Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Tarixi-aləmarayi-Abbasi,[1][2] Tarix-i aləmara-yi Abbasi[3] (fars. تاریخ عالمآرای عباسی; azərb. Dünyanı bəzəyən Abbasın tarixi) — İsgəndər bəy Münşinin farsca yazdığı Səfəvilər xanədanlığının tarixindən bəhs edən və Səfəvi hökmdarı I Şah Abbasa ithaf olunmuş tarixi əsər.
Tarixi-aləmarayi-Abbasi | |
---|---|
fars. تاریخ عالمآرای عباسی | |
Müəllif | İskəndər bəy Münşi |
Orijinalın dili | fars dili |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan türkman tayfasından olan Səfəvi tarixçisi İsgəndər bəy Münşinin yazdığı "Dünyanı bəzəyən Abbasın tarixi"[4] Azərbaycan tarixini öyrənmək üçün qiymətli ilkin mənbədir. İsgəndər bəy Münşi Şah Abbasın sarayında xidmət etmiş və bu əsərini fars dilində yazmışdı. Dünyanın tanınmış şərqşünasları öz tədqiqatlarında bu qiymətli ilk mənbəyə dönə-dönə istinad etmişlər. "Tarixi-aləmarayi-Abbasi" əsərinin farsca mətnindən götürülmüş ayrı-ayrı hissələr hələ XIX əsrdə rus şərqşünasları B.Dorn və V.V.Velyaminov-Zernov tərəfindən dərc olunmuşlar. Mənbənin Mirzə Şərif tərəfindən tərtib olunmuş üçcildlik ilk tam nəşri 1896-cı ildə Tehranda daşbasma üsulu ilə çap olundu. Əsərin sonrakı nəşrləri hazırlanarkən bu daşbasma (litoqrafik) çapı əsas götürülmüşdür. 1955-1956-cı illərdə İran alimi İrəc Əfşarın redaktəsi ilə "Tarixi-aləmarayi-Abbasi" ikinci dəfə iki kitaba sığışdırılmış üç cild halında işıq üzü gördü. İ.Əfşar daş çapı mətnindəki bəzi boşluqları və çatışmazlıqları aradan qaldırdı. Məsələn, ilk Tehran çapında əsərin birinci cildinin II-XII məqalələri nəşr olunmamışdı. Lakin ikinci nəşr zamanı bu qüsur ortadan qaldırıldı və Tehranda saxlanan iki əlyazma nüsxəsindən götürülmüş həmin məqalələr nəşrin ikinci cildinin sonuna əlavələr kimi daxil edildilər . İ.Əfşar tərəfindən hazırlanmış bu nəşr sonradan daha iki dəfə (1350 /1971 və 1382 / 2003-cü illərdə) çap olundu. Bu nəşrin qüsurlu cəhətlərindən biri onun zəruri şərhlərlə təchiz olunmamasından ibarətdir. 1985-ci ildə iranlı tədqiqatçı Şahrudi "Tarixi-aləmarayi-Abbasi"nin daşbasma mətnini bir kitab şəklində ofset üsulu ilə təkrar nəşr etdirmişdir. 1998-ci ildə Tehranda M.İ.Rizvani tərəfindən hazırlanmış üç cilddən ibarət nəşrdə də mənbənin litoqrafik mətni əsas götürülmüşdür. Onun nəşrinin fərqli cəhəti bundan ibarətdir ki, o, İranın şəxsi kolleksiyalarında mühafizə olunan dörd əlyazma nüsxəsinin köməyi ilə daşbasma çapının mətninə bir sıra düzəlişlər etmiş və dəqiqləşdirmələr aparmışdır. Lakin tərtibçi nüsxələr arasında mövcud olan yalnız ən mühüm fərqləri göstərməklə kifayətlənmişdir və buna görə də onun hazırladığı nəşri tam mənada elmi-tənqidi nəşr hesab etmək doğru deyildir. Göründüyü kimi, "Tarixi-aləmarayi-Abbasi" əsəri dəfələrlə çap olunsa da, onun mükəmməl elmi-tənqidi mətni hələ də hazırlanmamışdır. Beynəlxalq miqyasda İ.Əfşarın nəşri mötəbər və məşhur hesab olunduğu və geniş səpkidə istifadə edildiyi üçün biz mənbənin fars dilindən Azərbaycan dilinə tərcüməsini məhz İ.Əfşarın nəşri əsasında həyata keçirmişik və həmin nəşrin çatışmazlıqlarını, boşluqlarını doldurmaq, dəqiqləşdirmə aparmaq məqsədi ilə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan nüsxələrdən istifadə etmişik. Bu nüsxələrdən götürülmüş parçalar tərcümənin mətnində kursiv şəklində verilmişdir.[4]
"Tarixi-aləmarayi-Abbasi" əsəri hələ Osmanlı baş vəziri Damad İbrahim paşanın (1718-1730-cu illərdə baş vəzir olmuşdur) göstərişi ilə Müdərris Məhəmməd Nabih Əfəndi tərəfindən Osmanlı türkcəsinə tərcümə edilmişdir. Bu tərcümənin sonu naqis olan əlyazması hal-hazırda İstanbulun Topqapı sarayı muzeyinin kitabxanasında mühafizə olunmaqdadır. Mənbənin farsca mətnindən Türkmənistan tarixinə dair iqtibaslar A.A.Romaskeviçin redaktəsi altında rus dilinə tərcümə edilmişdir. Lakin bu tərcümə olduqca sərbəst və müxtəsər şəkildə həyata keçirilmiş, şeir parçaları, təmtəraqlı ibarələr buraxılmış, hətta bəzi hallarda mənbənin məlumatları təhrif olunmuş və tərcümə zamanı müəyyən səhvlərə yol verilmişdir. Rus şərqşünası O.F.Akimuşkin İsgəndər Münşinin I Şah Təhmasib dövrünün xəttatlarına həsr etdiyi kiçikhəcmli fəsli Saltıkov-Şedrin adına kitabxanada saxlanan əlyazma əsasında rus dilinə tərcümə etmişdir. Azərbaycan tarixçisi O.Ə.Əfəndiyev "Azərbaycan Səfəvilər dövləti XVI əsrdə" adlı monoqrafiyasında İsgəndər bəy Münşinin I Şah Təhmasib dövrünün sonundakı qızılbaş əmirlərinə həsr etdiyi parçanın rus dilində tərcüməsini vermişdir. "Tarixi-aləmarayi-Abbasi" R.M.Seyvəri tərəfindən ingilis dilinə tam tərcümə olunaraq, iki cilddə nəşr edilmişdir. Əsərin Azərbaycan dilinə tərcüməsi üzrə hələ ötən əsrin 50-ci illərindən etibarən bəzi təşəbbüslər göstərilmiş, lakin bu işlər ardıcıl və intensiv xarakter daşımamış, yarımçıq qalmışdır. Oxuculara təqdim olunan bu kitab "Tarixi-aləmarayi-Abbasi"nin birinci cildinin fars dilindən Azərbaycan dilinə ilk tam tərcüməsidir. Tərcümə işi AMEA-nın baş planına daxil olmuş və bu sətirlərin müəllifləri tərəfindən A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsində yerinə yetirilmişdir. Mənbə üzərində apardığımız iş prosesində, bir tərəfdən əsərin tərcüməsinin müasir oxucu üçün daha doğma və anlaşılan tərzdə olmasına cəhd