Leyli və Məcnun (roman)
Leyli və Məcnun - Azərbaycanlı yazıçı Vahid Məmmədlinin Leyli və Məcnun mövzusunda yazdığı roman.
== Məzmun ==
Vahid Məmmədli XXI əsrdə şərq və dünya ədəbiyyatı tarixində böyük hadisə hesab edilən "Leyli və Məcnun" əsərində özünü modern yeniliklərə tabe edən dünyanın önünə Eşq təlimi ilə çıxıb. Əsəri oxuyarkən şüurumuzda, şüuraltımızda irfani dəyərlər və anlayışlarla bağlı sakral bir qat açılır və deyilənlərdən başqa bir də deyilməyən, görülənlərdən başqa görülməyən nəsnələr yaddaşımızda geriyə doğru uzun məsafələr qət edir. Yığılmış bədii təcrübə və təhtəlşüurun arxetipləri bərabərləşib yeni modelin sxemini müəyyənləşdirmiş olurlar. Vahid Məmmədlinin "Leyli və Məcnun" əsəri bu mənada, yeninin modelini sərgiləyir. Nizamidən, Füzulidən fərqli olaraq kortəbii, ahu-zarla, əlacsızlıq və qul psixologiyası aşılayan bir eşq yox, daha dolğun, hər kəsin çatmaq istədiyi , dünyanı, həyatı, əsl gözəlliyi dərk edərək, bütün dinlərin, təlimlərin, fəlsəfi fikirlərin fövqündə dayanan, İlahiyə ən yaxın, onu tamamən dərk edən, bəşəriyyətin, insanlığın xilas yolunu göstərən, dünya ədəbiyyatı tarixində ən mükəmməl Eşq fəlsəfəsinin təməlini qoyur.
Yazıçı ilahi-fəlsəfi düşüncədə daha ali mənəvi-elmi mərtəbə sayılan irfanın bütün rəmz və mistik hallarından yararlanır. İnsan-Tanrı bağlılığını həm yer və səma səltənəti, həm də canlı və cansız aləmin əlaqə və münasibətlərinin sehirli zənginliyi müstəvisində inikas etdirməyə çalışır. Sufi, irfani kodların bütün təzahürlərinə köklənir, daha doğrusu, çoxqatlı olan mətndə keçid kimi bu "irfan düymələrindən" istifadə edir: sevgililərin dərd ortağı olan Ana ceyran, Qeysin ud çalması, sufilərin Ata bəbir adlandırdığı meşənin şahı, meşə dərvişləri, su dərvişləri, su pəriləri, ağ atlı mələk, ağ işıq zolağı, təzə doğulan bəbir balası, qoşa çinar, erkək qu quşu, qumun altında olan saray və s. Yazıçı təsəvvüf aləminə məxsus olan bu obraz və arxetipləri bir məxrəcə cəm edir.