is. [
ər. ]
1. Müəyyən bir fənni öyrənmək üçün daimi, müntəzəm təlim.
Edirəm kəsbi-elm leylü nəhar; Gündüzüm dərsdir, gecəm təkrar. S.Ə.Şirvani.
// Tədris işi, məktəbdə məşğələ. Dərslər saat 9-da başlanır. – Payız fəsli daxil oldu.
Dərslər başlandı. C.Məmmədquluzadə.
[Nigar] hər gün dərsə gedir, iclasları da buraxmayırdı. S.Hüseyn.
// Ayrıca bir fənnə həsr olunmuş vaxt, saat. Üçüncü dərs ilə dördüncü dərs arasında böyük tənəffüs.
– Aşağı siniflərdə birinci dərslərim pis keçmədi. A.Şaiq.
2. Gələn məşğələyə hazırlaşmaq, oxuyub öyrənmək üçün müəllimin şagirdə verdiyi tapşırıq, iş. Dərsini hazırlamaq (öyrənmək). Dərslərini yaxşı bilmək.
// Məktəbdə keçilən fənnin hər biri. Musiqi dərsi. Riyaziyyat dərsi.
– Ədəbiyyat dərsi … maraqlı idi, elə bil hamı dadlı həyatın şeri ilə nəfəs alırdı. M.Hüseyn.
Reyhan bütün dərslərindən; Hər bir zaman beş alırdı. M.Dilbazi.
// Oxuma, təhsil alma.
…Aqil də yır-yığış edib şəhərə, dərsə gəlməyə hazırlaşırdı. Mir Cəlal.
□ Dərs oxumaq – təhsil almaq.
[Fərman] məktəbdə dərs oxuyur, kənd klubunda kino tamaşalarına baxır, rayon mərkəzindən və Bakıdan gələn artistləri dinləyirdi. Ə.Sadıq.
// Təhsil, elm, bilik, savad. Onun dərsi azdır.
– …Mən ləqəb sözünü bildirə kimi bilməzdim, çünki dərsim o qədər yoxdu. C.Məmmədquluzadə.
3. məc. Nəsihət, təlqin, öyrətmə. Dərsini yaxşı veriblər.
// İbrət, gələcək üçün nəticə çıxarıla biləcək bir şey, hadisə.
İnsan üçün böyük dərslərin biri də tarixdir. C.Məmmədquluzadə.
□ Dərs almaq – ibrət götürmək, öyrənmək. Yaxşı yoldaşdan dərs almaq.
– Gah batan, gah çıxan qış günəşindən; Dərs alıb dayanma gendə, ey ilham. M.Müşfiq.
Dərs olmaq – ibrət olmaq.
Qoyun örnək olsun qalanlarına; Dərs olsun bu, qoca-cavanlarına. H.K.Sanılı.
4. məc. Tənbeh, cəza.
□ Dərs(ini) vermək – tənbeh etmək, cəzalandırmaq. [Orxan:] Yavər belə qələt eləyə bilməz.
Yoxsa, Səfa o dəqiqə dərsini verərdi onun. İ.Məlikzadə.