Böyükağa Atababayev
Böyükağa Atababa oğlu Atababayev (1917-?) — azərbaycanlı rəqqas.
== Həyatı ==
Böyükağa Atababa oğlu Atababayev 1917-ci ildə Bakıda anadan olmuşdu. 1933-cü illərdə Əli Bayramov adına klubda dram dərnəyinin üzvü olmuşdur. O, 1935-ci ilin dekabr ayından Əşrəf Səfərovun yenicə yaratdığı rəqs ansamblına üzv olur. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyünün iştirakçısı idi. Onu da qeyd edim ki, Böyükağanın həyat yoldaşı Böyükxanım da 1937-ci ildən 1947-ci ilə qədər Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupunda çalışıb. Böyükağa Atababayev özü isə 1957-ci ilə kimi filarmoniyada işləmişdir. O, 1941-ci ildə İranda qastrolda olmuş, Opera teatrının kollektivilə birgə "Leyli və Məcnun", "Əsli və Kərəm", "Koroğlu" operalarında rəqs səhnələrində iştirak etmişdir. 1943-cü ildə professor Bülbülün rəhbərliyi altında Bryansk cəbhəsində olmuş, konsert briqadasının tərkibində Hacı Məmmədov, Gülxar Həsənova, Teyyub Dəmirov, Fizzə Hənifəyeva və b. ilə birgə Böyükağa Atababayev də vardı.