Dəvət-Qoç (qəzet)
Dəvət-Qoç (az.-əski. دعوت; erm. Կոչ) — Bakıda 1906-cı ildə Azərbaycan və erməni dillərində çıxan leqal bolşevik qəzeti.
== Yarandığı tarix ==
Bakıda həftədə iki dəfə, iki səhifəsi Azərbaycan, iki səhifəsi erməni dillərində çap edilirdi. Qəzet əsas etibarilə erməni-müsəlman qırğınının qarşısını almaq uğrunda mübarizə aparırdı. Qəzet İsa bəy Aşurbəyovun müdirliyi altında çıxsa da qəzetin təşkilində mühüm rolu Mir Həsən Mövsümov oynamışdı. Qəzetin səhifələrində onun bir sıra felyetonları dərc edilmişdi.
"Hümmət", "Bakinskiy raboçi" kimi qəzetlərlə yanaşı, 1906-cı ilin may ayının 26-da həftədə iki dəfə işıq üzü görən, bolşeviklərin ilk leqal qəzeti "Dəvət- Qoç" nəşrə başladı. İlk sayında sosial-demokrat ideyasının təbliğ edən, xalqlar arasında dinc birgəyaşayışın lazımlığını qəzet səhifəsinə çıxaran "Dəvət-Qoç"un cəmi 19 nömrəsini çap etmək mümkün olub. Qəzetin təşkilində və işində görkəmli bolşeviklərdən M.Ə.Əzizbəyov, P.A.Çaparidze, S.M.Əfəndiyev, V.A.Radus-Zankoviç, V.P.Nagin və başqaları fəal iştirak edirdilər.