Məktuba cavab (film, 1944)
Məktuba cavab — İsmayıl Əfəndiyevin musiqili kinooçerk janrında filmi.
== Məzmun ==
Film musiqili oçerk səpgisindədir. Buraya səhnələşdirilmiş epizodlar da daxil edilmişdir.
416-cı Azərbaycan diviziyasının döyüşçüləri cəbhədən kinostudiyanın işçilərinə məktub göndərirlər. Döyüşçülər xahiş edirlər ki, respublikanın əmək nailiyyətləri, arxanın qəhrəmanlıq işləri barədə onlara xəbər versinlər. Kinostudiyanın işçiləri bu məktuba cavabı kinonun dili ilə göndərməyi qərara alırlar.
Kinokamera bizi məktublarına cavab olaraq iki qutu kinolent almış döyüşçülərin hərbi hissəsinə aparıb çıxarır. Əsgərlər öz doğma vətənləri Azərbaycanın iqtisadi, mədəni vəziyyəti ilə tanış olurlar. Filmdə arxa cəbhədə zəhmətkeşlərin qəhrəmanlığı, neftçilərin fədakarlığı əks etdirilir. Ekranda Azərbaycan Dövlət Konservatoriyasının uşaq orkestri, saz çalanlar ansamblı, mahnı və rəqs ansamblı bir-birini əvəz edir, xalq artisti Bülbül çıxış edir, Azərbaycan radio komitəsinin xor kollektivi bəstəkar Cahangir Cahangirovun "416-cı" mahnısını oxuyur, istehsalatda olan "Arşın mal alan" bədii filmdən bir epizod göstərilir.