Xaç daşları
Xaçdaş nəzəriyyəsi — memarlıq elmləri doktoru Davud Axundov və tarix elmləri doktoru Murad Axundov tərəfindən 1980-ci illərdə müxtəlif elmi və dövri ədəbiyyatda təqdim edilmiş tarix nəzəriyyəsidir. Nəzəriyyə müəllifləri Azərbaycan və Ermənistan ərazilərində yerləşən, bir çoxu Qafqaz Albaniyası və orta əsrlər xristian knyazlıqları dövrlərinə aid olan monumental stellaları "xaçdaş" adlandırır, onların üzərindəki dini simvolikanı isə xristianlıqdan əvvəlki dinlərlə - Zərdüştilik və Mitraizmlə əlaqələndirirlər.
D. A. Axundov və M. D. Axundovun 1983-cü ildə nəşr edilmiş "Qafqaz Albaniyası məbədləri və stellalarında dini simvolika və dünyanın təsviri" adlı kitabda əks olunmuş fikirlər əsasında hazırlanmış elmi məruzə, nəzəriyyə müəllifləri tərəfindən 1985-ci ildə Bakıda keçirilən Ümumittifaq Arxeologiya Konqressində səsləndirilmiş və qalmaqala səbəb olmuşdur.
Nəzəriyyə müəllifləri tədqiq etdikləri monumental xristian stellalarını dörd növə bölürlər: Xaçın xaçdaşları, Arsak Xaçdaşları, Cuğa xaçdaşları və Yenivəng xaçdaşları. Xaçdaş nəzəriyyəsinə görə, müəlliflərin müxtəlif qruplara aid etdikləri bu stellalar bədii tərtibat və dizayn baxımından bir-birindən fərqlənən qrup xüsusiyyətlərinə malikdir.
1983-cü ildə nəşr edilmiş "Qafqaz Albaniyası məbədləri və stellalarında dini simvolika və dünyanın təsviri" adlı əsərində (rus. "Культовая символика и картина мира, запечатленная на храмах и стелах Кавказской Албании) D. A. Axundov və M. D. Axundov bildirirlər ki, müxtəlif dövrlərdə Qafqaz Albaniyasının tərkibinə daxil olmuş və Alban Həvari Kilsəsinin tabeliyində olmuş ərazilərdə (müasir Azərbaycan Respublikası, Naxçıvan MR və Ermənistan Respublikasının Sünik mərzi) aşkarlanmış stellalar və məzar daşları Qafqaz Albaniyasının xristianlıqdan əvvəlki dini görüşləri (xüsusilə Zərdüştilik və Mitraizm) ilə əlaqəli olub, xristian və paqan dini baxışlarının qarışımından yaranmış dünyagörüşünü əks etdirir. Müəlliflər bu cür tarixi abidələr üçün ümumiləşdirici ad kimi "xaçdaş" (Azərbaycan dilində "xaç" və "daş" sözlərindən) termini istifadə etməyi təklif edirlər.
1985-ci ildə Bakıda keçirilən Ümumittifaq Arxeologiya Konqressində D. Axundov məruzə ilə çıxış edərək nəzəriyyəni səsləndirir və bu hadisə qalmaqala səbəb olur. Ermənistandan gələn nümayəndə heyəti konqresi tərk etməyə hazır olduğunu bəyan edir, Leninqraddan gəlmiş elm xadimləri isə Axundovun məruzəsini psevdo-elmi siyasi aksiya kimi qiymətləndirirlər.