Muğam üçlüyü

Vikipediya, azad ensiklopediya
Cekli829 (müzakirə | töhfələr) (#‎100vikigün‬ ‪#‎100wikidays‬ üçün) tərəfindən edilmiş 12:36, 22 iyul 2015 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Məşədi Məmməd Fərzəliyevin ansamblı Gəncə, 1911-ci il.[1]

Muğam üçlüyüAzərbaycanın milli musiqi alətləri olan tar, kamançaqaval ifaçılarından ibarət klassik muğam triosu; Azərbaycan muğam dәstgaһlarını icra edən ənənəvi sazәndәlәr ansamblı[2]; xanəndə və sazəndə dəstəsi.[3]

Quruluşu

Muğam üçlüyü adından da göründüyü kimi üç nəfərdən ibarətdir. Bu dəstə yeganə çalğıçı üçlüyüdür ki, muğamlar bütöv, dəstgah şəklində, bütün incəlikləri ilə dinləyiciyə çatdırılır.[4]

Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasına çəkilmiş XVI əsrə aid miniatürdə təsvir olunmuş muğam üçlüyü

İlk dövrlərdə sazəndə dəstəsində tar, kamançabalabandan, təsnif və rəngləri ifa etdikdə isə dairə, qoşanağaradan istifadə olunurdu.[4] Məşhur tarzən Mirzə Sadıq Əsəd oğlunun tar alətində apardığı yenidənqurma işlərindən sonra artıq gur səsli qoşanağaraya ehtiyac qalmır, bu, xanəndənin əlində tutduğu incə səsli qaval ilə əvəz olunur.[4] Beləliklə, bu dəstə yalnız 3 nəfərdən ibarət olur. Bu dəstəyə tarzәn, kamançaçıxanəndə daxildir ki,[2] həmin üçlük XIX əsrin ikinci yarısından başlayaraq ta bu günə qədər fəaliyyət göstərir.[4] Onların Azərbaycan xalq musiqisinin inkişafında, muğam ifaçılıq məktəbinin yaradılmasında rolu misilsizdir.[4]

Üçlüyün başlıca icraçısı qavalda çalan müğәnni - xanəndədir.[2] O, öz zövqünә vә fәrdi imkanlarına görә kompozisiya qurur.[2] Daһa doğrusu, dәstgaһa һansı şöbәlәrə hansı guşələrin daxil edilməsi, onların һәcmi, rәng vә ya tәsniflәrin yerlәşdirilmәsini mәһz xanәndə һәll edir.[2] Xanәndә muğamı oxuyarkәn qavalı üzünә yaxınlaşdırır, sәsinin dinlәyicilәrә yönәlmәsini, rezonanslanmasının tәmin edir. Rәng və tәsniflәrin ifası zamanı isә xanәndә tәrәf müqabillәrini vә özünü qavalla müşayiәt edir.[2]

Üçlüyün ikinci iştirakçısı tarzәn, çaldığı alәt isә tardır.[2] Tarzәn, xanəndənin oxuduğu zaman, orqan punktu ilə müşayiәt edər, nәfәsarası solo muğam parçaları çalır, yeni guşәlәrә modulyasiyalar edir.[2] Dәstgaһın icrası bir növ xanәndә ilə tarzәnin dialoqundan ibarət olur.[2] Çünki tar hәr һansı guşəni əvvəlcә instrumental ifa edib, sonra yerini xanәndәyә verir.[2] Muğam şöbәlәrilә növbәlәşәn instrumental pyeslәrdә isә tarzәn yeganә solistdir.[2] Tarzәn gözәl ansambl duyumuna malik olmalı xanәndәni müşayiәt etməklə yanaşı ona nə zaman nәfәsin dәrmәyә imkan vermәyi, onun fәrdi imkanlarını böyük һәssaslıqla duymalıdır.[2]

Üçlüyün son iştirakçısı yayla çalınan kamançanın funksiyası bir qәdәr mәһduddur.[2] Eyni zamanda xanәndәni vә tarzәni müşayiәt edәn kamançaçı nәticә etibarilә mürәkkәb muğam ifadə tərzinin әmələ gәlmәsinə xidmәt edir.[2] Bundan әlavә, tarın xanәndəni, kamançanın tarı tәqlid etmәsi musiqişünaslıq dilində ikiqat imitasiya deyilən mürəkkəb bir ifadə tərzini yaradır.[2] Lakin kamança tәkcә müşayiәtçi deyil.[2] Muğamın әn lirik, yanıqlı epizodlarında xanәndәnin deklamasiya epizodlarından sonra kamançanın soloları insan sәsi qәdәr ifadәli, tәsirli sәslәnir.[2]

