Qütbəddin Şirazi
Qütbəddin Şirazi (1236–1311; farsca:قطبالدین محمود بن مسعود شیرازی) — iranlı, Nəsirəddin Tusinin şagirdi və alim idi
== Həyatı ==
Qütbəddin Mahmud ibn Ziyaəddin Məsud ibn Müslih Şirazi 1236-cı ilin oktyabr ayında Kazerunda anadan olmuşdur. Onun atası Ziyaəddin Məsud ibn Müslih Kazəruni Şirazda təbib işləmişdir.
Alim ilk təhsilini atasından almış, 1250-ci ildə onun vəfatından sonra təhsilini Şirazda əmisi Kəmaləddin Əbdülxeyr Kazəruninin, Şəmsəddin Kütübinin, Şərəfəddin Zəki ər-Rukşəvinin və dövrünün başqa tanınmış alimlərinin yanında davam etdirmişdir.
Qütbəddin Şirazi 1260-cı (hicri 658-ci) ildə, yaxud 1263-cü (hicri 661-ci) ildə biliyini təkmilləşdirmək üçün Marağaya, Nəsirəddin Tusinin yanına getmişdir. O, Marağa rəsədxanasında çalışmaqla yanaşı, Nəsirəddin Tusidən fəlsəfə, astronomiya və riyaziyyatı mükəmməl öyrənmişdir. Marağada alim kimi böyük nüfuz qazanmışdır.
Qütbəddin Şirazi alim kimi məşhur olmaqla bərabər, siyasi xadim kimi də tanınmışdır. O, XIII əsrin 60-ci illərindən etibarən ictimai-siyasi fəaliyyətə başlamışdır. Filosof Marağada biliyini mükəmməlləşdirdikdən sonra elxanın sərəncamı ilə Xorasana və paytaxtı İsfahan şəhəri olan fars İraqına səfər etmişdir. Burada alimlərin himayəçisi, İsfahan hakimi Bahəddin Məhəmməd Cüveyni ilə tanış olmuşdur.