Başıpozuqlar
Başıpozuqlar | |
---|---|
türk. Başıbozuk | |
Növü | piyada, süvari |
Yaranma tarixi | XVIII əsrin sonları - XIX əsrin sonları |
Ölkə | Osmanlı İmperiyası |
Tabedir | Osmanlı ordusu |
Tərkibi | muzdlu əsgərlər |
Vəzifəsi | Düşmən ordusuna zərər vumaq |
Sayı | təqribi 20 min |
Hissə | birliklər |
Qərargah | Gelibolu və Rumeli |
Himayədarı | Osmanlı Sultanları |
Müharibələr |
Napoleonun Misirə yürüşü Krım müharibəsi 1876-cı il Bolqar üsyanı Rusiya-Osmanlı müharibəsi (1877-1878) |
Vikianbarda əlaqəli mediafayllar |
Başıpozuqlar[1] (türk. Başıbozuk) — Osmanlı imperiyasında dövlətin bütün bölgələrindən, ancaq əsasən Albaniya və Kiçik Asiyada toplanan nizamsız hərbi birləşmələrin adı.[2] Əsəsən Anadolu, Şimali Afrika və Balkan yarımadası mülki şəxslərindən toplanırdılar.[3]
Bu termin Qərb tarixşünasları və tədqiqatçıları tərəfindən (XIX əsrdən bu günə qədər) tez-tez səhv yöndə işlədilərək Osmanlı ordusunun bütün nizamsız birləşmələrinə şamil edilmişdir. Lakin əslində bu ad yalnız Geliboluda, Balkanlarda və İon dənizinin sahillərində fəaliyyət göstərən Osmanlı muzdlu əsgərlərinin müəyyən bir qrupuna aiddir.[2][4]
Etimologiya
[redaktə | mənbəni redaktə et]Başıpozuq sözü iki sözün birləşməsindən ibarətdir. Türk dilindən hərfi mənada tərcümə olunan "başıbozuk" (türkcə baş "baş" + bozuk "xarab olmuş; dəli") sözü "qüsurlu başlı", "dəli başlı" mənasını verir. Adətən bu söz birləşməsi "Cəsarətli" ifadəsi ilə də müqayisə oluna bilər. Məcazi mənada isə "quldur" sözü ilə sinonimdir.[5]
Tarixi
[redaktə | mənbəni redaktə et]İlk dövrlər bu termin, vilayətlərdən İstanbula gələn evsizləri təsvir etmək üçün istifadə edilirdi. Lakin sonradan orduya bağlı, lakin müstəqil dəstə və şəxsi silah-sursatla qarışıq süvari və piyada qoşunlarının üzvləri belə adlanmağa başladı. Osmanlı ordusunda xidmət edərkən başıpozuqlar xidmətlərinə görə yalnız yemək alırdılar, onlara məvacib ödənmirdi. Real qüvvə kimi onlar ilk dəfə XVIII əsrin sonunda ortaya çıxdılar. Başıpozuqlar Misirdə Napoleona qarşı döyüşlərdə iştirak etmişdilər.[6]
Başıpozuqların xüsusən elə Misir və Suriyada mülki əhalini qarət etməsi,[7] hökuməti onları ləğv etmək qərarını verməyə məcbur etdi. Sədrəzəm Hüsrəv Paşanın alban başıpozuqlarını nizami qoşunlarının xeyrinə ləğv etmək cəhdi, Kavalalı Mehmed Əli Paşanın Misir xidivliyinin yaradılmasına səbəb olan qiyamlara gətirib çıxardı.[8]
Krım müharibəsi dövründə Osmanlı imperiyası onlardan istifadə etmək qərarına gəldi. Lakin həm Osmanlı, həm də müttəfiqlərinin generallarının onları nizam-intizam qaydalarına riaəyyət etməyə cəlb etmək üçün cəhdləri nəticəsiz qaldı. 1877–1878-ci illərdəki Rusiya-Türkiyə müharibəsi dövründəki həddindən artıq forsmajor hadisələr nəhayət ki, Osmanlı hökumətini onlardan istifadədən imtina etməyə məcbur etdi. İngilis rəsmisi Valter Barinq, Əhməd Ağanın rəhbərlik etdiyi başıpozuqların törətdiyi Batak qırğınının əsrin ən dəhşətli cinayətlərindən olduğunu bildirmişdi.
