Salatın Əsgərova
Salatın Əsgərova (tam adı: Salatın Əziz qızı Əsgərova; 16 dekabr 1961, Bakı – 9 yanvar 1991, Laçın) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən amansızcasına qətlə yetirilən Salatın Əsgərova, Azərbaycanın ilk şəhid qadın jurnalistidir.
== Həyatı ==
=== Erkən illəri ===
Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərə başa vurmuşdur. O, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. Onun müəlliməsi Firəngiz Haşımovanın sözlərinə görə, Salatın Əsgərova uşaqlıqdan öz möhkəm iradəsi ilə seçilirdi.
=== Jurnalist fəaliyyəti ===
1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərirdi. Nəticədə 1984-cü ildə müqavilə ilə "Bakı" qəzetində, 4 il sonra isə "Molodyoj Azerbaydjana" qəzetində işləməyə başlayıb. Onun toxunduğu məsələlər Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı idi. O, tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı.