1. Qızmaq, hərarəti artmaq. Gün çıxdı, hava isindi.
– Axır o ola bilər ki, dəmir isinər, isinər, axırda yavaş-yavaş başlar qızarmağa.
Birdən [Cavadın] keçə çəkməli ayağı isindi. O, ayağına baxdı. Yaralanmışdı.
Qış çıxır və havalar yavaş-yavaş isinməyə başlayırdı.
2. Qızınmaq, istilənmək. Sobanın qabağında isinmək.
– Keçək, bir az içəridə isinək.
O, əvvəl çay qoydu, isinsin deyə; Sonra da baxaraq bir az güzgüyə; Seyrək saçlarını daradı yana.
3. məc. Nəvaziş görmək, oxşanmaq.
…[Firiduna] elə gəlirdi ki, qadın nəvaziş və məhəbbəti ilə isinməyən bir qəlb səadətdən məhrumdur.
Ana qucağında isinərkən, mehriban əllərlə oxşanarkən … heç bir şey sənin üçün qorxulu deyil.
Qüvvətimiz, ümidimiz, arzularımız bu məhəbbətlə isinmişdir – bu məhəbbət analarımızın ilk öpüşündən ürəyimizə axmışdır.
4. məc. İsinişmək.
Əvvəlləri [Arazgil] doktor Şamilə bir o qədər isinə bilmirdi.
Polkovnik bizə tez isinmişdi.
Axşamdan bəri [müəllimlə] xeyli söhbət etmiş və iki köhnə dost kimi bir-birimizə isinmişdik.