Azərbaycan nağılları
Azərbaycan nağılları — Azərbaycanın şifahi xalq ədəbiyyatının epik növünə aid janr. Azərbaycan nağılları Azərbaycan xalqının dünya görüşünü, həyata münasibətini, zülmə qarşı mübarizəsini, gələcək üçün arzularını və inamını əks etdirən şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış növlərindəndir. Azərbaycan nağıllarını mövzularına görə bir-neçə hissəyə bölmək olar:
Epik növün ən geniş yayılmış janrlarından olan nağıllar süjet tərkibinin zənginliyinə, dinləyici auditoriyasının genişliyinə görə Azərbaycan folklorunda digər janrlardan seçilir. Dastan auditoriyası, əsasən, orta və yaşlı nəslin nümayəndələrindən ibarət olursa, nağıllarda belə məhdudiyyət yoxdur. Nağıllar kiçikdən tutmuş böyüyə qədər istənilən yaş qrupuna məxsus insanların zövqünü, marağını oxşayır.
Nağıllar insanların asudə vaxtlarını maraqlı keçirməsinə xidmət etməklə yanaşı, həm də ibrətamiz, əxlaqi məzmun kəsb edir. Bunun nəticəsidir ki, İslam dinindən gələn bir çox fikirlər nağıllar vasitəsilə xalq arasında təbliğ olunmuş, insanlara milli-mənəvi dəyərlərdən gələn əxlaqi görüşlər aşılanmış, bir çox hökmdarlar nağılların təsir gücündən istifadə edərək özlərinin ədalətli hökmdar təsəvvürünü yaratmağa çalışmışlar.
Azərbaycanda yazıya alınmış nağılların sayı minlərlə ifadə olunsa da, nağıl süjetlərinin sayı bundan xeyli azdır. Azərbaycan nağıl süjetlərinin sistemli kataloqunda Azərbaycanda 692 nağıl süjetinin mövcud olduğu qeyd edilir. Təbii ki, bu rəqəm nağıl repertuarını tam əks etdirmir, çünki şifahi ənənədə hələ də toplanmamış süjetlər qalmaqdadır.