Segah İslam
İslam Əbdül oğlu Abdullayev və ya Segah İslam (dekabr 1876, Şuşa – 22 sentyabr 1964, Bakı) — Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndələrindən biri, Azərbaycan SSR əməkdar artisti (1949).
Abdullayev İslam Əbdül oğlu 1876-cı ilin dekabr ayında Şuşa şəhərində anadan olmuş, Şuşa şəhər məktəbində təhsil almışdır. Azərbaycanın musiqi tarixində İslam Abdullayev "Segah" muğamının təkrarsız ifaçısı kimi tanınmışdır.
1883-cü ildə Şuşada "Xanəndələr məclisi" yaratmış musiqişünas alim Mir Möhsün Nəvvab İ. Abdullayevi bu məclisə dəvət edir. Beləliklə, o, Mir Möhsün Nəvvab, Hacı Hüsü, Məşədi İsi, Mirzə Muxtar Məmmədov, Dəli İsmayıl, Keştazlı Həşim kimi sənətkarlardan dərs almış, Sadıqcanın müşayiəti ilə ifalar etmişdir. İslam Abdullayevin ilk "Segah" ifası Sadıqcanın oğlunun toyunda olmuş, həmin ifadan sonra şöhrəti yayılmışdır. 1901–1905-ci illərdə tarzən Qurban Pirimovla birlikdə Qarabağ və Gəncə məclislərində çıxış etmişdir.
Xanəndə uzun illər Azərbaycan Dövlət Estradasının solisti olur.
"Segah" muğamını və onun bütün variantlarını – "Zabul-Segah", "Mirzə Hüseyn segahı", "Orta Segah"," Xaric Segah" muğamlarını xüsusi bir şövq və məharətlə oxuduğuna görə xalq tərəfindən "Segah İslam" adlandırılmışdır. 1910–1915-ci illərdə "Sport-Rekord" və "Ekstrafon" səsyazma şirkətləri tərəfindən "Segah", "Bayatı-Qacar", "Şahnaz", "Şüştər" muğamları və bir sıra təsniflər İslam Abdullayevin ifasında qramofon vallarına yazılmışdır.