İmitasiya Oyunu (ing. The Imitation Game) — 2014-cü ildə rejissor Morten Tildumun Qrehem Murun Endryu Hudcsun "Alan Türinq:Eniqma" bioqrafik əsəri (əsər daha əvvəl BBC tərəfindən "Kodun sındırılması" tamaşası üçün adaptasiya edilmişdir) əsasında yazdığı ssenariyə uyğun olaraq çəkdiyi tarixi triller janrında olan ABŞ filmi. Filmdə aktyor Benedikt Kamberbetç İkinci Dünya müharibəsi zamanı alman hökumət və ordu başçılarının gizli yazışmalarını anlamaq üçün Eniqma maşınını sındırmağa çalışan Britaniya kriptoanalitiki Alan Türinq obrazını canlandırmışdır.
İmitasiya oyunu | |
---|---|
The Imitation Game | |
Janr | dram filmi |
Əsas mövzu | İkinci Dünya müharibəsi, Alan Türinq[7], homofobiya[7] |
Rejissor | Morten Tildum |
Prodüserlər |
Nora Qrossman Aydo Ostrovski Teddi Şvarzman |
Ssenari müəllifi | Qrehem Mur |
Baş rollarda |
Benedikt Kamberbetç Kira Naytli Mettyu Qud Rori Kinnir Çarlz Dens Mark Stronq |
Operator | Oskar Faura |
Bəstəkar | Aleksandr Desplat |
Distribütor | Fórum Hungary[d][8] |
İlk baxış tarixi |
29 avqust 2014 (Telluride Film Festivalı) 28 noyabr 2014 (ABŞ) 5 fevral 2015[1] (Azərbaycan) |
Müddət | 114 dəq.[2] |
Büdcə | $14 milyon[3] |
Gəlir | $220 milyon[4] |
Ölkə | ABŞ[5][6] |
Dil | ingilis dili |
İl | 2015 |
Rəng | rəngli |
Çəkiliş yeri | Oksfordşir[d], Şerborn məktəbi[d][9] |
IMDb | ID2084970 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Filmin ssenarisi 2011-ci ildə ekranlaşdırılmamış ən yaxşı Hollivud ssenarilərinin ənənəvi Qara siyahısına salınmışdır. "The Weinstein Company" 2014-cü ilin fevralında Avropa Film Bazarında filmi əldə etmək üçün $7 milyon ödəmişdir ki, bu da ABŞ distribütorluğu üçün ödənən ən böyük məbləğdir. Film Birləşmiş Krallıq kinoteatrlarında 14 noyabr, ABŞ-də isə 28 noyabrda təqdim edilmişdir.
İmitasiya oyunu həm gəlir, həm də tənqidçilərin mövqeyi baxımından uğur qazanmışdır. $14 milyon istehsal büdcəsi olan film 2015-ci ilin aprelinə kimi ümumilikdə $219 milyon gəlirlə 2014-cü ilin ən çox gəlirli müstəqil filmi olmuşdur. 87-ci Oskar mükafatlarının təqdim edilməsi mərasimində film Ən Yaxşı film, Ən Yaxşı Rejissor (Tildum), Ən Yaxşı Aktyor (Kamberbetç), İkinci dərəcəli rolda Ən Yaxşı Aktrisa (Kira Naytli) kateqoriyaları da daxil olmaqla ümumilikdə səkkiz kateqoriyada mükafata namizəd göstərilmişdir. Film Ən Yaxşı Adaptasiya edilmiş Ssenari nominasiyasında Oskara layiq görülmüşdür. Film, 72-ci Qızıl Qlobus mükafatlarının təqdim edilməsi mərasimində beş, 21-ci Ekran Aktyorları Gildiyası mükafatlarının təqdim edilməsi mərasimində Ekran əsərində Ən Yaxşı Performans kateqoriyası da daxil olmaqla üç kateqoriyada mükafata namizəd göstərilmişdir. Ən Yaxşı Film və Ən Yaxşı Britaniya Filmi nominasiyaları da daxil olmaqla film doqquz nominasiyada BAFTA mükafatına namizəd göstərilmiş, 39-cu Toronto Beynəlxalq Film Festivalında isə Xalqın Seçimi Mükafatına layiq görülmüşdür.
LGBT vətəndaş haqqları təşkilatları və siyasi lobbiləşmə təşkilatı İnsan Haqqları Kompaniyası Türinqin irsini geniş ictimayətə çatdırdığına görə "İmitasiya oyunu" filmini yüksək qiymətləndirmişdir, lakin film bəzi tarixi hadisələrin dəqiq təsvir edilməməsi, Türinqin xasiyyətləri və əlaqələrinin düzgün çatdırılmamasına görə tənqid edilmişdir.
