Tüksüz biyan
Tüksüz biyan (lat. Glycyrrhiza glabra) — paxlakimilər fəsiləsinin biyan cinsindən olan çoxillik ot bitkisi.
Hündürlüyü 1,5 m-ə qədər, yoğun və dərin kökü vardır. Gövdəsi, yarpaqlarının saplaq və oxları, eləcə də çiçək qrupu qısa tüklüdür. Yarpaqları ardıcıl 9-15 yarpaqcıqlardan ibarət, mürəkkəb lələkvaridir, yarpaqcıqlar uzunsov yumurtavaridir, alt tərəfindən bir qədər parıltılı, xırda qatranlı vəziciklərin mövcudluğu səbəbindən yapışqanlıdır. Çiçəkləri xırda, açıq bənövşəyi rəngdədir. Meyvəsi qonur rəngli, yasti-uazunsov lobyavari, bir və ya bir neçə toxumludur. Kökünün rəngi sarı, iyi zəif, dadı isə şirindir. İyun-iyul aylarında çiçəkləyərək iyul-sentyabr aylarında meyvə verir.
Quba, Qusar, Xaçmaz, Füzuli, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarında, Samur-Dəvəçi, Xəzəryanı, Kür- Araz və Lənkəran ovalıqlarında, Kür və Naxçıvan düzənliklərində, Abşeronda və Qobustanda arandan dağətəyi hündürlük qurşagına kimi (dəniz səviyyəsindən 400 m-ə qədər) rast gəlinir.