Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi
Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi - Azərbaycan professional vokal sənətinin banisi, görkəmli müğənni və pedaqoq professor Bülbülün 100 illik yubileyi ərəfəsində, xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yaradılan beynəlxalq musiqi müsabiqəsi.
İlk dəfə 1997-ci ildə keçirilib. İlk dəfə keçirilməsinə baxmayaraq, müsabiqəyə fərqli ölkələrdən 60-a yaxın iştirakçı toplanıb. İlk müsabiqənin münsiflər heyətinə Beynəlxalq Musiqi Xadimləri İttifaqının Sədri, SSRİ-in Xalq artisti, professor və akademik İrina Arxipova sədrlik edib. Müsabiqənin Təşkilat Komitəsinin sədri, həmin dövrdə Azərbaycan Respublikasının Mədəniyyət Naziri olan, xalq artisti, professor Polad Bülbüloğlu olmuşdur.
== Tarixi ==
20 avqust 1997-ci ildə Azərbaycanın məşhur opera müğənnisi Bülbülün 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev sərəncam imzalayır. Sərəncama əsasən yubiley tədbirlərinin əsasənı Bülbülün adını daşıyan Beynəlxalq Müsabiqə təşkil edir və hazırlanması və keçirilməsi üçün Təşkilat Komitəsi yaradılır. Komitəyə sədr, həmin dövrdə baş nazirin müavini olan Elçin Əfəndiyev təyin edilir. Təşkilat komitəsinin üzvləri isə həmin ildə Azərbaycan Respublikasının xarici işlər naziri Həsən Həsənov, Bakı şəhər İcra hakimiyyətinin başçısı Rəfael Allahverdiyev, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycan Respublikasının mədəniyyət naziri Polad Bülbüloğlu, Azərbaycan Respublikasının təhsil naziri Lidiya Rəsulova, Azərbaycan Respublikasının mətbuat və informasiya naziri Sirus Təbrizli, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin sədri Nizami Xudiyev, Azərbaycan Elmlər Akademiyasının prezidenti Fərəməz Maqsudov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Tofiq Quliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri Fərhad Bədəlbəyli, xalq artistləri Zeynəb Xanlarova və Xuraman Qasımova təyin edilir. Azərbaycan vokal sənəti tarixində keçirilən ilk beynəlxalq müsabiqə eyni zamanda təşkilat komitəsinə dövrünün dövlət xadimləri və görkəmli nümayəndələrinin cəlb edilməsi ilə də tarixə düşür.