi ilə Daşkəndə köçən Tahir Əkbər buradakı məclislərin birində bəstəkar-pedaqoq, professor Boris İsaakoviç Zeydmanla görüşüb. Hələ uşaq yaşlarından musiqiyə böyük maraq göstərən Tahir Əkbər bəstəkarın diqqətini cəlb edir və Boris Zeydman gənc bəstəkarın əsərləri ilə tanış olduqdan sonra Tahir İsmayılova onun sinfində oxumağı təklif edir.[1] Beləliklə, Tahir Əkbər 1970-ci ildə Muxtar Əşrəfi adına Daşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, Boris Zeydmanın sinfinə daxil olur. O konservatoriyanı 1975-ci ildə bəstəkar-musiqişünas kimi bitirib. Tahir Əkbər Boris Zeydmanın sonuncu tələbəsi olmuşdur.[1]
Tahir Əkbər 1980-ci ildə ailəsi ilə Bakıya köçüb və həmin il Azərbaycan Dövlət Radio və Televiziyasında musiqi redaktoru vəzifəsində işləməyə başlayıb.[1] O, 1985-ci ildə SSRİ Bəstəkarlar İttifaqına üzv qəbul edilmişdir.[2] Onun SSRİ Bəstəkarlar İttifaqına üzv seçilməsi üçün resenziya professor Boris Zeydman tərəfindən verilib.[1]
Tahir Əkbər Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olub.[2]
Bəstəkarın 60 illik yubileyi 2006-cı il noyabr ayının 9-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bəstəkarlar Birliyinin təqdimatı və Azərbaycan Mədəniyyət Nazirliyinin sərəncamı ilə təntənəli surətdə keçirilib.[3]
2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Tahir Əkbərə Əməkdar incəsənət xadimi fəxri adı verilmişdir.[4]
2016-cı il aprelin 18-də isə Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında onun 70 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.[5]
Tahir Əkbər 2 mart 2018-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmiş,[2] Qurd Qapısı məzarlığında dəfn olunmuşdur.[6]
Tahir Əkbərin yaradıcılığında həm xor musiqisinə, hər simfonik musiqiyə, həm də kamera musiqisinə rast gəlinir.[1] Bəstəkar öz əsərlərində xalq musiqisinə, dini mövzuya, vətənpərvərlik və digər aktual mövzulara müraciət etmişdir. Azərbaycan professional musiqisində bəzi yeni janrların yaranması Tahir Əkbərin adı ilə əlaqələndirilir. Belə ki, "Simfonik rənglər" əsəri, ilahiyyat mövzusunda yazdığı "Amin" əsəri və onun davamı kimi yazdığı "Ya Rəbb" adlı volkal musiqi poemasında o, Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun və Ramiz Mustafayevin əsərləri üçün xarakterik olan din ilə əlaqəli musiqi ənənələrini davam etdirmiş, xüsusi özəlliklə sitat gətirmədən təsəvvüf ayinlərinə xas əhval-ruhiyyəli kompozisiyalar yaratmışdır. Beləliklə, Azərbaycan musiqisində təsəvvüf musiqisi janrının təməli qoyulmuşdur.[1]