Avropa dövlətlərinə qarşı müharibələrdə başıpozuqalar ümumiyyətlə yaramırdılar. Onları təşkil etmək və nizam-intizam vermək qeyri-mümkün idi və hətta bu işi öz üzərinə götürən xarici general və zabitlərin — hərbi müşavirlərin (Fransız generalı Yusuf ləqəbli Jozef Vantini, İngilis Aleksandr Betson) səyləri də kömək etmədi. Nəhayət onların ölkə daxilindəki talanlarına və mülki insanlara qarşı təsəvvür olunmayan vəhşiliklərinə və zorakılığa son qoymaq üçün Osmanlı nizami qoşunları dəfələrlə başıpozuqları tərksilah etmək məcburiyyətində qaldılar. 1876-cı ildə Bolqarıstandakı aprel qiyamının yatırılması və 1877–1878-ci illərdəki son Rus-Türk müharibəsində soyğunçuluğa aludə olmalarını tam şəkildə göstərdilər.[4]
Quruluşu
[redaktə | mənbəni redaktə et]Başıpozuqlar bir növ Osmanlı imperiyasının köməkçi ordusu (nizamsız süvarilər) olaraq, sülh dövründə, Milli Qvardiyanın (assakiri mulli) bir hissəsi olaraq, imperatorluğun ucqar bölgələrində xristian xalqlarını "sakitləşdirmək" üçün daxili xidmət üçün istifadə edilirdi.[9] Müharibə dövründə başıpozuqlar (assakiri-muavin) səhra qoşunlarına qoşulmuşdu.
Başıpozuqlar atlı bölüklərinə (dəstələrinə) odlar deyilirdi və hər birinin başında bir od (od başı (baş)) var idi. Müvafiq hərbi təşkilatlanmanın olmaması və nizam-intizamsızlıq tez-tez osmanlıların döyüşlər zamanı hərbi əməliyyatlarına zərər verirdi.
Reputasiyaları
[redaktə | mənbəni redaktə et]"Başıpozuq" ifadəsi qəddarlığında ən çirkin zorakılığa qadir olan insanın xarakterizə edilməsi üçün istifadə olunurdu. Başıpozuqların cəza dəstələri kimi fəaliyyətləri rus filosofu V. S. Solovyov tərəfindən sənədli materiala əsaslanan "Müharibə, tərəqqi və dünya tarixinin sonu haqqında üç söhbət" adlı oçerkində təsvir edilmişdir. Lenin "Kadetlər və milliyyətçilər" adlı məqaləsində (1912) Osmanlı istismarçı siniflərinin sinonimi olaraq "başıpozuq" sözündən istifadə etmişdir:
"Demokratiya, slavyan və türk kəndlilərinə birlikdə - slavyan və Osmanlı mülkədarlarına və başıpozuqlara qarşı çıxmaq lazım olduqda, sadəcə bir slavyan bir türkə qarşı olmasına heç vaxt dözməz." |
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Başıpozuqların Bosniyada xristian kəndinə basqını (rəssam: Yaroslav Çermak, 1861)
-
Başıpozuq birliyi
-
Başıpozuq (rəssam: Jan-Leon Jerom, 1869)
-
Başıpozuq (rəssam: Stanislav Xlebovski)
-
Başıpozuqlar (rəssam: Konstantin Makovski)
-
Başıpozuqların döyüş səhnəsi
-
Başıpozuqlar döyüşdə
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "BAŞIPOZUQ". Obastan (az.). 2021-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2021.
- ↑ Yuxarıda get: 1 2 Houtsma, 1993. səh. 670
- ↑ Vizetelly, 1897. səh. 83
- ↑ Yuxarıda get: 1 2 Kisholm, Hyu, redaktorBashi-Bazouk // Britannika Ensiklopediyası (XI). Cambridge University Press. 1911.
- ↑ "Большая Российская Энциклопедия". 2019-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-10.
- ↑ "Bashi-bazouk | Ottoman soldier". Encyclopedia Britannica (ingilis). 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-03.
- ↑ Montgomery 1968, p. 246
- ↑ Inalcık, Halil. Trans. by Gibb, H. A. R. The Encyclopaedia of Islam, New Ed., Vol. V, Fascicules 79–80, pp. 35 f. "Khosrew Pasha". E. J. Brill (Leiden), 1979. Accessed 13 Sept 2011.
- ↑ Башибузуки // Малый энциклопедический словарь Брокгауза и Ефрона : в 4 т. — СПб., 1907–1909.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Edward Vizetelly. The Remininiscences of a Bashi-bazouk. J.W. Arrowsmith. 1897.
- Ottoman warfare, 1500–1700 by Rhoads Murphey. London : UCL Press, 1999.
- Özhan Öztürk (2005). Karadeniz: Ansiklopedik Sözlük. 2 Cilt. Heyamola Yayıncılık. İstanbul. ISBN 975-6121-00-9.
- Montgomery, Viscount Bernard (1968).
- Журнал военных действий против Турции на Европейском театре войны в 1877 году. — Часть I.
- Описание русско-турецкой войны 1877–1878 годов на Балканском полуострове, т. 1.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Montgomery, Viscount Bernard (1968). A History of Warfare, The World Publishing Company. ISBN 978-0-688-01645-6.