Filmin təkxəttli olmayan ssenarisi 1951-ci ildə riyaziyyatçı Alan Türinqin evinə edilən basqından sonra Nok və Stil adlı polislərin onun evinə gəlməsi ilə başlayır. Türinqin şübhəli davranışı və hərbi xidmət keçməsi haqqında qeydlərin tapılmaması, Nokda onun SSRİ casusu olması haqqında şübhə oyadır. Nok tərəfindən dindirilmə zamanı Türinq Bleçli parkda işlədiyi zaman yaşadıqları haqqında danışır.
Daha sonra 1927-ci ildə baş verən hadisələr təsvir olunur, gənc və xoşbəxt olmayan Türinq məktəbdə təhsil alır. O, Kristofer Morkom adlı məktəb yoldaşı ilə yaxın dostluq edir və ona qarşı romantik hisslər bəsləyir, Kristofer Alanın diqqətini kriptoqrafiyaya cəlb edir. Türinq sevgisini etiraf etməyə imkan tapmamış Kristofer vərəmdən ölür.
1939-cu ildə Böyük Britaniyanın Almaniyaya müharibə elan etməsindən sonra Bleçli parka səfər edir və kommander Alistar Dennistonun təşkil etdiyi Hyu Aleksander, Con Kernkross, Piter Hilton, Keyt Furman və Çarlz Riçardın daxil olduğu kriptoqraflar dəstəsinə qoşulur. Dəstə nasistlərin gizli məlumatlar ötürmək üçün istifadə etdikləri Eniqma maşının göndərdiyi kriptləri sındırmağa çalışır.
Türinq üçün dəstənin digər üzvləri ilə işləmək çətin olduğundan, o tək fəaliyyət göstərir və Eniqmanı deşifrə etmək üçün yeni maşın yaratmağa çalışır. Dennistonun yeni maşın yaradılmasını maliyyələşdirməyə imtina etməsindən sonra, Türinq Vinston Çörçilə yazır və Çörçil maşını maliyyələşdirməyi tapşırmaqla yanaşı, Türinqi işçi qrupun rəhbəri təyin edir. Türinq Furman və Riçardsı dəstədən uzaqlaşdırır və onların əvəzinə işçi tapmaq üçün qəzetdə krossvord nəşr etdirir. Kembric Universitetinin yetirməsi olan Coan Klark Türinqin testini hamıdan uğurlu keçsə də, valideynləri onun Bleçli parkda oğlanlar arasında işləməsinə icazə vermirlər. Türinq onun qadın işçilərlə birlikdə yaşamasına şərait yaradır və hər gün görüşərək işdə irəliləyişlər və planlar haqqında məlumatlandırır.
Türinq gəncliyində sevdiyi oğlanın şərəfinə Kristofer adlandırdığı maşını quraşdırsa da, maşın almanların hər gün gecə on ikidə konfiqurasiyanı dəyişməsindən əvvəl Eniqmanın kodunu sındıra bilmir, Denniston maşının sındırılmasını və Türinqin işdən uzaqlaşdırılmasını əmr etsə də, dəstənin digər üzvləri Türinqin gedəcəyi halda işi tərk edəcəklərini bildirirlər. Valideynlərinin tələbi ilə Klark Bleçlini tərk etmək istədikdə Türinq ona evlilik təklif edir və Coan razılaşır. Kerinkrossla söhbət zamanı Türinq homoseksual olmasını etiraf edir, Kerinkross isə ona bunu sirr olaraq saxlamağı məsləhət görür. Almanların göndərdikləri gizli mesajları tutan işçi qızlardan biri ilə danışdıqdan sonra Türinq qərara gəlir ki, gündəlik göndərilən bütün mesajlarda olan bir neçə sözü təyin etməklə maşının işini asanlaşdırmaq olar. Bundan sonra Kristofer qısa zamanda Eniqmanın kodunu sındırmağa və mesajları oxumağa nail olur; lakin onlar uzun müddət Enqimanın sındırılması faktını gizli saxlamağa məcbur olurlar.
Türinq Kerinkrossun SSRİ casusu olmasını müəyyən edir. Kerinkross bunu etiraf edərək Sovetlər və Böyük Britaniyanın məqsədlərinin eyni olduğunu bidirir və sirrini açacağı halda, Türinqin homoseksual olmasını hamıya deyəcəyini bildirir. MI6 agenti Stüart Menzisin Klarkı təhdid etməsindən sonra Türinq Kerinkrossun casus olmasını deyir. Menzis bunu çoxdan bildiyini və qəsdən Sovetlərə məlumat ötürmək üçün Kerinkrossu dəstəyə yerləşdirdiyini deyir. Klarkın təhlükəsizliyindən narahat olan Türinq ona Bleçli prakı tərk etməsini söyləyir, homoseksual olduğunu bildirir və heç vaxt Klarkla maraqlanmadığını deyir. Müharibədən sonra Menzis kriptoqraflara bu vaxta kimi yaratdıqları bütün işləri məhv etməyi tapşırır və hər şeyin yaxşı olacağı təqdirdə bir də görüşməyəcəklərini bildirir.
