Bakı Avrasiya Universiteti
Bakı Avrasiya Universiteti (BAAU) — Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi.
== Tarixi ==
Bakı Avrasiya Universiteti 1992-ci il aprelin 30-da fəlsəfə elmləri doktoru, professor Nazim Ziyad oğlu Hüseynli tərəfindən Ali Diplomatiya Kolleci (ADK) adı ilə təsis edilmişdir.
Azərbaycan Respublikasının müstəqilliyini yeni bərpa etdiyi ilk dövrlərdə diplomatiya və beynəlxalq münasibətlər sahəsində peşəkar kadrlara kəskin tələbatın qarşılanması zərurətindən yaranmış təhsil müəssisəsinin əsas məqsədi çoxpilləli tədris prosesində xarici siyasət və beynəlxalq hüququn əsaslarına yiyələnmiş, respublikamızın xarici ölkələrdəki səfirlik və konsulluqlarında, digər təmsiledici strukturlarında və beynəlxalq təşkilatlarda fəaliyyət göstərmək potensialına malik mütəxəssislər, qərb və şərq dövlətləri üzrə ixtisaslaşmış diplomatlar, sinxron tərcüməçilər, jurnalist və hüquqşünaslar hazırlamaq, eləcə də diplomatiya sahəsində fəaliyyət göstərən kadrları təkmilləşdirmək və müvafiq istiqamətlər üzrə elmi-tədqiqat işləri aparmaq idi.
1992-ci ildən 1993-cü ilin mart ayına qədər olan mərhələni Universitetin tarixində tələbə qəbuluna hazırlıq, eyni zamanda təhsil müəssisəsinin elmi-tədqiqat mərkəzi olaraq geniş və səmərəli fəaliyyətin qurulduğu dövr kimi xarakterizə etmək olar. Təsadüfi deyil ki, məhz bu dövrdə təhsil müəssisəsində respublikamız üçün tamamilə yeni olan sahələr: diplomatiya, xarici siyasət və Azərbaycanşünaslığa dair fundamental və tətbiqi problemlər araşdırılmış, müvafiq sahələr üzrə elmi nəşrlərin hazırlanması, həmçinin informasiya sisteminin təşkil istiqamətində mühüm işlər həyata keçirilmişdir.
Təhsil müəssisəsi Dövlət Ali Ekspert Komissiyasının 1993-cü il 13 mart tarixli 7/1 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir. Həmin qərara əsasən Ali Diplomatiya Kollecinə "Beynəlxalq münasibətlər", "Diplomatiya", "İqtisadiyyat və idarəetmə", "Beynəlxalq hüquq", "Jurnalistika", "Beynəlxalq jurnalistika", "Dilşünaslıq", "Sinxron tərcümə", "İngilis dili tərcüməçiliyi", "Sosiologiya", "Politologiya" ixtisasları üzrə kadr hazırlığına icazə verilmiş və tələbə qəbulunun test üsulu ilə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının nəzarəti altında keçirilməsi tövsiyə edilmişdir.
Təhsil müəssisəsi Azərbaycan Respublikası Prezidentinin 24.09.1994-cü il tarixli 212 saylı fərmanı ilə yaradılmış DAEK-in rəyi əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.02.1996-cı il tarixli 22 saylı qərarı ilə bakalavr pilləsində "Sinxron tərcümə", "Diplomatiya" və "Beynəlxalq əlaqələr" ixtisasları üzrə kadr hazırlığı aparan qeyri-dövlət ali təhsil müəssisəsi kimi dövlət qeydiyyatına alınmışdır.
Təhsil müəssisəsi 2005-ci il 30 iyun tarixədək Ali Diplomatiya Kolleci adı ilə fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xüsusi rəyi əsasında Azərbaycan hökumətinin qərarı ilə təhsil müəssisəsinin adı 2005-ci il 30 iyun tarixindən dəyişdirilərək Bakı Diplomatiya Universiteti adlandırılmışdır.