Səfurə İbrahimova
Səfurə (Safurə) Ağabala qızı İbrahimova (27 dekabr 1938, Bakı – 21 dekabr 2020, Bakı) — Azərbaycan kino və teatr aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan SSR dövlət mükafatı laureatı (1984).
Safurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. 1955–1960-cı illərdə "Stalinneft"də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib. O, 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub. Səfurə İbrahimova 2005-ci ilə qədər bu teatrda işləyib.
1967-ci ildə SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk bahar qızı Səfurə İbrahimova olub. Aktrisa 21 dekabr 2020-ci ildə vəfat edib.