Liana Hayd
Liana Hayd (tam adı: Liana Hayd, alm. Liane Haid; 16 avqust 1895[…], Vyana – 28 noyabr 2000[…]) — Avstriya aktrisası, Avstriyanın ilk kino ulduzu.
== Həyatı ==
Vyanada dünyaya göz açmış Liana Hayd rəqqasə və müğənni kimi fəaliyyətə başlamışdır. Tezliklə Süßes Wiener Mädelin ("Şirin Vyanalı qız") rəmzinə çevrilir və 1920-1930-cu illərdə məşhur pin-ap modeli kimi fəaliyyət göstərir. Kinoda ilk işi Birinci Dünya müharibəsi zamanı çəkilmiş təbliğat xarakterli Mit Herz und Hand fürs Vaterland (1915) filmi olmuşdur. Hayd UFA kino şirkəti üçün çalışmış və ixtisaslı müğənni kimi Villi Forst, Bruno Kastner, Georq Aleksandr, Teo Lingen və Haynz Rüman və digər alman ulduzları ilə bir yerdə çəkildiyi komediya filmlərində asanlıqla səsini nümayiş etdirə bilmişdir.
Hollivuddan gələn bir çox təklifləri rədd edən Liana Hayd "rejim, hər yerin bombardman edilməsi və bütün yaxşı rejissorların ölkəni tərk etməsi səbəbi ilə" 1942-ci ildə Almaniyanı tərk edərək İsveçrəyə köçür. O, burada Karl Şpixer ilə ailə həyatı quraraq kino karyerasına da son qoyur.
Ən məşhur filmləri sırasına Xanım Hamilton (1921), Lukretsia Borciya (1922), Çardaş şahzadəsi (1927, Emmerix Kalmanın operettası əsasında), eləcə də səsli filmlərinə Mahnı bitdi (1930) və Öpüşmədən yatmaq lazım deyil (1936) daxildir. Sonuncu dəfə 1953-cü ildə filmə çəkilmişdir.