Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Google Assistant
Google Assistant — Google tərəfindən hazırlanmış virtual assistent. Əsasən mobil və ev avtomatlaşdırma cihazlarında mövcuddur. Süni intellektə əsaslanan Google Assistant şirkətin əvvəlki virtual assistenti Google Now-dan fərqli olaraq ikitərəfli olaraq söhbətlərdə iştirak edə bilir. Google Assistant 2016-cı ilin may ayında Google-un mesajlaşma proqramı Google Allo və onun səslə aktivləşdirilən səsucaldanı Google Nest-in bir hissəsi kimi təqdim edildi. Google Pixel smartfonlarında bir müddət eksklüziv olaraq qaldıqdan sonra 2017-ci ilin fevral ayından başlayaraq üçüncü tərəf smartfonlar və Android Wear daxil olmaqla digər Android cihazları üçün buraxıldı və 2017-ci ilin may ayında iOS əməliyyat sistemində müstəqil proqram kimi yayımlandı. 2017-ci ilin aprelində proqram təminatının tərtibatı dəstinin elanı ilə yanaşı, Assistant avtomobillər və üçüncü tərəfin ağıllı məişət texnikası da daxil olmaqla çoxlu sayda cihazları dəstəkləmək üçün daha da genişləndirildi. Proqramın funksionallığı üçüncü tərəf tərtibatçılar tərəfindən də təkmilləşdirilə bilər. İstifadəçilər "Hey Google" və 2023-cü ildəki güncəlləmədən sonra "Lucy" deməklə təbii səs vasitəsilə Google Assistant ilə qarşılıqlı əlaqədə ola bilir. Assistant suallara cavab verə, tədbirləri və zəngli saatı quraşdıra, istifadəçinin cihazındakı parametrləri tənzimləyə, istifadəçinin Google hesabından məlumatları göstərə, oyun oynaya bilər. Google həmçinin Assistantın cihazın kamerası vasitəsilə obyektləri müəyyənləşdirə və vizual məlumat toplaya biləcəyini, məhsulların satın alınması və pul göndərilməsini dəstəkləyə biləcəyini açıqladı.