İstifadə olunan musiqi alətləri

Qaval – zərbli musiqi alətidir. Qaval bir üzünә balıq dәrisi çәkilmiş dәyirmi ağac һalqadan ibarәtdir.[2] Dairəşəkilli, eni 60-75 mm və diametri 350-450 mm olan sağanağın içərisinə dairə boyu xırda halqalar bərkidilir və onlar çalğı vaxtı səslənir. Muğam ifaçılığında geniş tətbiq olunur. Bir növ xanəndənin atributudur. Belə ki, xanəndə qavalda çalaraq, üçlüyün dəqiq ritmli musiqi epizodlarının ifasında iştirak edir. Buna görə də qaval aləti, bir növ xanəndənin atributuna çevrilmişdir.[5]

Tar – mizrabla çalınan simli-dartımlı musiqi alətidir. Onun sәkkiz rәqәminә bәnzәr gövdәsi böyük vә kiçik çanaqdan ibarәtdir. Çanaqların üzü (yəni ön tәrәfi) dәri ilә örtülür.[2] Kiçik çanağa bәrkidilәn "qol"a - "qrif"ә heyvan bağırsaqlarından һazırlanmış iyirmi iki pərdә bağlanır.[2] Tarın qolu üzәrindәn keçәn simlәr yuxarıdan "aşıq"lar vasitəsilə "kәllә"yә aşağıdan isә böyük çanağın altındakı xәrәyә bağlanır.[2] Muğam üçlüyündə tar aparıcı alətdir.[5]

Muğam üçlüyündə istifadə olunan Azərbaycan tarı özünəməxsus quruluşa, konstruksiyaya və bədii-texniki imkanlara malikdir.[5] Belə ki, 11 simli müasir Azərbaycan tarı, geniş səs diapazonuna və zəngin ifaçılıq imkanlarına malik alətdir.[5] Təkrarsız tembr gözəlliyinә, tükənməz virtuoz imkanlara malik olan Azәrbaycan tarı XIX əsrin II yarısında Sadıqcan adı ilә tanınan görkәmli el sәnәtkarı Mirzə Sadıq tәrəfindәn İran tarı әsasında tәkmilləşdirilmişdir.[2] O, İran tarının simlәrinin sayını beşdәn on birәdәk artırmış, gövdəsini yüngülləşdirib, diz üstdәn qaldıraraq köksә sıxmış və Azәrbaycan tarını yaratmışdır.[2] Nәticәdә alәtin tembr və texniki imkanları xeyli artmışdır.[2]

Kamança – simli-kamanlı musiqi alətidir. Azərbaycanın ən qədim musiqi alətlərindən biridir.[6] Kamança Azәrbaycan xalq çalğı alәtləri arasinda yeganә yaylı alәtdir. Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında adı çəkilmiş, Təbriz miniatür rəsm əsərlərində (Ağamirək İsfahani, Mir Seyid Əli) təsvir olunmuşdur. Kamança, əsasən, qoz ağacından düzəldilir. Bu alәt şarabәnzәr gövdәdәn – kürəşəkilli çanaqdan, dairəvi qol, "aşıq"lar yerləşən kəllə hissədən və "şiş" adlanan dəmir mildən ibarətdir. Aşağı tәrәfdәn gövdәyә birlәşdirilәn metal dayaq kamançanın diz üstә qoyulub çalınmasına imkan yaradır.[2] Metal dayaq hәm dә kamançanın qolları vә gövdəsi üzәrindәn keçib gәlәn dörd simi aşağı tәrәfdәn saxlayır. Yuxarıdan isә simlәr "aşıq"lar vasitәsilә kәllәyә bәrkidilir.[2] Kamançanın gövdәsinә ön tәrәfdәn dәri çәkilir. Çanağın üzü – membranı balıq dərisindən, ya da qaramal ciyərinin pərdəsindən çəkilir, qolu pərdəsizdir.[5] Simləri kaman vasitəsi ilə səsləndirilir.[5] Kaman - uclarına bir çəngə at tükü bağlanmış yayşəkilli ağac çubuqdur. Alətin ümumi uzunluğu 65-90 sm olur. Əvvəllər 1-3 simdən ibarət idi. Hazırda 4 simi var: kiçik oktavada "lya", birinci oktavada "mi, lya", ikinci oktavada "mi" səslənir. Diapazonu kiçik oktavanın "lya" - üçüncü oktavanın "mi" (bəzən solo) səsləri həcmindədir. İncə, həzin səsi var.[5]

Məşhur üçlüklər

Keçəçioğlu Məhəmmədin ansamblı Varşavada (1912-ci il).
Muğam üçlüyü – Keçəçioğlu Məhəmmədin ansamblı, Bakı, 1912-ci il. Soldan sağa: Keçəçioğlu Məhəmməd, Şirin Salyanlı, Ruben Qaraxanov.

