Gənc Osman
II Osman və ya Gənc Osman (osman. عثمان ثالث Osman-i sani, divan ədəbiyyatındakı ləqəbi ilə Farisî; 3 noyabr 1604, Konstantinopol – 20 may 1622, Konstantinopol) — 16-cı Osmanlı sultanı və 95-ci İslam xəlifəsi.
3 noyabr 1604-cü ildə çərşənbə günü İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası Mahfiruzə Sultandır. Sultan Əhmədin dünyaya gələn ilk oğlu olması səbəbilə, şahzadəyə sülalənin banisi Osman Qazinin adı verilmiş, bu münasibətlə paytaxtda yeddi gün yeddi gecə şənliklər keçirilmişdir. Sonrakı illərdə yaşayan tarixçilər tərəfindən Gənc Osman olaraq anılmışdır. Şahzadəlik illəri haqqında yetərli məlumat yoxdur. Sultan Əhməd dövrünün tarixçilərindən Safi Mustafa Əfəndiyə görə, 8 mart 1605-ci ildə dünyaya gələn qardaşı Şahzadə Mehmedlə birlikdə böyümüş, lələ Ömər Əfəndi hər ikisinə sarayda dərs vermişdir. Bəzi mənbələrdə mükəmməl təhsil aldığı, ərəb və fars dilləriylə yanaşı, latın, yunan və italyan dillərini də bildiyi qeyd edilir. Anası Mahfiruzə Sultanın saraydan çıxarılıb Köhnə saraya göndərilməsi ilə, ögey anası Kösəm Sultanın himayəsində böyümüşdür.