Nizaməddin İsgəndərov
Nizaməddin İsgəndərov (tam adı: Nizaməddin Şirin oğlu İsgəndərov; 4 mart 1956, Salyan, Salyan rayonu) — Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin dekanı (1999), fizika-riyaziyyat elmlər doktoru, professor, Tərəqqi mükafatı laureatı (2009).
Nizaməddin Şirin oğlu İsgəndərov 1956-cı il martın 4-də Azərbaycan Respublikasının Salyan rayonunda anadan olub.
1964–1974-cü illərdə Salyan şəhər 27 saylı orta məktəbində oxuyub.
1974–1979-cu illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb.
Nizaməddin Şirin oğlu İsgəndərov 1979-cu ildə Bakı Dövlət Universitetini bitirmiş, 1979–1981-ci illərdə AZEA-nin Mexanika-Riyaziyyat İnstitutunda baş laborant, 1981–1983-cü illərdə Ukrayna EA-nın Riyaziyyat İnstitutunda stajor-tədqiqatçı, 1983–1986-cı illərdə isə aspirant olmuşdur. 1986-cı ildə prof L. P. Nijnikin rəhbərliyi altında Kiyevdə namizədlik dissertasiyası müdafiə etmişdir.
O, 1986–1993-cü illərdə EA-nın Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində, 1993–1997-ci illərdə Türkiyə Respublikasının Yıldız Teknik Universitetində (İstanbul) doktor-professor, 1997–1999-cu illərdə isə Riyaziyyat və Mexanika İnstitutunda laboratoriya müdiri və şöbə müdiri vəzifələrində çalışmışdır.
Prof. N. Ş. İsgəndərov 1999-cu ildən BDU-da çalışır. O, 2003-cü ildən fizika-riyaziyyat elmləri doktorudur və hal-hazırda "Diferensial və İnteqral tənliklər" kafedrasının professoru, mexanika-riyaziyyat fakültəsinin dekanıdır.