Tarik Əliyev
Tarik Əliyev (tam adı: Tarik İsmayıl oğlu Əliyev) — Azərbaycan diplomatı.
== Diplomatik fəaliyyəti ==
Tarik Əliyev Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Fransa Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. Elə həmin gün ona Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2008-ci il tarixli Sərəncamı ilə iqamətgahı Paris şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.
Tarik Əliyev Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2010-cu il tarixli Sərəncamı ilə hər iki ölkədən – Fransa və Monakodakı vəzifəsindən geri çağırılmışdır.
O, Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mərakeş Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə eyni zamanda Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) yanında daimi nümayəndəsi təyin edilmişdir.
31 oktyabr 2012-ci il tarixli Sərəncama əsasən, iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Tunis Respublikasında, 11 dekabr 2012-ci il tarixli Sərəncama əsasən, eyni zamanda Portuqaliya Respublikasında, Seneqal Respublikasında və Qambiya Respublikasında, 16 yanvar 2013-cü il tarixli Sərəncama əsasən isə, eyni zamanda Mavritaniya İslam Respublikasında, 27 fevral 2013-cü il tarixli Sərəncama əsasən isə, eyni zamanda Mali Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.
Tarik Əliyev Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2016-cı il tarixli Sərəncamı ilə Tunis Respublikasındakı vəzifəsindən geri çağırılmışdır.