Əliş Lənbəranski
Əliş Cəmil oğlu Ləmbəranski (10 may 1914, Lənbəran, Cavanşir qəzası – 1 may 1999, Bakı) — Azərbaycan SSR dövlət xadimi, Azərbaycan SSR Neft Sənayesi nazirinin müavini (1954) Bakı Şəhər İcraiyyə Komitəsinin sədri (1959–1966), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1970–1987), Azərbaycan SSR Ali Sovetinin III, V, VI, VIII və X çağırış deputatı, SSRİ Dövlət mükafatı laureatı (1951), Azərbaycan SSR əməkdar mühəndisi (1964), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü.
Əliş Cəmil oğlu Ləmbəranski 10 may 1914-cü ildə Bərdə rayonunun Ləmbəran kəndində anadan olub. 1936-cı ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.
İkinci Dünya müharibəsində iştirak etmiş, 1942-ci ildə ağır yaralanaraq tərxis olunmuşdur.
O, 1999-cu ildə Bakıda vəfat edib, birinci Fəxri Xiyabanda dəfn edilmişdir.
Ardınca Çaparidze adına zavodun baş mühəndisi, sonra isə direktoru (1943–45), "Bakı Neftayırma zavodları" trestinin müdiri (1945–47). Ə. Qarayev adına neftayırma zovodunun direktoru (1947–50), "Azərbaycan Neftayırma zavodları" birliyinin rəisi (1950–59) işləmişdir.
1954-cü ildən eyni zamanda Azərbaycan SSR Neft Sənayesi nazirinin müavini idi.
1959–66-cı illərdə Bakı şəhər ZDS İcraiyyə Komitəsinin sədri seçilmiş, 1966-cı ildə SSRİ Nazirlər Soveti yanında Mikrobiologiya Sənayesi Baş İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyin edilmişdir.
1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur.