Mürtəzaqulu sultan Şamlu
Şamlı Mürtəzaqulu xan Həsən xan oğlu (1591 – 1649) — şair, vali, xəttat.
Zəfər" təxəllüsü ilə şeirlər yazmış Mürtəzaqulu xan Şamlı təxminən 1591-ci ildə dünyaya gəlmiş, Səfəvi hökmdarlarından Şah Səfi (1629–1642) və II Şah Abbasın (1642–1666) hakimiyyəti dövründə yüksək dövlət vəzifələrində işləmiş, eşikağasıbaşı, divanbəyi, qorçubaşı, Kerman vilayəti valisi, Şeyx Səfiəddin türbəsinin mütəvəllisi olmuşdur. Özünün yazdığı kimi, yüz min beytə yaxın farsca şeirləri olan şair, yaşının ixtiyar çağında, 1669-cu ildə Azərbaycan türkcəsində şeirlərindən ibarət divanını tamamlamışdır. Onun türkcə şeirlərində Ə. Nəvai, Ş. İ. Xətai və M. Füzuli təsiri görünür.
Zəfər divanının dibaçəsi, demək olar ki, Nəvai divanı dibaçəsinin əvvəlini təkrar edir. Nəvai dibaçəsində insanı digər məxluqatdan üstün yaradıb ona nitq, şeir yazmaq qabiliyyəti verən yaradana şükürlər oxuyur: "Şükr va sipas ol qodirğa kim, çün adam osoyiş-qohidin vucud oroyişi oqohlariğa cilva berdi. İnsonni soyir maxluqotdin nutq şarafi bila mumtaz qildi.
Rübai:
Ul kim, çü cahon xilqətin oğoz etti,
Süni kilmini naqş pardoz etti.
İnson xaylin nutq ila mumtaz etti,
Nutq ahlini nazm ila sanafroz etti".
Zəfər divanının dibaçəsində bəzi söz və ifadələri dəyişsə də, mətni Azərbaycan türkcəsinə uyğunlaşdırsa da, onun Nəvaidən bəhrələnməsi şübhəsizdir.