İdris Rzabəyov
Rzabəyov İdris İbrahim oğlu – Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdçüsü
İdris İbrahim oğlu Rzabəyov 13 fevral 1938-ci ildə Bakı şəhərində anadan olub, 31 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Neft Akademiyasının Geoloji-kəşfiyyat fakültəsinə qəbul edilib, 1961-ci ildə institutu bitirərək təyinatla "Neft Daşları" Neft Qaz Çıxarma İdarəsinə göndərilib, 1989-cu ilədək burada operator, mühəndis, sex rəisi, geologiya və işlənmə şöbəsinin müdiri vəzifələrində çalışıb.
1971-73-cü illərdə Kuba Respublikasında ezamiyyədə olub, neft-mədən geoloqu kimi bu ölkənin neft-qaz yataqlarının istismarında iştirak edib. Dəyərli fəaliyyətinə görə keçmiş sovetlər birliyinin Amerika qitəsindəki yeganə dost ölkəsindəki qurumların və SSRİ-nin Kubadakı Səfirliyinin Fəxri Fərmanlarına layiq görülüb.
1989-1994-cü illərdə "28 May" NQÇİ-nin Baş geoloqu-rəis müavini, 1994-2002-ci illərdə NQÇİ-nin rəisi vəzifəsində çalışıb. Onun rəisliyi dövründə Dövlət Neft Şirkəti üzrə ümumi neft hasilatının 80 faizi, qaz hasilatının 60 faizi "28 May" NQÇİ-nin payına düşürdü.
İ.Rzabəyov dövlət idarəçiliyinə cəlb edilərək 2002-2011-ci illərdə yeni yaranan AR Yanacaq-Energetika Nazirliyində (indiki Sənaye və Energetika Nazirliyi-SEN) Aparat Rəhbəri vəzifəsinin icraçısı-Yanacaq-Energetika Əməliyyatları Baş İdarəsinin rəisi, SEN-in neft və qaz şöbəsinin müdiri vəzifələrində işləyib.
Yaşına görə Dövlət qulluğuna xitam verildikdən sonra da indiyədək SEN və AR Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin ictimai əsaslarla baş məsləhətçi-eksperti kimi fəaliyyət göstərir.
O, 20-dən çox ölkədə keçirilən beynəlxalq treyninqlər, seminarlar, konfranslarda Azərbaycanı təmsil edib, dəfələrlə "Azneft" İB, ARDNŞ-in Fəxri Fərmanlarını alıb. Müstəqil Dövlətlər Birliyinin-MDB-nin "Əməkdar energetiki", "Əmək veteranı", "Tərəqqi" medalları ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsüdür.