Hobbit
Hobbit və ya Oraya və Geriyə (ing. The Hobbit, or There and Back Again) - ingilis yazıçısı Con Tolkin tərəfindən fentezi janrında yazılmış povestdir və 1937-ci ildə nəşr olunmuşdur. Faktiki olaraq, “Üzüklərin hökmdarı” romanı bu kitabın ardıdır.
== Yaranma tarixi ==
Bir çox digər məşhur nağıl əsərləri kimi, "Hobbiti" də Con Tolkin uşaqları kiçik olanda onlar üçün qoşurdu. Yeni nağılı onların o qədər xoşuna gəlmişdi ki, o hətta öz uşaqları ilə bir yerdə öz uydurduqları dünyanın şəkillərini, xəritəsini də çəkirdi. Lakin, hekayə yarımçıq qaldı və Tolkin sadəcə əlyazmasının bir nüsxəsini çap etmişdi. Həmin nüsxəni o, hərdən dostlarına oxuması üçün verirdi. Tolkinin tələbələrindən biri bir gün "Allen & Unwin" nəşriyyat evinin redaktoru Süzanna Daqnellə söhbət edərkən, kitabın möhtəşəmliyindən ona danışır. Süzen öz növbəsində kitabı oxuyur və müəllifə məktubla müraciət edir ki, o, əsərin süjetini yekunlaşdırsın. Lakin, nəşriyyat evinin direktoru Stenli Anuin kitabın uğur qazanacağına o qədər də əmin deyildi.