Azərbaycan milli qadın bəzəkləri
== Tarixi ==
Azərbaycanda ənənəvi bəzəklər içərisində zərgərlik məmulatı mühüm yer tutur. Arxeoloji qazıntılar nəticəsində Mingəçevir, Xocalı, Qəbələ, Xınıslı, İsmayıllı, Qaratəpə və s. yerlərdən tapılan qiymətli bəzək şeyləri zərgərliyin hələ qədimdən Azərbaycan ərazisində geniş yayıldığını və əhalinin məişətində möhkəm yer tutduğunu göstərir.
3000 il bundan əvvələ aid Mingəçevirdən və Xocalıdan tapılmış tunc kəmərlər, eramızdan əvvəl IX – VIII yüzilliyə aid Urmiyə gölü ətrafındakı Həsənsu təpəsindən aşkar edilmiş qızıl cam zərgərlik sənətinin ən gözəl nümunələridir.
Zərgərlikdə müxtəlif texniki üsullardan: basma, qarasavad, döymə, minasazlıq, pardaqlama, oyma, xatəmkarlıq, həkketmə, hörmə, şəbəkə və s. istifadə edilir. Ən qədimi döymə üsuludur. Bu üsul Gəncə, Şamaxı, Lahıc, Qazax, Naxçıvan, Şuşa və s. yerlərdə daha geniş yayılmışdır.
XIX yüzillikdə zinət şeyləri ən çox qızıl və gümüşdən hazırlanırdı.