Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İsmayıl Axundov (epidemioloq)
İsmayıl Əbdülxalıq oğlu Axundov (8 dekabr 1897, Şamaxı – 28 yanvar 1952, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, ilk azərbaycanlı epidemioloq görkəmli alim. İsmayıl Axundov 1897-ci il dekabrın 8-də Şamaxı şəhərində anadan olmuşdur. Kiçik yaşlarından valideynlərini itirən İsmayıl bir müddət dayısının, sonra isə qardaşının himayəsində yaşamışdır. O 1908-ci ildə Bakıda 2-ci kişi gimnaziyasına daxil olmuş və 1918-ci ildə həmin məktəbi bitirmişdir. 1919-cu ildə Bakı Dövlət Universitetinin tibb fakultəsinə daxil olan İsmayıl Axundovun istedadını nəzərə alan Azərbaycan Demokratik Respublikası 1920-ci ilin əvvəlində onu dövlət hesabına Almaniyaya – Lüdviq Maksimilyan adına Münhen Universitetinin tibb fakultəsində təhsilini davam etdirməyə göndərmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925 illər üçün məlumatında Axundovun təhsilinin bitməsinə 2 il qaldığı göstərilirdi. Görkəmli həkim-cərrah Mustafa Topçubaşov Almaniyada olarkən İsmayıl Axundovdan cərrahlıq ixtisasından epidemioloq ixtisasına keçməsini xahiş etmişdi. Bunun səbəbi Azərbaycan əhalisini əldən salan malyariya xəstəliyinə qarşı mübarizədə ixtisaslı həkim kadrlarının çatışmaması idi. 1926-cı ildə Münhen Universitetini əla qiymətlərlə bitirən İsmayıl assistent kimi həmin universitetdə saxlanılmışdır. 1927-ci ildə Hamburq şəhərində tropik xəstəliklər üzrə mütəxəssis kimi ixtisaslaşan İ.Axundovun istedadı Hamburq Tropik Xəstəliklər İnstitutunun məşhur epidemioloq alimi, professor Erik Martininin nəzərindən yayınmamış və o, İsmayıla öz yanında işləməyi təklif etmişdir.