Mir İbrahim xan Talışxanov
Mir İbrahim bəy Mir İsmayıl bəy oğlu Talışinski (11 iyul 1828, Lənkəran – 29 aprel 1894, Lənkəran, Lənkəran qəzası) — Azərbaycan hərbçisi, general-mayor.
Azərbaycan tarixinin görkəmli hərbi xadimlərindən biri də general-mayor Mir İbrahim bəy Talışinskidir. O, mədəniyyət və ictimai fikir tariximizdə daha çox xeyriyyəçi, dilçi, hərbçi və bacarıqlı təsərrüfatçı kimi tanınmışdır. 1828-ci ilin iyul ayının 11-də Lənkəran şəhərində anadan olan Mir İbrahim bəy Mir İsmayıl bəy oğlu, Talış xanı general-leytenant Mir Mustafa xanın nəvəsidir. Onun hərbi çini general-mayor olduğundan xalq arasında "Yaranal xan" və ya "Yaranal Miri bəy" adı ilə tanınmışdır.
Mir İbrahim bəy 1845-ci ildə Unter zabit rütbəsində xidmətə başlamışdır. Ona 1847-ci ilin fevralında Podpraporşik, mart ayında Portupey-praporşik, dekabr ayında isə praporşik rütbəsi verilmişdir. 1850-ci ildə Abşeron piyada polkuna göndərilmiş, ordakı nümunəvi xidmətə görə 1851-ci ildə podporuçik rütbəsinə yüksəlmişdir.
1849–1858-ci illərdə Turçidağ, Kutiş, Kumukda hərbi səfərlərdə, Kaytağ və Tabasaran üsyanına qarşı hərbi döyüşlərdə iştirak etmişdir. Hərbi səfərlərdə və döyüşlərdə göstərdiyi xidmətlərə və qəhrəmanlığa görə 4-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdur.