Aleksandr Karelin
Aleksandr Aleksandroviç Karelin (rus. Алекса́ндр Алекса́ндрович Каре́лин; d. 19 sentyabr 1967, Novosibirsk, SSRİ) — bütün zamanların ən böyük klassik (Yunan-Roma güləşi) güləşçisi hesab olunan keçmiş sovet və rus idmançısı, dövlət və siyasi xadimi, beş çağırış Rusiya Federasiyası Dövlət Dumasının millət vəkili. Vahid Rusiya siyasi partiyasının Ali Şurasının üzvü. SSRİ-nin əməkdar idman ustası (1988), Rusiya Federasiyasının Qəhrəmanı (1996).
Qibtə olunası idman həyatı olan, klassik güləşin əfsanəsi Aleksandrın zəngin titul siyahısına nəzər salaq: 3 dəfə Yay Olimpiya Oyunlarının qalibi (1988, 1992, 1996, çəkisi 130 kq-a qədər), 9 qat dünya çempionu (1989-1991, 1993-1995, 1997-1999), 12 qat Avropa çempionu (1987-1991, 1993- 1996, 1998-2000), Sidneydə keçirilən 2000 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, 1988-ci ilin gənclər arasında dünya çempionu; ölkə daxili yarışların - güləş üzrə SSRİ, MDB və Rusiya çempionatlarının 13 dəfə çempionu (1988-2000), 1989-cu il Mütləq Dünya Çempionu Kubokunun qalibi. Dörd dəfə - 1989, 1990, 1992 və 1994-cü illərdə planetin ən yaxşı döyüşçüsü olaraq "Qızıl kəmər" mükafatının sahibi. IV beynəlxalq "Aleksandr Karelin mükafatı" turnirin qalibi (1995). İvan Poddubnı-nın xatirəsinə həsr olunmuş beynəlxalq turnirin 6 qat çempionu. Dünyada ilin ən yaxşı idmançısı və 2 dəfə ən yaxşı rus idmançı seçilən Karelin bütün karyerası ərzində 888 qələbə qazanmış yalnız 2 dəfə döşəyi məğlub halda tərk etmişdir.