Müqtədir (xəlifə)
Müqtədir (13 noyabr 895, Bağdad – 1 noyabr 932, Bağdad) — Abbasi xəlifəsi.
Əbul-Fəzl əl Muktədir Cəfər ibn Əhməd əl-Mutəzid-Billah 895-ci dünyaya gəlmişdir. Anası türk əsilli Seyyidə Şağab Xatundur. Müktəfi Billahın xəstəliyi ağırlaşdıqda vəzir Abbas ibn Həsən əl-Cərcərai divan katibləri ilə məşvərət keçirmiş və xəlifənin qardaşı Cəfərin vəliəhd elan edilməsinə nail olmuşdur. 908-ci ildə "Muktədir Billah" ləqəbi ilə xəlifə seçilən Cəfərin azyaşlılığından istifadə edən vəzir Abbas xilafəti tək başına idarə etmişdir.
Bir müddət sonra Muktədirin yerinə Əbu Abdullah Məhəmməd ibn Mutəmid Aləllahı xəlifə seçmək qərarına gələn vəzir Məhəmmədə bu barədə məktub göndərərək sövdələşmələr də aparılmışdır. Lakin vəzirin bu istəyi bəzi divan üzvlərində narazılıq yaratmışdır. Sahibuş-şurta (polis rəisi) İbn Əmrəveyh xəlifənin dəyişdirilməsinə qarşı çıxdıqdan sonra Əbu Abdullah Məhəmməd hikkəsindən iflic olub dünyasını dəyişmişdir.
Xəlifəni dəyişmək cəhdinin boşa çıxmasına baxmayaraq, vəzir istəyindən əl çəkməmişdir. Bir müddət sonra özü başda olmaqla, yüksək vəzifəli məmurlar, sərkərdələr, qazı və katiblərin çoxu Abdullah ibn Mutəz Billahı xəlifə seçmək qərarına gəlmişlər.