İosif Broz Tito
İosip Broz Tito (serb-xorv. Јосип Броз, Josip Broz; Tito soyadı ilə əlaqəli partiya təxəllüsü; Sovet sənədlərində İosip Frantsoviç Brozoviç adı ilə qeyd edilmişdir; 7 may 1892[…], Kumrovets[d], Xorvatiya və Slavoniya krallığı[d], Avstriya-Macarıstan – 4 may 1980[…], Lyüblyana, Sloveniya Sosialist Respublikası[d], Yuqoslaviya SFR) — Yuqoslaviya inqilabçısı, siyasi, dövlət, hərbi və partiya xadimi, 1945-ci ildən 1980-ci ilə — ölümünə qədər Yuqoslaviyanın lideri. 1937-ci ilin dekabrından Yuqoslaviya Kommunist Partiyasına rəhbərlik etmişdir. 1966-cı ildən Yuqoslaviya Kommunistlər İttifaqqının sədri olmuşdur.
II Dünya Müharibəsi zamanı Tito işğal altındakı Avropada ən təsirli müqavimət hərəkatı adlandırılan Yuqoslaviya partizanlarının lideri idi. Prezidentliyinin avtoritar olaraq tənqid olunmasına və siyasi rəqiblərin repressiyalarına səbəb olmasına baxmayaraq, bəzi tarixçilər onu səxavətli diktator hesab edirlər. Həm Yuqoslaviyada, həm də xaricdə məşhur bir şəxsiyyət idi. Onun birləşdirici simvol sayılan daxili siyasəti, Yuqoslaviya Federasiyası xalqlarının dinc yanaşı yaşamasını təmin edirdi. Qoşulmama Hərəkatının əsas lideri olaraq dünyanın diqqətini özünə çəkirdi və bu sahədə Hindistanda Cəvahirləl Nehru, Misirdə Camal Əbdül Nasir, İndoneziyada Sukarno və başqaları ilə əməkdaşlıq edirdi.
1980-ci ildə Titonun ölümündən sonra Yuqoslaviya respublikaları arasında münaqişə ocaqları yaranmağa başladı.