Cəmil Quliyev (tarixçi)
Quliyev Cəmil Bahadur oğlu (16 dekabr 1927, Şuşa, DQMV – 27 dekabr 2010, Bakı) — Azərbaycan və sovet tarixçisi, professor, 1972–1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru, 1976–1990-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru, 1976–1991-ci illərdə və 1997-ci ildən 2007-ci ilədək Azərbaycan MEA Rəyasət Heyətinin üzvü, 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü.
Cəmil Quliyev 16 dekabr 1927-ci ildə Şuşada anadan olub. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olmuş, 1946-cı ildən təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmiş, 1949-cu ildə həmin universiteti bitirdikdən sonra aspiranturada saxlanılmışdır. C.B.Quliyev 1952-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək təyinatla Bakıya göndərilmişdir. 1952-ci ildən ADU-da müəllim, dosent 1958–1972-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir. 1971-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və professor adını almışdır. Həmin ildən Azərbaycan EA-da fəaliyyətə başlamışdır. 1972–1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru, 1981–1990-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru olmuşdur. 1976–1991-ci illərdə və 1997-ci ildən 2001-ci ilədək AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Rəyasət Heyətinin üzvü (1997–2007) üzvü olub. 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir.