Rodosun fəthi (1248–1250)
Rodosun fəthi və ya Rodosun genuyalılar tərəfindən işğalı — 1248–1250-ci illərdə Rodos şəhərinin və eyniadlı adanın Genuya Respublikasının nəzarətində olduğu dövr. Səlibçilərə dəstək olmaq üçün Misirə yola çıxan genuyalılar Nikeya imperiyasından asılı olan şəhər və adanı 1248-ci ildə gözlənilməz bir hücum nəticəsində fəth edir. Buna baxmayaraq, nikeyalılar adaya ekspedisiya qüvvəsi göndərir və genuyalıları mühasirəyə alır. Bu müddətdə Axeya knyazlığından dəstək alan genuyalılar 1250-ci ildə təslim olur və adanı tərk edir.
== Zəmin ==
XIII əsrin əvvəllərində, ehtimal ki, Konstantinopolun 1204-cü ildə Dördüncü Səlib yürüşü zamanı səlibçilər tərəfindən ələ keçirilməsindən əvvəl Rodos və yaxınlıqdakı adalar mərkəzi Bizans hakimiyyəti nəzarətindən çıxmış, sezar Lev Qavalasın hökmranlığı altında olmuşdu. Qavalas bəzi illərdə Bizans yunan dövlətinin əsas davamçısı olan Nikeya imperiyasının ağalığını qəbul etmişdi, lakin Rodos praktik baxımdan müstəqil şəkildə idarə olunurdu.
Lev Nikeyanın təsirini tarazlaşdırmaq və mövqeyini möhkəmləndirmək məqsədi ilə 1234-cü ildə, sonradan isə 1236-cı ildə Venesiya Respublikası ilə müqavilələr bağlayır. Buna baxmayaraq, Levin 1240-cı illərdə vəfat etməsi ilə onun taxta gələn qardaşı İoann Qavalas nisbətən daha zəif bir vəziyyətdə olduğu üçün qısa müddət ərzində Nikeya imperatoru III Duka İoann Vatasın hökmranlığını tanıyır. Bunun müqabilində o, yüksək dərəcəli sevast və meqaduka titullarını almış və bir imperator qohumu ilə, çox güman ki, Vatasın bacılarından biri ilə evlənmişdir.
Eyni zamanda, Dördüncü Səlib yürüşü zamanı əldə edilən qənimətlərdən məhrum qalan və ticari təsir məsələsində Konstantinopol şəhərində Venesiya tərəfindən məğlub edilən Genuya Respublikası Şərqdə dayaq yerləri əldə etməyə can atırdı.