Mahnı
Mahnı — musiqi ilə müşayiət olunan şeir, mətn.
Azərbaycan musiqisinin, eləcə də digər xalq musiqiləri arasında ən çox işlənən və ən çox sevilən musiqi növü mahnıdır. Yəqin ki, mahnıların yaşı insanın, bəşər övladının yaşı ilə eynidir. Mahnının insanın danışmağa başlamasından əvvəl yaranması şübhə doğurmamalıdır: bu, sözsüz mahnılar, melodiyalar dövrü idi. Dilin, danışığın, sözün yaranmasından sonra isə sözlü mahnı, yəni şeiri müsiqi ilə ifa etməkdən yaranan söz-musiqi vəhdəti yarandı. Bu mahnıların müəllifləri həssas və istedadlı insanlar idilər.
Musiqi alətləri meydana çıxdıqdan sonra mahnı üç ölçüyə malik oldu – səs, söz və çalğı (müşayiət). Bu dövrdə mahnı müəllifləri ya müğənnilər, ya çalğıçılar, ya da bu məclislərin istedadlı, musiqi duyumlu iştirakçıları arasından çıxırdı. Mahnılar ifa oluna-oluna cilalanır, yadda qalır, sevilir, nəsildən nəsilə yol gedirdi.
Azərbaycan xalq mahnıları adlanan mahnıların müəllifi sözsüz ki "xalq" deyildi, bu mahnını ilk dəfə meydana çıxaran konkret adamlar idi.