Sərgi Qalereyası (Bakı)
Sərgi qalereyası— Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində fəaliyyət göstərən qalereya;
Binası 1960-cı ildə məşhur Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında V.İ.Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilib və 1961-ci ildə Moskvadakı V.İ.Lenin Muzeyinin filialı kimi istismara verilib.
1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan prezidentinin sərəncamına əsasən bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilmiş və Muzey Mərkəzi adını almışdır.
Sərgi qalereyası, Muzey Mərkəzinin dördüncü mərtəbəsində yerləşir. Beş zaldan ibarət olan (ümumi sahəsi 400 m²) Sərgi Qalereyası, ekspozisiya sahəsi 700 m², lazımi işıq və səs avadanlıqları ilə təchiz olunmuşdur. Bu məkanın unikallığı ondadır ki, gündüz eksponatlar yuxarıdan düşən təbii işıqla işıqlandırılır.
Sərgi Qalereyası – rəngkarlıq, qrafika, foto, heykəltəraşlıq, dizayn, müasir və konseptual sənət, uşaq yaradıcılığı və xalq tətbiqi sənəti sərgilərinin keçirilməsi üçün nəzərdə tutulmuş məkandır.
Qalereyada ən müxtəlif profilli sərgilər böyük müvəffəqiyyətlə keçmişdir: “Ayna” birinci Bakı foto-festivalı, “Bakı-Abşeron” memarlıq abidələri sərgisi, “Xalı”, Bakıda Polşa memarlarının yaradıcılığı, müasir və konseptual sənətə həsr olunmuş “Alüminium” sərgiləri, “Kişi və Qadın”, ingilis rəssamı Frensis Liçin “Süvenir” xeyriyyə sərgisi, qaçqınlara həsr olunmuş foto və bədii əsərlər sərgisi, Azərbaycan rəssamlarının əsərlərindən ibarət “İlin fəsilləri” silsilə sərgilər çərçivəsində “Payızın rəngləri”, “Bahar. Qadın. Məhəbbət”, “Yay impressiyası”, “Qış harmoniyası” sərgiləri , 2007-ci ilin son xüsusi layihəsi olan “Məhəbbət göy qurşağı” sərgisi, “5+” müasir rəngkarlıq sərgisi, “Mozalan” sərgisi, məşhur “Ralf Loren”, “Kartye” və başqa brendlərlə əməkdaşlıq edən alman fotoqrafı Klaus Vikratın sərgisi (sərgi “Beş istiqamət” adlanırdı və müəllifin ən yaxşı işlərindən ibarət idi ki, bu da 5 qrupa bölünürdü: çiçəklər, qadınlar, uşaqlar, zinət əşyaları və Kosta-Rika), N.Tusi adına İncəsənət gimnaziyasının uşaq sərgisi, məşhur bolqar rəssamı Emil Stoyçevin Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının prezidenti Georgi Pırvanovun himayəsi altında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan fərdi sərgisi.