Dürrünəv Qadınəfəndi
Dürrünəv Qadınəfəndi (15 mart 1835, Batomi – 4 dekabr 1895, Feriye sarayı, Konstantinopol) — 32-ci Osmanlı sultanı Əbdüləzizin ilk xanımı.
== Həyatı ==
Dürrünəv xanım 1835-ci ildə Batumidə əslən abxaz olan Mahmud bəy və Həlimə xanımın ailəsində dünyaya gəldi. Əsl adı Mələk olub, özündən başqa Ayşə və Aliyə adlı 2 bacısı da var idi. Gələcəkdə oğlu Yusif İzzəddin Əfəndini bacısı Ayşə xanımın qızı Cavidanla evləndirəcək, digər bacısı Aliyənin qızı Əminəni isə illər sonra saraya alaraq Şahzadə Mehmedlə (V Muradla) evləndirəcəkdi.
3 yaşlı Mələk və kiçik bacısı Ayşə İstanbula gətirildi və ailəsi tərəfindən Osmanlı sarayına təslim edildilər. Uzun sarı saçları və iri gözləri ilə sarayda çox tez sevilən Mələk bacısıyla birlikdə, Sultan Əbdülməcidin övladı olmayan xanımı Sərvətsəza xanım tərəfindən övladlığa götürüldü. Mələyin adı Dürrünəv, bacısı Ayşənin adı isə Kəmalifər olaraq dəyişdirildi. Sarayda türk-İslam tərbiyəsi alan bacılar eyni zamanda fransız dilini də öyrəndilər. Mükəmməl təhsil alan Dürrünəv xanım gənc yaşlarından rəsm çəkməyə başladı.
Çox keçmədən dövrün vəliəhdi Şahzadə Əbdüləzizin diqqətini cəlb etdi.