göstərilmiş, digər tərəfdən də tərcümə zamanı mənbənin özünəməxsus xüsusiyyətlərini və dəbdəbəli üslubunu qoruyub saxlamağa diqqət yetirilmişdir. Bəzi hallarda mətndəki şeir parçalarının bədii tərcüməsinə təşəbbüs göstərilmiş, bədii tərcümənin şeirin orijinal mənasına xələl gətirə biləcəyi yerlərdə isə sətri tərcüməyə üstünlük verilmişdir. Dövrün terminologiyasını qoruyub saxlamaq üçün dövlət quruluşu ilə bağlı olan istilahlar (vəzifə adları, hərbi terminlər, vergi növləri və s.) orijinalda olduğu kimi verilmiş və onların hər birinə dair şərh və izahlar təqdim olunmuşdur. Mənbənin mətnində olmayan, lakin cümlənin mənasının anlaşılması üçün gərəkli olan sözlər düzbucaqlı mötərizə [...] daxilində qeyd olunmuşdur. Mənbədə əksini tapmış, lakin tərcümə zamanı əlavə izaha ehtiyacı olan fikir və ifadələrdən sonra adi mötərizə (...) daxilində aydınlaşdırıcı məlumatlara yer verilmişdir. Hicri tarixlərinin miladi təqvimi ilə qarşılığı və tərcümə olunmuş bəzi özünəməxsus ifadələrin orijinal mətndəki yazılışının transfoneliterasiyası da adi mötərizə daxilində əks olunmuşdur. Kursivlə yazılmış parçalar Tehran çapında olmayan və tərcümə mətninə mənbənin Bakı əlyazmaları əsasında əlavə edilən hissələrdir. Yeri gəldikcə müxtəlif dillərdə olan ilkin mənbələr, müasir tədqiqat əsərləri, ensiklopediyalar və soraq-məlumat kitabları əsasında əsərin mətnində rast gəlinən bir sıra istilahlara, hadisələrə, coğrafi və şəxs adlarına dair lazımi şərhlər verilmişdir. Tərcümə mətnində sözlərin yazılışı zamanı "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin AMEA Nəsimi adına Dilçilik institutu tərəfindən hazırlanmış son nəşrindəki düzəliş və yeniliklər nəzərə alınmışdır. İlk dəfə bu cür iri həcmli və olduqca təmtəraqlı üsluba malik bir tarixi mənbə fars dilindən Azərbaycan dilinə tərcümə edildiyi üçün burada müəyyən qəliz cümlələrin və ifadələrin, həmçinin redaktə və korrektura baxımından bəzi xətaların olması mümkündür.[4]
Səfəvi saray tarixşünaslığına yeni bir nəfəs gətirən İsgəndər bəy Münşinin yaradıcılığı ondan sonra gələn bir sıra salnaməçilərə təsir göstərmiş və onun "Tarixi-aləmarayi-Abbasi" əsərinin materiallarından hələ Səfəvilər zamanında tarixi əsərlərin yazılmasında istifadə edilmişdir. Hətta klassik tarixşünaslıq ənənələrini davam etdirən XIX əsr İran tarixçisi Rzaqulu xan Hidayət özünün "Rövzətüs-səfayi Nasiri" əsərini yazarkən "Tarixi-aləmarayi-Abbasi"dən xeyli dərəcədə bəhrələnmişdir. Azərbaycan tarix elmində XIX əsrin birinci yarısından etibarən "Tarixi-aləmarayi-Abbasi" əsəri öyrənilməkdə və istifadə olunmaqdadır. A.Bakıxanov "Gülüstani-İrəm" əsərində Səfəvilərlə bağlı məqamlara toxunarkən istifadə etdiyi ən mühüm qaynaqlardan biri məhz İsgəndər bəy Münşinin bu əsəri olmuşdur. M.F.Axundov istər elmi, istərsə də bədii əsərlərində İsgəndər bəy Münşinin yaradıcılığından faydalanmışdır. O, özünün "Aldanmış kəvakib" povestini "Tarixi-aləmarayi-Abbasi"nin motivləri əsasında yazmışdır. Bundan başqa, M.F.Axundov I Şah Abbas zamanında Bağdad uğrunda gedən Səfəvi - Osmanlı mücadiləsinə həsr etdiyi məqaləsindəki faktları İsgəndər bəy Münşinin adı çəkilən əsərindən götürmüşdür. Azərbaycan tarixçisi Ə.Ə.Rəhmani İsgəndər bəy Münşinin bu əsərini ölkəmizin tarixinə dair mənbə kimi tədqiq etmiş və bu mövzuda dəyərli bir monoqrafiya nəşr etdirmişdir. Vətən tarixşünaslığının bir sıra nümayəndələri (O.Ə.Əfəndiyev, M.X.Heydərov, S.M.Onullahi, T.M.Musəvi, S.B.Aşurbəyli, M.X.Nemətova, Ə.M.Rəcəbli, Y.M.Mahmudov, Ş.F.Fərzəliyev, Ş.K.Məmmədova, Z.H.Bayramov, R.M.Məmmədova, R.Ə.Ağayev və b.), həmçinin bəzi filoloqlarımız (S.Mümtaz, H.Zərinəzadə, M.Abbaslı, Ə.Məmmədov, M.Qasımlı və b.) dönə-dönə "Tarixi-aləmarayi-Abbasi" əsərinə müraciət etmişlər. Avropa tarix elmində sözügedən mənbənin ilk tədqiqatçıları XIX əsrdə Frank von Erdman, Silvester de Sasi, B.Dorn və V.V.Velyaminov-Zernov olmuşlar. Sonradan Rus-sovet alimlərindən İ.P.Petruşevski, B.N.Zaxoder, A.A.Romaskeviç, O.F.Akimuşkin, N.D.Mikluxo-Maklay, Qərb şərqşünaslığının nümayəndələrindən E.G.Broun, Ç.A.Stori, L.L.Bellan, V.Hinz, V.F.Minorski, A.Lambton, R.M.Seyvori, H.R.Römer, K.M.Rohrborn, Ş.A.Quinn, Türkiyə tarixşünaslığında B.Kütükoğlu, F.Sümer, F.Kırzıoğlu, İran tarixçilərindən N.Fəlsəfi, Ə.Kəsrəvi, Ə.Nəvai, Ə.Vilayəti və bir çox digərləri "Tarixi-aləmarayi-Abbasi"dən geniş səpkidə istifadə etmişlər. Qətiyyətlə demək olar ki, bu əsər Səfəvi dövrünün tarixini öyrənən tədqiqatçıların ən çox istinad etdikləri mötəbər bir məxəzdir.[4]
İsgəndər bəy Səfəvi hökmdarları tarixinə həsr etdiyi öz məşhur əsərini iki variant halında hazırlamışdır. I variant hicri tarix ilə 1025-ci ildə (miladi 1616) tamamlanmış, II variant isə hicri 1038-ci ildə (miladi 1629) bitirilmişdir. Variantların birincisi həcm etibarilə çox böyük olan və 12 məqaləyə bölünən "Müqəddimə"ni və müəllif tərəfindən "Səhifə" adlanan iki cildi əhatə edir. Variantların ikincisi isə yenə "Səhifə" adlanan üç cildi əhatə edir ki, I cilddə 12 məqalə əks olunur, lakin qədim Tehran nüsxəsinə əsasən İrəc Əfşar "Tarixe-aləmaraye-Abbasi"nin I məqaləsini sonrakı 2-12-ci məqalələrdən ayırmış və həmin 11 məqalə kitabın ikinci hissəsinin 1099-1116-cı səhifələrində verilmişdir.
