Emir Teymur
Teymur (çağatay. تیمور; 9 aprel 1336[…] və ya 8 aprel 1336, Şəhrisəbz, Cığatay xanlığı – 19 fevral 1405 və ya 18 fevral 1405, Otrar, Teymurilər dövləti) — türk sərkərdə, Mərkəzi, Qərbi və Şərqi Asiyanın, habelə Qafqazın, Rusun və Volqaətrafı bölgələrin tarixində böyük rol oynamış şəxsiyyət, Teymurilər dövlətinin banisi. 1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur.
== Adı və şəxsiyyəti ==
=== Teymurun adı ===
Ərəb ad qoymasına əsasən Teymurun tam adı Teymur ibn Tarağay Barlas (Tīmūr ibn Taraġay Barlas — Barlaslı Tarağayın oğlu Teymur) olub. Çağatay və monqol dilində Temür və ya Temir sözləri "dəmir" mənasını verir. Orta əsr rus mənbələrində Teymurun adı "Topal Teymur" kimi də qeyd olunub.
Çingizlilər sülaləsindən olmadığı üçün Teymur formal olaraq böyük xan titulu daşıya bilməzdi. Elə buna görə də o, özünə əmir (tayfa başçısı) titulunu götürür. 1370-ci ildə Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur özünə Gürkan (fars. Timūr Gurkānī, تيموﺭ گوركانی) titulunu götürür.