Gilənar
Adi albalı və ya gilənar (lat. Prunus cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Qərbi Avropada, Şimali Amerikada, Cənubi Asiyada, Qafqazda təbii halda yayılmışdır.
== Botaniki təsviri ==
Hündürlüyü 10 m-ə çatan, gövdəsinin qabığı qonur, qışda yarpaqlarını tökən, sallaq çətirli ağacdır. Yarpaqları növbəli yerləşir, sadə, saplaqlı, uzunluğu 7-12 sm, eni 3-5 sm-dir. Yarpaq ayası ellipsvari və ya yumurtavari, kənarları dişli, üst səthi tünd-yaşıl, alt səthi açıq-yaşıl, hər iki üzü çılpaq və ya tüklü, ucu bizdir. Çiçəklər ağdır, 2-4 ədəd olmaqla çətir çiçək qrupuna yığılmışdır, aprel-may aylarında çiçəkləyir, meyvəsi açıq və ya tünd-qırmızı rəngli çəyirdəkmeyvədir, çəyirdək lətdən asanlıqla ayrılır, iyulda yetişir.
== Ekologiyası ==
Rütubətli, çimli torpaqlarda, qida elementləri zəngin olan sahələrdə, çay ətrafı ərazilərdə, işıqlı yerlərdə bitir. Şaxtaya davamlıdır.
== Azərbaycanda yayılması ==
Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz ovalığı, Talış və Naxçıvan MR-da təbii halda, Abşeronda isə həyatyanı sahələrdə rast gəlinir.