Bəzmi Qadınəfəndi və ya Bəzmiara Qadınəfəndi (1834, Çərkəzistan – 25 yanvar 1909, İstanbul) — 31-ci Osmanlı sultanı Sultan Əbdülməcidin xanımlarından biri.[1][2][3]
Bəzmi Qadınəfəndi | |
---|---|
osman. بزمِ آرا خانم | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1834 |
Doğum yeri | |
Vəfat tarixi | 25 yanvar 1909 |
Vəfat yeri | |
Fəaliyyəti | əsilzadə |
Həyat yoldaşları |
Sultan Əbdülməcid (1849-1859) Tofiq Paşa (1859-1862) Uzun Əhməd bəy |
Uşaqları |
Mukbilə Sultan Əminə Cavidan xanım |
Ailəsi | Osmanlı xanədanı |
Əslən çərkəz olan Bəzmi xanım Misir hakimi Kavalalı Mehmed Əli Paşanın oğlu İsmayıl Kamil Paşanın övladlıq aldığı qız uşaqlarından biri idi. Üstəlik, İsmayıl Kamil Paşa sədrəzəm Xəlil Həmid Paşanın nəvəsi Fatma Zəhra xanımla evli idi və bu səbəblə, uşaqlıq illərində mükəmməl saray təlim-tərbiyəsi almışdır. İsmayıl Kamil Paşanın vəfatından sonra 1822-ci ildə analığı Fatma Zəhra xanımla birlikdə İstanbula dönən Bəzmi xanım qısa zamanda gözəlliyi ilə paytaxtda məşhurlaşdı. Sultan Əbdülməcid Fatma Zəhra xanımı ziyarəti əsnasında gördüyü Bəzmi xanımı nigahına almaq istəsə də, onun bu təklifi ilk başda geri çevrildi. Ancaq çox keçmədən cütlük 1849-cu ildə nigahlandı və Bəzmi xanım altıncı qadınəfəndi ünvanı alaraq Sultan Əbdülməcidin Çırağan sarayındakı hərəminə daxil oldu.
22 fevral 1850-ci ildə ilk övladı Mukbilə Sultanı dünyaya gətirən Bəzmi Qadınəfəndi bu övladını bir neçə ay sonra körpə yaşlarında itirdi. Misir saraylarındakı sərbəst həyat tərzinə uyğunlaşan Bəzi Qadınəfəndi hərəmdəki qapalı həyata uyğunlaşa bilmədi. Sultan Əbdülməcidin digər xanımlarıyla münasibətləri pis idi və bu səbəblə qısa zaman sonra gözdən düşdü. Nəticədə 2 iyun 1859-cu ildə Sultan Əbdülməcid bu xanımı boşadı. Saray ənənəsinə görə, bir daha evlənməsi qadağan olan Bəzmi xanım qısa zaman sonra rəssam Tofiq Paşayla nigahlandı və bu nigahından Əminə Cavidan xanım adlı bir qızı dünyaya gəldi. Mülayim xarakterli Sultan Əbdülməcid buna göz yumsa da, onun vəfatının ardından 1861-ci ildə taxta çıxan qardaşı Sultan Əbdüləziz buna göz yummadı və cütlüyü Bursaya sürgün etdi.
Sürgündən xilas olmağın yolunu Bəzmi xanımdan boşanmaqda görən Tofiq Paşa qısa zaman sonra xanımını boşadı və İstanbula qayıtdı. Ancaq çox keçmədən 1866-cı ildə burada vəfat etdi. Bəzmi xanım isə Bursa Evkaf müdürü Uzun Əhməd bəylə nigahlanaraq İstanbula döndü. Ancaq ögey anasından qalan bütün mirasını xərcləyən Bəzmi xanım öncəki dəbədəbli həyatını yaşaya bilmədi və 25 yanvar 1909-cu ildə olduqca ağır şərtlərdə İstanbulda vəfat etdi.