Məhəmməd ibn Hinduşah Naxçıvani
Hinduşah Naxçıvani (tam adı: Fəxrəddin Hinduşah ibn Səncər ibn Abdullah Naxçıvani; 1245, Xarabagilan, Ordubad rayonu – 1328) — mənşəcə Azərbaycan türklərindən olan tarixçi, dilçi alim, filosof, ədib, mütərcim, şair, katib, dövlət xadimi.
Alim Elxanilər dövründə mühüm vəzifələrdə çalışmış, ərəb, türk və fars dillərini mükəmməl bilmiş, şeirlər yazmış, fars dilində nəsrin ən yaxşı nümunələrini yaratmışdır. Onun fars dilində yazdığı "Təcarüb əs-sələf" ("Sələflərin təcrübələri") əsəri Azərbaycanın və bəzi Yaxın Şərq ölkələrinin ictimai-siyasi tarixinə həsr olunmuşdur. Alimin yazdığı "Sihah əl-Əcəm" ("Əcəmin etibarlısı", "mötəbəri") əsərində 4000 sözü əhatə edən farsca-türkcə (azərbaycanca), fars dilinin Azərbaycan (türk) və ərəb dillərində izah olunan ilk qrammatikası verilmişdir. Məhəmməd ibn Hinduşah Naxçıvani "Dəstur əl-katib fi təyin əl-məratib" ("Dərəcələrin təyinində katibin göstərişləri") əsərinin müəllifidir.
Görkəmli alim, ictimai-siyasi xadim və tərcüməçi Fəxr əd-Din Hinduşah ibn Səncər ibn Abdullah Naxçıvani XIII əsrin sonlarında (vəf. 1328) Gilan (indiki Xaraba Gilan) şəhərində sayılıb-seçilən ailələrin birində doğulmuşdur. Bu ailə Azərbaycana bir çox görkəmli şəxslər vermişdir ki, onlar da özlərinin Naxçıvandan çıxdıqlarını bildirməkdən ötrü "Naxçıvani " adını daşımışlar.
Hinduşah təhsilini Bağdaddakı ən məşhur mədrəsələrdən sayılan "Müstənsəriyyə"də almışdır. O, burada ilahiyyatı, riyaziyyatı, təbabəti, astronomiyanı və orta əsrlərdə mədrəsələrin dərs proqramlarına daxil olan digər elmləri öyrənir, fars və ərəb dillərinə dərindən bələd olur.