Lətifə Məmmədova
Lətifə Adil qızı Məmmədova (19 avqust 1961, Bakı) — publisist, tarixçi, politoloq, kitabxanaşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitabxana sektorun müdiri (2004–2018), UNESCO-nun "İnformasiya hamı üçün" Proqramının Azərbaycan Komitəsinin sədri (2011–2018), tarix üzrə fəlsəfə doktoru.
== Həyatı və fəaliyyəti ==
1961-ci ilin avqust ayının 19-da Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin (h/h BDU) tarixçi, tarix müəllimi ixtisası üzrə bitirmiş, komsomol, sovet və partiya orqanlarında çalışmışdır.1980–1987-ci illərdə Bakı şəhər Sovetinin (XVII, XVIII, XIX çağırışlar) deputatı seçilmişdir.1985–1989-cu illərdə Bakı şəhər Əmircan qəsəbə Sovetinin deputatı (XIX və XX çağırışlar) və İcraiyyə Komitəsinin məsul katibi vəzifəsinə seçilmişdir.1989–1990-cı illərdə Bakı şəhər Ordconikidze (Suraxanı) rayon partiya komitəsinin təlimatçısı vəzifəsində işləmişdir.1980-ci ildən mətbuatda publisistik məqalələri dərc olunur ("Бакинский рабочий", "Respublika", "Вышка", "Azad Azərbaycan", "Dirçəliş", "Возрождение", "Hərbi bilik", "Mədəniyyət", "Mədəniyyət. Culture", "Carçı", "Elm və təhsil", "Tarixin səhifələri" və s.)
1990–1992-ci illərdə Bakı Ali Partiya Məktəbində, sonralar Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (BSİPİ) politologiya ixtisası üzrə təhsil almış və institutu fərqlənmə diplomu ilə bitirmişdir (Politoloq, ali məktəblərdə ictimai-siyasi fənlər müəllimi ixtisası üzrə).Həmin illərdə elmi işlə məşğul olmağa başlamış və 1997-ci ildə "Azərbaycanda erməni siyasi təşkilatlarının fəaliyyəti (1918–1920-ci illər)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır.1992–1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun, 1999–2007-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) tarix kafedrasının baş müəllimi, dosenti, 2002–2004-cü illərdə DİA-nın Elmi Kitabxanasının müdiri vəzifəsində çalışmış, Elmi Şuranın üzvü olmuşdur. 2004-cü ilin dekabr ayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitabxana sektorun müdiri vəzifəsinə təyin olunmuşdur. Mədəniyyət Nazirliyinin ləğvi ilə əlaqədar, aparılan struktur islahatları nəticəsində Kitabxana sektoru ləğv olunduğu səbəbindən 2018-ci ilin iyun ayından Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru vəzifəsinə təyin olunmuşdur.
2011–2018-ci illərdə UNESCO-nun "İnformasiya hamı üçün" Proqramının Azərbaycan Komitəsinin sədri olmuşdur.Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsində müstəsna xidmətləri olmuşdur. Onun təşkilati dəstəyi ilə Mədəniyyət Nazirliyinin və digər nazirliklərin tabeliyində olan kitabxanalarda ilk Elektron kitabxanalar və Elektron kataloqlar yaradılmışdır.Dövlət Proqramı əsasında L. Məmmədovanın fəal iştirakı ilə AZLİBNET Milli Kitabxana-İnformasiya Mərkəzi təşkil olunmuş və onun nəzdində ölkədə ilk və yeganə Toplu kataloq istifadəyə verilmişdir.
Lətifə Məmmədova Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" 2007-ci il 20 aprel tarixli Sərəncamına və Dövlət Proqramına əsasən "Azərbaycan ədəbiyyatının virtual kitabxanası"nı yaratmışdır.
Ölkə başçısının müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə "Azərbaycanın kitab abidələri"nin reyestrinin yaradılması işinə başlamış və kitab abidələri haqqında CD hazırlamışdır.