Birinci məqalə: Səfəvilərin Şah Abbasa qədərki nəsil şəcərəsini və ondan əvvəlki 4 səfəvi hökmdarının (I Şah İsmayıl, I Şah Təhmasib, II Şah İsmayıl və Şah Məhəmməd Xudabəndə) tarixçəsini, qalan 11 məqalə isə birinci məqalə kimi müfəssəl olmadan tam yığcam şəkildə Şah Abbasın fərdi xüsusiyyətlərini, habelə quruculuq işlərini və hərbi-siyasi fəaliyyətini əhatə edir. Həmin 11 məqalənin hamısı Şah Abbas ömrünün 38 və 39-cu illərini əhatə edən hicri 1033 (miladi 1624)-cü ildən sonra yazılmışdır. Həmin 11 məqalənin təkcə sərlövhələrinə diqqət yetirmək müəllifin Şah Abbasa olan böyük məhəbbət və ehtiramının inikası kimi diqqətəlayiqdir. İsgəndər bəy onların adlarını bir-bir belə sadalayır və onlara bir neçə səhifə ayırır.
İkinci məqalə: O həzrətin (Şah Abbasın) Allah dərgahına diqqət və hədsiz bağlılığının (esteğraq) zikridir;
Üçüncü məqalə: [O həzrətdə] təqdir səhifəsinə uyğun ilahi məhəbbət və biliyin oturuşu (esabat), habelə gördüyü işlərin gözəlliyi haqqında;
Dördüncü məqalə: [O həzrətə verilən] sahibqranlıq rütbəsinin ləyaqəti, baş verən təhlükələrin və xoş sonluqla başa çatan səadətli qranların (ulduzların nəhslik və bədbəxtliklərindən qurtulma) zikri;
Beşinci məqalə: [O həzrət tərəfindən] ədalətpərvərliyin, yolların əmniyyətinin və insanların yaşayış şəraitinin yüksəldilməsi barədə;
Altıncı məqalə: [O həzrət tərəfindən] ilahi hikmətlərdən olan sərt hökmlərin icrası haqqında;
Yeddinci məqalə: [O] həzrətin cahandarlıq tərzi (ayin) və hökmranlıq etmə qaydaları haqqında;
Səkkizinci məqalə: O həzrətə xas anlaşılmaz xasiyyəti (bitəəyyoni), dərvişanə xisləti (dərvişnehadi), xudbin olmaması (bitəkəllofi) və onda iki təzadlı xüsusiyyətin mövcudluğu haqqında;
Doqquzuncu məqalə: [O həzrətin] xidmətkarların hüquqi haqlarını qoruması və onların mülkiyyətlərinə toxunmamasının zikri;
Onuncu məqalə: [O həzrətin] xoş xisləti (şekoftetəbi), onun aləmdəki vəziyyət və ümmət təbəqələri ilə tanışlığı haqqında;
On birinci məqalə: O həzrət tərəfindən xeyriyyə təsisatları və imarətlər inşasının zikri;
On ikinci məqalə: [O həzrətin] Humayun hakimiyyəti vaxtı baş verən hadisələr, müharibələr və qələbələrin zikri."
"Tarixe-aləmaraye-Abbasi" kitabının I cildini bitirən müəllif II cildi davam etdirməyə başlayır və onun qələmi Şah Abbasın taxta cülusundan başlayaraq onun hakimiyyətinin ilk otuz ilini yazmağa yönəlir (1587-1616-cı illər). III cild isə 1629-cu ilədək davam edir. İsgəndər bəy Münşi mükəmməl savada malik şəxs olmuşdur ki, bunu onun qələmindən çıxan hər cümlə sübut edir. Siyasi hadisələr haqqında nisbətən asan və hamının başa düşəcəyi bir dillə yazmışdır, qalan məsələlər isə (elmi, iqtisadi, dini-ideoloji, diplomatik və s.) olduqca qəliz söz, cümlə və ibarələrlə ifadə olunmuşdur. Kitabı oxuyarkən səfəvi sarayının görkəmli münşisi olan İsgəndər bəy həm də şeri, musiqini, yaşadığı dövrün rəvacda olan elmlərini mükəmməl bilən bir sima kimi nəzəri cəlb edir.[5]
İsgəndər bəy Münşi öz əsərini yazarkən əsas etibarilə dörd növ məlumat mənbəyindən yararlanmışdır:
Əsərinin birinci cildində o, bir sıra yazılı mənbələrdən istifadə etmişdir. O, öz mənbələri sırasında XIV əsr müəlliflərindən İbn Bəzzazın "Səfvətüs-səfa", Həmdulla Qəzvininin "Nüzhətül-qülub". XV əsr müəlliflərindən Əbdürrəhman Caminin "Nəfəhatül-üns", Əbu-Bəkr Tehraninin "Kitabi-Diyarbəkriyyə", Seyid Zəhirəddin Mərəşinin "Tarixi-Təbəristan u Ruyan u Mazandaran", Mirxondun "Rövzətüs-səfa", XVI əsr müəlliflərindən İbrahim Əmininin "Fütuhati-şahi", Qiyasəddin Xandəmirin "Xülasətül-əxbar" və "Həbibüs-siyər", Mir Yəhya Qəzvininin "Lübbüt-təvarix", Qazı Əhməd Qəffarinin "Tarixi-cahanara", Həsən bəy Rumlunun "Əhsənüt-təvarix", Əllami Əbülfəzlin "Əkbərnamə" kimi əsərlərinin adlarını çəkir. O, istifadə etdiyi salnamələrdən məlumatları götürməklə kifayətlənməmiş, bir sıra hallarda onları təhlil və müqayisə etmiş, tənqidi münasibət bildirmişdir. Lakin təbiidir ki, İsgəndər bəy Münşi kimi öz dövrünün ziyalı və qabaqcıl bir şəxsiyyətinin mütaliə etdiyi və bəhrələndiyi əsərlərin adlarını bu siyahı ilə məhdudlaşdırmaq olmaz. Bunlarla yanaşı, o, bir sıra digər tarixi, ədəbi, dini-fəlsəfi və s. mövzularda yazılmış kitablarla, zəmanəsinin müxtəlif yönlü elmi ədəbiyyatı ilə tanış olmuş və bu tanışlıq onun yaradıcılığına buvə ya digər dərəcədə təsirini göstərmişdi. I Şah Təhmasibin vəfatı ərəfəsindəki və ondan sonrakı hadisələri şərh edərkən artıq İsgəndər bəy Münşi hadisələrin müasiri, bir çox hallarda isə şahidi və ya iştirakçısı kimi çıxış edir. Dövlət dəftərxanasında işlədiyi üçün rəsmi sənədlərlə tanışlıq imkanı olan müəllif öz əsərini bir çox dövlət sənədlərinin və diplomatik yazışmaların mətnləri və faktları ilə zənginləşdirmişdir. Bundan əlavə. o, öz əsərinə müxtəlif tarixi şəxsiyyətlərdən və dövlət adamlarından eşitdiyi əhvalatları və təfərrüatları daxil etmişdir.[4]
İsgəndər bəy Münşi, demək olar ki, Azərbaycanın hər yerini gəzib-dolaşmış, Təbrizdə, Ərdəbildə, Naxçıvanda, Əhərdə, Xoyda, Makuda, Gəncədə, Ordubadda, Şamaxıda, Bakıda və s. şəhərlərdə olmuşdur. O, öz əsərində bir Azərbaycanlı kimi vətəninin tarixinə xüsusi diqqət yetirmişdir. Azərbaycan XVI əsrdə Səfəvilər dövlətinin istinadgahı və mərkəzi idi. Məhz bu səbəbdəndir ki, İsgəndər bəy Münşi I Şah İsmayılın "Azərbaycanın səltənət və padşahlıq taxtı" uğrunda mübarizə apardığını qeyd edir, Azərbaycan məmləkətini bütün Səfəvilər dövlətinin "əsası və qoşun mənbəyi" adlandırır. Səfəvilər dövlətinin qurulmasında və inkişafında türk qızılbaş tayfalarının müstəsna fəaliyyəti danılmazdır.[mənbə göstərin]
