Qobustan-Abşeron fiziki-coğrafi rayonu
Qobustan-Abşeron fiziki-coğrafi rayonu — Şamaxı-Qobustan sinklinorisini və Abşeron yarımadasını əhatə edir. Böyük Qafqaz təbii vilayətin şərqində yerləşən Qobustan-Abşeron fiziki-coğrafi rayonu Xəzər dənizinin sahillərindən şimal-qərbdə Gədi dağına (1222 m) qədər olan əraziləri əhatə edir. Rayon cənub-qərbdə Şirvan düzünə qədər, cənubda Cənub Şirvan düzünə qədər uzanır. Qobustan alçaq dağlıq sahəsi və Ələt tirəsi fiziki-coğrafi rayonda mühüm relyef formalarıdır. Burada həmçinin yarğanlar, alçaq dağlar, tirələr, dağlararası çökəkliklər və sahilboyu terraslar geniş yayılmışdır.
Bölgə paleogenin, neogenin və dördüncü dövrün əhəngdaşlarından, qum və gillərindən təşkil olunmuşdur. Alçaq dağlıqdan və dağətəklərindən ibarət olan bu ərazidə dağ tirələri, yastanlar, dağarası çökəkliklər, düzəlmə səthləri, dəniz terrası düzənlikləri əsas yer tutur. Burada əsasən ariddenudasiya, eroziya-denudasiya, abraziya və akkumulyasiya relyefəmələgətirici proseslər üstünlük təşkil edir. Azərbacanın ərazisində inkişaf etmiş palçıq vulkanlarının iri, sıx və aktiv olanları bu rayon daxilindədir. (Torağay, Axtarma Paşalı, Otman Bozdağ və s)
Qonustan-Abşeron fiziki-coğrafi rayonunun ərazisi yayı quraq keçən mülayim - isti yarımsəhra və quru çöl iqlimi zonasına daxildir.