MİNAXANIM

bax: Mina və Xanım.
MİNAGÜL
MİNARƏ
OBASTAN VİKİ
Minaxanım Mürsəlova
Minaxanım Əli Ağa qızı Mürsəlova (10 avqust 1932, Bakı) — azərbaycanlı alim, kimya elmləri doktoru. Minaxanım Əli Ağa qızı Mürsəlova 1932-ci il avqustun 10-da Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1950-ci ildə Bakı şəhər 46 saylı orta məktəbi gümüş medalla bitirdikdən sonra, həmin ildə Azərbaycan Sənaye İnstitutunun (ASİ) neft-texnologiyası fakültəsinə daxil olmuşdur. 1955-ci ildə ASİ-ni neft və qaz ixtisası üzrə bitirdikdən sonra, 1955–1958-ci illərdə Yeni Bakı Neftayırma zavodunda operator və baş operator vəzifələrində işləmişdir. 1958–1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda, Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda və onun Sumqayıt Filialında kiçik və böyük elmi işçi vəzifələrində elmi fəaliyyətdə olmuşdur. 1974–1995-ci illərdə Təbii Qazın Nəqlə Hazırlanması və Emalı üzrə Ümumittifaq Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi, laboratoriya müdiri və direktorun elmi işlər üzrə müavini vəzifəsində işləmişdir. 1995-ci ildən indiyə kimi "Dənizneftqazlayihə" Dövlət Elmi-Tədqiqat Layihə İnstitutunda "Səthi-aktiv maddələr" laboratoriyasına rəhbərlik edir. 1965-ci ildə "Alkilbenzolsulfatlar və onların sinergetik kompozisiyalarının xassələrinə aktiv əlavələrin təsirinin tədqiqi" mövzusunda namizədlik, 1996-cı ildə isə "Neft, qaz kondensatı yataqları üçün çoxfunksiyalı parafin və duz çökmə inhibitorları" mövzusunda "Neft-kimyası" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. M.Ə. Mürsəlova asfalt-qatran-parafin, qeyri-üzvi duzların çökməsi, emulsiyaların əmələ gəlməsi və neft-kondensat xammalının hasilatı, yığılması, hazırlanması, nəqli və emalı sistemlərində qarşıya çıxan mürəkkəbləşmələrin qarşısının alınması kimi mühüm və aktual elmi-texniki məsələlərin həll edilməsi istiqamətində tədqiqatlar aparmışdır. Onun tərəfindən aparılan sistemli tədqiqatlar nəticəsində neft və qaz sənayesində çoxməqsədli yüksək təsir effektivliyinə malik inhibitorların yaradılmasının yeni istiqamətinin elmi əsasları müəyyən edilmişdir.
Minaxanım Təkləli
Minəxanım Allahşükür qızı Nuriyeva (Təkləli) — filologiya elmləri doktoru, professor, Respublika radiosunda "Türkün özü, xalqın gözü" rubrikasının aparıcısı. 1989-cu ildən Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasında müəllim olaraq fəaliyyətə başlamış, 1995-ci ildə Pedaqoji Universitetdə dosent olaraq fəaliyyətini davam etdirdi. Bu tarixlərdən başlayaraq Minəxanım Təkləli ümumtürk mədəni mirasının araşdırılıb tədqiq edilməsi, ortaq tariximizin təhrif edilmiş şərəfli səhifələrini yenidən bərpa etmək; Türk dillərinin tarixi, bu günü ilə bağlı problemləri və uğurları, nəhayət qədim türklərin dünya sivilizasiyasındakı mövqeyini aşkarlamaq istiqamətində araşdırmalara girişir. Rus yazıçılarının əsərləri üzrə türk elementləri ilə bağlı tədqiqatların nəticəsi olaraq 2004-cü ildə uğurla “Rus dilində türk sözləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi. Türk dilçiliyində türk və rus dilləri arasındakı əlaqələr ilk dəfə bir sistem halında monoqrafik araşdırmaya cəlb olunmuşdu. Belə ki, Türk xalqları mədəniyyətinin dünya sivilizasiyasında yerinin təsbiti istiqamətində bu mədəni izlərinin araşdırılması: bu mənada Türk xalqları mədəni irsinin tədqiqi, Rus ədəbi –bədii və şifahi dilindəki Türk mənşəli sözlərin üzə çıxarılması və s. məsələlərin həlli Türkoloji aləmdə yeni hadisə idi. Çünki bu vaxta kimi bu problem bir çox hallarda birtərəfli öyrənilmiş, yəni Şərqi Slav dillərindəki türk dili elementlərinə etnoqrafik və mədəni-tarixi fakt kimi baxmaq yerinə, təkcə linqvistik fakt kimi götürülərək sadəcə alınmalar səviyyəsində baxılmış, çox vaxt da problem semasioloji aspektdən uzaq tutulmuş, türk sözlərinin bu dildə semantik evolyusiyasının gedişatını izləmək, canlandırmaq, nəticələrini öz geniş miqyasında təqdim etmək diqqətdən kənarda qalmışdı. Dissertasiyanın nəticələri göstərdi ki, bu problem yalnız kompleks şəkildə: etnik, dil və mədəni əlaqələr fonunda tam öyrənilə bilər. Müəllif bu üzdən mövzuya filoloq, etimoloq və tarixçi mövqeyindən yanaşmışdır.