XX əsrin əvvəllərində Keçəçioğlu Məhəmmədin ansamblı məşhur muğam üçlüklərindən biri idi. Bu ansamblı hətta 1912-ci ildə Polşanın paytaxtı Varşavada çıxış etmişdir. Həmin vaxt onun ansamblı özündən başqa tarzən Qurban Primov və kamançaçı Saşa Oqanezaşvilidən ibarət olmuşdur.

1930-cu illərdə Cabbar Qaryağdıoğlunun "Heyratı" muğamını oxuması (onu tarda Qurban Primovkamançada Qılman Salahov müşayət edir).

1987-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində ilk muğam triosu yaradılmışdır ki, onun adı "Cabbar Qaryağdıoğlu adına muğam üçlüyü" idi.[7] Tərkibi xalq artistləri Möhlət Müslümov (tarzən), Fəxrəddin Dadaşov (kamançaçı) və Zahid Quliyevdən (xanəndə) ibarət idi.[7] Sonrakı illərdə bu muğam üçlüyü bir çox xanəndələrlə işləmiş, dünyanın bir çox ölkələrində qastrol səfərlərində olmuşdur.[7] Müxtəlif xanəndələri müşayiət edən üçlüyün ifasında xarici ölkələrdə bir sıra disklər buraxılmışdır.[7]

1992-ci ildə ildə xanəndə Ağaxan Abdullayev, tarzən Zamiq Əliyev və kamançaçı Ədalət Vəzirov birlikdə "Zülfü Adıgözəlov adına muğam üçlüyü" yaratmışdır.[8] Bu trio İranda, İraqda Məhəmməd Füzulinin 500 illiyi ilə bağlı YUNESKO-nun tədbirlərində çıxış etmişdir. 1997-ci ildən bu trioya Ağaxan Abdullayevin əvəzinə tanınmayan, tələbə qız Simarə İmanova daxil olmuş[8] və onlar "Şərq bülbülü muğam üçlüyü" adı ilə çıxış etmişlər.[9] Üçlük 1997-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş "Şərq təranələri" festivalında, 46 ölkə musiqiçiləri arasında ən ali mükafat olan "Qran-Pri"yə layiq görülmüşdür.[8] Üçlük uğurlu qələbəsiylə dünyaya Azərbaycan musiqisini bir daha tanıtdırır. Üçlüyün uğurlu çıхışı və parlaq qələbəsi münasibətilə o zamanki ölkə rəhbəri – Azərbaycan Prezitenti Heydər Əliyev qalibləri qəbul edir və onların hər üçü "əməkdar artist" fəхri adına layiq görülür.[10] Bundan sonra dövlət tədbirlərini bu muğam üçlüyü bəzəməyə başlayır. Muğam üçlüyü dövlət tədbirlərində öz layiqli yerini tutur və mütəmadi olaraq ölkə rəhbərliyi tərəfindən dəstəklənir.

2005-ci ildə əməkdar incəsənət xadimi, Ümumittifaq mükafatları laureatı tarzən Rafiq Rüstəmovun rəhbərlik etdiyi Ağdam rayonunda fəaliyyət göstərən "Xan Şuşinski adına muğam üçlüyü" Fransada qastrol səfərində olmuş və kollektiv 5 gün müddətində LillLion şəhərlərində çıxış etmişdir.[11] Musiqiçilər konsertdən sonra Lill konservatoriyasında tələbələrə ustad dərsləri keçmişlər.[11]

2009-cu ilin dekabrından fəaliyyət göstərən "Aypara" muğam üçlüyü respublika və beynəlxalq səviyyəli müsabiqə, festival və tədbirlərdə iştirak edərək Azərbaycan muğamının gənc təmsilçisinə çevrilib.[12] Məşhur "Qarabağ" muğam üçlüyünün gənc davamçıları olan bu üçlüyün ifaçıları – xanəndə Aytən Məhərrəmova Xalq artisti Mənsum İbrahimovun, Ədalət Behbudov Əməkdar artist Elçin Həşimovun (tar), Pərviz Fərhadov isə Əməkdar artist Elnur Əhmədovun (kamança) tələbəsidir.[12] Onlar 2011-ci ildə keçirilmiş II Respublika muğam müsabiqəsində uğurlu çıxış edərək birinci yeri tutublar.[12]

Qadınların bu sahəyə marağının artması nəticəsində yalnız qadınlardan ibarət olan bir sıra muğam üçlükləri də yaranmışdır. Səkinə İsmayılova ilk dəfə olaraq qadınlardan ibarət muğam üçlüyü yaradaraq bu kiçik kollektivlə bir sıra xarici ölkələrdə çıxış etmişdir.[13][14]

Müxtəlif sahələrdə

Mədəniyyətdə

Muğam üçlüyü Azərbaycanın milli toy adətlərində xüsusi rola malikdir. Məsələn, Lənkəran toy mərasimlərinin ən məsuliyyətli mərhələsi, zirvə nöqtəsi olan oğlan toyunda ənənəvi muğamlar da xüsusi yer tutur.[15] Çox vaxt toya dəvət ediləcək musiqiçiləri əvvəlcə kəndin çayxanasına dəvət edib, yaxşı bir dəstgah oxutdururdular.[15] Bundan sonra bütün kənd ağsaqqalları və ziyalıları razılığını bildirsə, həmin musiqiçilərə toyu aparmaq həvalə olunardı.[15] Muğam üçlüyü bəy toyunu, xüsusən bunun ikinci gününü rövnəqləndirən böyük bir "konsert proqramı" ilə çıxış edirdi.[15] Oğlan toyunun ikinci gecəsi muğam ifaçıları üçün məsuliyyətli gecə hesab olunurdu.[15] Çünki bu gecə kəndin ağsaqqalları, hörmətli adamları, ziyalıları muğamlara qulaq asmaq üçün yığışardılar.[15] Bu toylar barədə 1950-ci illərdən başlayaraq Lənkəranda və onun kəndlərində muğam üçlüyü tərkibində toylara tez-tez dəvət olunan,[15] son illərdə isə Lənkərandakı yeni açılmış Muğam teatrının təşəbbüskarı və fəal iştirakçısı,[15] kamançaçalan Tariyel Əliyev belə demişdir:

"Bizim muğam üçlüyünə ayrıca bir otaq ayırırdılar. Orada həm istirahət edər, həm də istəyimizdən asılı olaraq məşq edərdik. Bizim məclisə daxil olmağımıza bir saat qalmış qara zurna əvəzinə yastı balaban çalınardı. Bu muğam üçlüyünün incə səslənməsinə imkan yaradardı".[15]

Vaxtilə toy və digər şənlik məclislərində iştirak edən bu dəstə artıq müasir dövrdə teatr və konsert salonlarında çıxış edir.[4] Əslində isə bu dəyişikliyin tarixi XIX əsrin axırlarındab başlayır. Həmin dövrdə xanəndəlik sənəti məclis, toy, şənlik çərçivəsindən çıxıb teatr və konsert salonlarına yol taparkən musiqili səhnəciklər yaranmağa başlamışdır.[16] Belə bir ideyanı ilk dəfə Şuşada o zaman isə hələ Peterburq Universitetinin tələbəsi olan görkəmli yazıçı Əbdürrəhim bəy Haqverdiyev həyata keçirdi.[16] Onun təşkilatçılığı ilə 1897-ci ildə "Məcnun Leylinin məzarı üstündə" adlı musiqili səhnəcik göstərildi.[16] Bu, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasından sonuncu hissənin teatrallaşdırılmış musiqili ifası idi.[16] Burada, ilk dəfə olaraq, teatr, poeziyamuğam qovuşdurulmuşdu.[16] Tamaşanın iştirakçıları – xanəndələr muğam üstə poemanın mətnindən müəyyən parçaları ifa edirdilər.[16] Rollarda o dövrdə Şuşada böyük şöhrət qazanmış xanəndələr Cabbar QaryağdıoğluƏhməd Ağdamski çıxış etmişdilər.[17] Onların ifası Mirzə Sadıq Əsəd oğlunun başçılıq etdiyi ənənəvi muğam üçlüyü ilə müşayiət olunurdu.[17]

İncəsənətdə

"Muğam üçlüyü" azərbaycanlı rəssam və heykəltəraşların geniş işlədiyi mövzudur.[4] Həmçinin, geyim kolleksiyalarında da qaval, tarkamançadan ibarət bu üçlüyün əks olunduğu geyimlər nümayiş və təqdim olunmuşdur.[18]

Filateliyada

Muğam üçlüyünün əks olunduğu Azərbaycanın filateliya məhsulu (2014).[19]

17 fevral 2014-cü ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycanın filateliya məhsulu üzərində muğam üçlüyünün rəsmi verilmişdir.[19] Rəsmin qaval olan hissəsi ayrıca poçt markası kimi buraxılmışdır.[19]

İqtisadiyyatda

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2005-ci və 2009-cu illərdə buraxılmış Azərbaycanın 1 manatlıq əskinazları üzərində və 2006-cı ildə buraxılmış Azərbaycanın 1 qəpiyi üzərində muğam üçlüyünün musiqi alətləri təsvir olunmuşdur.


Maraqlı faktlar

Parisə səfəri zamanı məşhur azərbaycanlı milyonçu və mesenat Hacı Zeynalabdin Tağıyevi yalnız işgüzar komanda deyil, muğam üçlüyü də müşayiət etmişdir.[20] O, şöhrət naminə, yaxud əcnəbilərdə təsirli imic yaratmaq üçün deyil, məhz mənəvi tələbat baxımından Avropa səfərinə özü ilə musiqiçilər dəstəsi götürmüşdü.[20]

İstinadlar

  1. Шушински Ф. Азәрбайҹан халг мусигичиләри / Под ред. Т. Ахмедова. — Б.: Јазычы, 1985. — С. 182. — 478 с.  (az.)
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 Həcər Babayeva. Azәrbaycan muğamı. strategiya.az, 30.04.2013  (az.)
  3. Muğam Üçlüyü. mugam.musigi-dunya.az  (az.)
  4. 1 2 3 4 5 6 7 Səadət Abdullayeva. AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRİ ANSAMBLLARI TƏSVİRİ SƏNƏTDƏ. azyb.net  (az.)
  5. 1 2 3 4 5 6 7 Azərbaycan muğamı. 09.05.2013  (az.)
  6. Kamança. mugam.musigi-dunya.az  (az.)
  7. 1 2 3 4 Cabbar Qaryağdı oğlu adına muğam üçlüyü. mugam.musigi-dunya.az  (az.)
  8. 1 2 3 Əliyev Zamiq Balarza oğlu (25.05.1950, Bakı) mugam.musigi-dunya.az  (az.)
  9. Alim Nəbioğlu. Nə tez ötdü illərim, nə tez keçdi günlərim. "Olaylar" qəzeti, 21 may 2010, səh. 12.  (az.)
  10. ""Əməkdar artist" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 may 1998-ci il tarixli, 711 nömrəli Fərmanı. e-qanun.az  (az.)
  11. 1 2 AĞDAMIN XAN ŞUŞİNSKİ ADINA MUĞAM ÜÇLÜYÜ FRANSADA ÇIXIŞ ETMİŞ, USTAD DƏRSLƏRİ KEÇMİŞDİR. azertag.az, 19.12.2005  (az.)
  12. 1 2 3 Ceyhun Zərbəliyev. “Muğama sevgi bizi bir araya gətirib”. “Aypara” muğam üçlüyünün üzvləri ilə söhbət. "Mədəniyyət" qəzeti, 24 iyul 2013, səh. 12.  (az.)
  13. Səkinə İsmayılova. adam.az  (az.)
  14. "Musiqi sənəti" fakültəsinin kafedrası. admiu.edu.az  (az.)
  15. 1 2 3 4 5 6 7 8 9 LƏNKƏRANDA TOY MƏRASİMİ. musigi-dunya.az  (az.)
  16. 1 2 3 4 5 6 QARABAĞ MUĞAM MƏKTƏBİ, səh. 3, e-library.musigi-dunya.az  (az.)
  17. 1 2 QARABAĞ MUĞAM MƏKTƏBİ, səh. 4, e-library.musigi-dunya.az  (az.)
  18. "Muğam və Milli Geyimlər" adli moda nümayişi keçirilib. anspress.com, 18.05.2010  (az.)
  19. 1 2 3 Avropa 2014. Milli musiqi alətləri. azermarka.az, 17.02.2014  (az.)
  20. 1 2 Hacı Zeynal Abdin Tağıyevin ev muzeyi. azhistorymuseum.az  (az.)

Xarici keçidlər