"Tarixi-aləmarayi-Abbasi" üzərində apardığımız hesablamalara əsasən deyə bilərik ki, mənbənin mətnində Azərbaycan Səfəvilər dövlətinin yaranmasından I Şah Abbasın hakimiyyətə gəlişinə qədərki dövrədək, yəni 1501-1587-ci illərin hadisələrindən bəhs edilərkən dövlətin idarə olunmasında fəal iştirak etmiş 300-dən artıq türk qızılbaş əmirinin adı çəkilir. Bu statistik hesablama Səfəvilər dövlətinin mərkəzi rəhbərliyində və bu dövlətə daxil olan əyalətlərin idarəçiliyində Azərbaycan tayfalarının oynadıqları mühüm rolun bariz göstəricisidir. Hətta I Şah Abbasın islahatlarından sonra da Azərbaycan Səfəvi imperiyasının ən mühüm vilayətlərindən biri olaraq qalmış, qızılbaş tayfaları isə dövlətin süqutuna qədər əhəmiyyətli qüvvə hesab olunmuşlar. İsgəndər bəy Münşinin Azərbaycanın hərbi-siyasi tarixi, ictimai-iqtisadi vəziyyəti və mədəniyyət həyatı haqqında verdiyi bilgilər olduqca önəmlidir. Mənbənin oxuculara təqdim olunan birinci cildində Səfəvilərin Azərbaycan torpaqlarını birləşdirmək uğrunda mübarizəsi, Azərbaycan Səfəvilər dövlətinin qurulması, XVI yüzillikdə Azərbaycan uğrunda Səfəvi - Osmanlı savaşları, Şirvan və Şəkinin Azərbaycan Səfəvilər dövlətinə birləşdirilməsi, ölkənin daxili ictimai-siyasi vəziyyəti, inzibati idarəçilik sistemi, əhalidən yığılan vergilər, torpaq mülkiyyəti formaları, şəhər həyatı, sosial-iqtisadi münasibətlər və s. haqqında maraqlı və dolğun məlumatlar mövcuddur. Məlumdur ki, orta əsr şərq tarixçiləri hadisələri təsvir edərkən, arabir məşhur şairlərin əsərlərindən parçalar iqtibas gətirirdilər. İsgəndər bəy Münşi də bu qaydaya riayət edərək. bir çox şairlərin yaradıcılığından nümunələr verir. O, xüsusən də dahi Azərbaycan şairi Nizami Gəncəviyə olan vurğunluğunu gizlətmir və bir sıra hallarda öz fikrini qüvvətləndirmək üçün onun hikmətli beytlərinə müraciət edir. İsgəndər bəy Münşi bir azərbaycanlı kimi öz ana dilində olan şeirlərdən də örnəklər təqdim etmişdir. Onun Şah İsmayıl Xətainin, Müseyib xan Təkəlünün, Şahqulu bəy Rumlunun türkdilli poeziyası haqqında verdiyi yığcam, lakin dəyərli məlumatlar böyük maraq doğurur. İsgəndər bəy Münşi görkəmli Azərbaycan alimi, şairi və rəssamı Sadıq bəy Əfşarın həyat və yaradıcılığına xüsusi diqqət yetirir. Mənbədə bir sıra azərbaycanlı elm və mədəniyyət xadimləri, həkimlər, xəttatlar və musiqişünaslar haqqında məlumat verilir. Tam əminliklə demək olar ki, klassik tarixşünaslığımızın layiqli təmsilçisi olan İsgəndər bəy Münşinin "Tarixi-aləmarayi-Abbasi" əsəri nəinki Azərbaycanın, həm də İranın, Türkiyənin, Gürcüstanın, İraqın, Əfqanıstanın, Türkmənistanın, Özbəkistanın, Hindistanın və s. şərq ölkələrinin və xalqlarının tarixini öyrənmək baxımından danılmaz əhəmiyyət kəsb edir.[4]