Tahir Əkbər əsərlərində Azərbaycan xalq musiqisinin ənənələrini istifadə etmiş və inkişaf etdirmişdir. Onun mürəkkəb formalı musiqi əsəri olan "Simfonik rənglər" əsəri həm də yeni bir simfonik forma kimi dəyərləndirilir. Azərbaycanın Xalq Artisti, tanınmış musiqişünas-alim Ramiz Zöhrabov qeyd etmişdir ki, "Simfonik rənglər" janrı Azərbaycan professional musiqi ədəbiyyatı üçün yeni janrdır. Tahir Əkbər bu əsərində muğam şöbələri arasında ifa olunan rənglərin hər birini müstəqil formada bir instrumental pyes kimi dəyərləndirmişdir. O, 6 rəngdən ibarət bu silsilədə hər bir muğama xas rəngin ayrılıqda emosianal əhval-ruhiyyəsini və ritmik xüsusiyyətlərini vurğulamış, eyni zamanda onlar arasında əlaqə yaradaraq vahid bir simfonik əsər yaratmağa çalışmışdır. Bu əsər həmçinin, bəstəkarın diplom işi olmuş, "Lenin komsomolu" mükafatına layiq görülmüşdür.[1] Nataliya Yanov-Yanovskaya bu əsərdə bəstakarın işi haqqında bunları qeyd edib: "O, muğam silsiləsindən müəyyən hissələri götürüb onu məntiqli şəkildə ardıcıllıqla əlaqələndirərək yeni forma, necə deyərlər "ikinci planlı" forma yaratmağı qarşısına məqsəd qoyur. Belə ki, Tahir Əkbər milli nümunələrdən heç də sitat kimi istifadə etmir, ancaq onların emosianal və intonasiya-ritmik xüsusiyyətlərini göstərməyə çalışır." Azərbaycandan kənarda yazılmış "Simfonik rənglər" əsəri həm də, bəstəkarın öz vətəninə, doğma ənənələrə bağlılığını nümayiş etdirir. Bəstəkar özü verdiyi bir müsahibədə vurğulamışdır ki, "Özbəkistanda oxuyanda o qədər qürbət acısı çəkmişəm ki, bu, əsərlərimə də öz təsirini göstərir".[1]
Tahir Əkbərin Bəxtiyar Vahabzadənin sözlərinə yazılmış "Amin" musiqili kompozisiyasında insanın həqiqət yolunda keçirdiyi iztirabların təcüssümü bədii-estetik cəhətdən diqqəti cəlb edir. Tahir Əkbər bu kompozisiyada ilahilərə xas olan heca vəzni bölgüsünü: 7:10 heca bölgüsünü qoruyub saxlamışdır. Bu əsərin melodiyası həmçinin, ideya cəhətdən azanın intonasiya nümunəsinə tabedir. "Amin" kompozisiyasının sonunda sözsüz bağlı bir səslə vokal partiyası səslənir və fortepiano həmin quruluşu olduğu kimi təkrarlayır. Bu əsər müğənni Brilyant Dadaşovanın ifasında Norveçdə Nobel mükafatının 100 illiyi ilə əlaqədar olaraq diskə salınmış və dünya xalqlarını sülhə çağıran bu disk Avropada yayılmışdır.[7] Solistlər, bədii qiraət, xor kapellası və böyük simfonik orkestr üçün yazılmış "Ya Rəbb" poeması isə fadiyoz ostinatosunda başlayır və həmin ostinato fonunda əsərin əvvəlində azan səslənir. Əsərin sözləri Cabir Novruza məxsusdur.[1]
Tahir Əkbərin yaradıcılığında mahnı janrı əsas yer tutur. O, Fikrət Qoca, Bəxtiyar Vahabzadə və Hüseyn Arifin sözlərinə mahnılar yazmış, bu mahnılar efir və ekranlarda daim səsləndirilərək dinləyicilərin rəğbətini qazanmışdır. Bəstəkar qürbətdə ikən mahnı yazmayıb. O, Azərbaycana qayıtdıqdan sonra mahnı yazmağa başlamış və məhz mahnılar ilə qürbətdə keçirdiyi hissləri göstərməyə çalışmışdır.[1] Mahnılarında müxtəlif mövzulara toxunan bəstəkarın bəstələdiyi onlarla mahnı, o cümlədən "Dərdin alım", "Heç küsməyin yeridirmi", "Azərbaycan", "Əzizim", "Heyfim gəldi", "Qalardım", "Bir qız bir oğlanındır", "Xəzəllərin rəqsi", "Şuşanın şikəstəsi" və başqa mahnılar bir çox tanınmış müğənni tərəfindən ifa olunub. Tahir Əkbərin bəstələdiyi mahnıların ifaçıları arasında Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Mirzə Babayev, Elmira Rəhimova var.[1] Onun mahnıları Türkiyə müğənnilərinin də ifalarında səsləndirilmiş və sevilmiş, həmin müğənnilərdən biri olan Nəşə Qaraböcək bəstəkarın "Heç küsməyin yeridirmi?" mahnısını repertuarına daxil etmişdir.[8]
Tahir Əkbərin müəllifi olduğu "Ana laylası" mahnısı Şövkət Ələkbərova tərəfindən ifa edilib, Şöhlət Əfşarın sözlərinə yazılmış və Şuşanın işğalının 20 illiyinə həsr olunmuş "Şuşanın şikəstəsi" mahnısını isə ilk dəfə Nəzakət Teymurova ifa edib. "Şuşanın şikəstəsi" həmçinin, Azərbaycanın Xalq Artisti Nurəddin Mehdixanlı tərəfindən də ifa olunmuşdur. Bəstəkarın muğam üçlüyü və simfonik orkestr üçün yazılmış "Bülbül" mahnı-romansı 1937-ci il repressiyası qurbanlarına həsr olunmuşdur. Bu əsərdə o, 2–3 janrın vəhdətini ortaya qoymuş, kamera musiqisi ilə xalq musiqisindən bəhrələnmiş müstəqil bir janr yaratmışdır. Tahir Əkbər Azərbaycan musiqisinin bir çox janrına müraciət etməklə yanaşı, rus musiqisinin intonasiyalarına da müraciət etmişdir. Belə ki, o, Aleksey Surkovun sözlərinə "U mavzoleya" adlı kantata yazmışdır. Tahir Əkbərin "Qapımı bağlı saxlama" mahnısı isə Azərbaycan və ispan musiqisinin vəhdətindən yaranmış özünəməxsus musiqi nümunəsidir. Bəstəkar bu əsərində də, öz işlərində milli ənənələrə sadiq qalmaqla birlikdə özünəməxsus dəstxətti, üslubu ilə fərqləndiyini sübut etmişdir.[1]
Bəstəkarın son illərdə yazdığı "El oğlu, hay ver", "Canım Azərbaycanım" mahnıları, xor və orkestr üçün H. Həsənoğlunun sözlərinə bəstələdiyi və Heydər Əliyevin xatirəsinə həsr etdiyi "Həmrəylik himni" onun son nailiyyətlərindəndir.[1] "El oğlu, hay ver" mahnısı Şanxayda keçirilən 8-ci Beynəlxalq Asiya müsabiqəsində 26 ölkədən finala çıxan qaliblərdən biri olmuşdur.[7] Mahnı ideya baxımından dünya azərbaycanlılarına ünvanlanır və onları həmrəyliyə çağırır. Bəstəkarın Dünya Azərbaycanlılarının 2-ci qurultayı ərəfəsində Heydər Əliyevin xatirəsinə həsr etdiyi "Həmrəylik himni" əsəri xor və simfonik orkestrin ifasında səsləndirilmişdir.[7] Onun Heydər Əliyevin 90 illiyinə həsr etdiyi "Yaşayırsan Ulu Öndər" adlı mahnısı Xatirə Rəhimbəylinin sözlərinə yazılmış, əməkdar artist Aygün Zeynalova və Azərbaycan Dövlət Televiziyası və Radiosunun "Bənövşə uşaq xoru" tərəfindən ifa olunmuşdur. Mahnıya çəkilmiş klip Azərbaycan Bəstəkarlar İttifaqında ilk dəfə olaraq "Heydar Əliyevin Azərbaycan musiqisinin inkişafında rolu" mövzusunda keçirilmiş elmi-praktik kofransda təqdim edilmişdir. Əsər konfrans iştirakçıları tərəfindən rəğbətlə qarşılanmış, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə Tahir Əkbərin bu əsərini yüksək qiymətləndirmişdir. Digər əsərlərində olduğu kimi, bəstəkar bu mahnısında da xor və solo vokal partiyasını orkestrlə birləşdirmişdir.[1]