Vətəndaş Həmrəyliyi Partiyası
Vətəndaş Həmrəyliyi Partiyası və ya qısaca VHP — Azərbaycanda 26 sentyabr 1992-ci ildə istiqlalçı millət vəkili, xalq hərəkatının liderlərindən olan Sabir Rüstəmxanlının başçılığı ilə qurulmuş, Ədliyyə Nazirliyi tərəfindən 3 noyabr 1992-ci ildə qeydiyyata alınmış siyasi partiya.
== Tarixi ==
VHP-nin əsas məqsədi Azərbaycan Respublikasında müstəqil, demokratik, dünyəvi, hüquqi dövlətin qorunması, azad vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi məqsədi ilə ətrafında milli, irqi, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq, bütün təbəqələrdən olan Azərbaycan Respublikası vətəndaşlarını birləşdirməkdir.
Azərbaycan Respublikasının Milli Məclisində 3 millət vəkili ilə Yeni Azərbaycan Partiyasından sonra millət vəkili sayına görə 2-ci partiyadır.
Partiyanı Azərbaycan Milli Məclisi VII çağırışında 3 millət vəkili — Fəzail İbrahimli, Rafael Hüseynov və Tənzilə Rüstəmxanlı təmsil edir. Rafael Hüseynov həmçinin Milli Məclisin sədr müavinidir.
Partiyanın 15 dekabr 2006-cı il tarixindən etibarən Mərkəzi Seçki Komissiyasındakı nümayəndəsi Almas Qəhrəmanlıdır.
Partiyanın mətbu orqanı "Vətəndaş Həmrəyliyi" qəzeti, "Bakı Təbriz" jurnalı və "www.vhp.az" internet saytıdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Vətəndaş Həmrəyliyi Partiyasının üzvlərinin 61%-i kişi, 39%-i isə qadın olmuşdur.
=== Qurucu üzvlər ===
== İdeologiya ==
Vətəndaş Həmrəyliyi Partiyasının əsas ideyası həmrəylikdir. Partiya "həmrəylik" ifadəsini azadlıq, bərabərlik məqsədlərinə çatmaq, bu dəyərləri gerçək məzmunla doldurmaq üçün insanların birgə fəaliyyəti, bütün bölgə və təbəqələrin milli məqsədlər uğrunda birləşməsi, zəiflərə himayə və qarşılıqlı yardım olaraq izah edir.