1950-ci illərdə Türinq əxlaqsızlıqda günahlandırılır (homoseksual olmasına görə) və həbs cəzası əvəzinə kimyəvi kastrasiya yolunu seçir ki, yaratdığı maşın üzərində işləri davam etdirə bilsin. Türinqi ziyarət edən Klark onun həm fiziki, həm də mənəvi baxımdan bitkin vəziyyətdə olduğunu görür. O, Türinqə xatırladır ki, onun işləri milyonlarla insanın həyatını xilas edib və vaxtilə Kristoferin işlətdiyi ifadəni xatırladır: "Bəzən heç kimin güman belə etmədiyi insanlar, heç kimin gözləmədiyi möhtəşəm işlər görürlər."
Əksər tədqiqatçılar aktyor Benedikt Kamberbetçin (solda) Alan Türinq (sağda) rolu
üçün ən yaxşı seçim olduğunu qeyd edirlər.
Filmin adı Türinqin 1950-ci ildə nəşr edilmiş və süni intellektin təhlil edildiyi "Hesablayıcı maşınlar və kəşfiyyat" adlı məqaləsində qeyd edilən eyni adlı testdən götürülmüşdür. Məqalə "Mən bir sual vermək istəyirəm, 'Maşınlar fikirləşə bilərmi?' Bu, 'maşın' və 'fikirləşmək' sözlərinin anlamının dəqiqləşdirilməsi ilə başlayır." fikrirləri ilə açılır.[16]
Kamberbetçin layihəyə qoşulmasından əvvəl "Warner Bros." ssenarini alarkən, Leonardo Dikaprionun Türinqi canlandırmaq istəyini nəzərə alaraq ssenarini yeddi qat baha qiymətə satırlar.[17][18][19][20][21] Sonda Di Kaprio layihəyə qoşulmadı və ssenarinin hüquqları müəllifə qaytarıldı. Sonradan "Black Bear Pictures" filmi maliyyələşdirmək qərarına gəldi və film üçün $14 milyon ayırdı.[3][22][23] Layihənin inkişafı zamanı Ron Hovard və Devid Yets də daxil olmaqla müxtəlif rejissorlarla əlaqə saxlandı.[24] 2012-ci ildə Baş ovçuları filminin rejissoru kimi tanınan Morten Tildumun layihə üzərində işə razılaşdığı və bu filmin rejissorun ilk ingilis dilli filmi olacağı açıqlandı.[25][26]
Filmin əsas çəkilişləri 15 sentyabr 2013-cü ildə İngiltərədə başladı. Filmin çəkiliş məkanlarına Türinqin təhsil aldığı Şerbone məktəbi və kriptoqrafların İkinci Dünya müharibəsi dövründə fəaliyyət göstərdikləri Bleçli park da daxil idi. Digər çəkiliş məkanlarına Nettlbed (Oksfordşirdə Coys Qrov) və Çeşam (Bukingemşir) şəhərcikləri daxil idi. Bəzi səhnələr Bayçester aerodromunda və Çanseri Leynin Hüquq Cəmiyyəti Binasının yaxınlığında çəkilmişdir. Əsas çəkilişlər 11 noyabr 2013-cü ildə tamamlanmışdır.[27]
Filmdə istifadə olunmuş Bombe elekto-mexanik maşını Türinqin hazırladığı və Bleçli parkdakı muzeydə saxlanan orijinal maşın əsasında hazırlanmış replikadır. Quruluşçu-rəssam Mariya Djurkoviç qeyd edir ki, onun rəhbərlik etdiyi işçi komandası maşını daha kinomatoqrafik edərək, orijinaldan böyük ölçüdə və daxili mexanizmlərin görünəcəyi formada hazırlamışlar.[28]
"The Weinstein Company" 2014-cü ilin fevralında Avropa Film Bazarında filmi əldə etmək üçün $7 milyon ödəmişdir ki, bu da ABŞ distribütorluğu üçün ödənən ən böyük məbləğdir.[29] Film həm də rejissorlara elm, riyaziyyat və texnologiya ilə bağlı innovativ filmlərin çəkilməsinə kömək edən Tribeka Film Festivalının Sloan Rejissor Fondunun qəbuledicisi olmuşdur.[30]
The Imitation Game Original Motion Picture Soundtrack | |
---|---|
Aleksandr Desplat tərəfindən ifa olunmuş film musiqisi | |
Növü | film musiqisi |
Yayımlanma tarixi | 24 noyabr 2014 |
Janr | film musiqisi |
Müddət | 51:08 |
Leybl | Sony Music Entertainment |
2014-cü ilin iyununda bəstəkar Aleksandr Desplatın film üçün musiqi yazacağı elan edildi.[31] Desplat film musiqisinin yazılması və orkestrasiyasını üç gün ərzində tamamladı.[32] Film musiqisi London Simfonik Orkestri tərəfindən Londonda yerləşən Abbey Road Studiosda yazılmışdır.[33]
Desplat bütöv bir struktur şəklində qavranılan film musiqisinin yazılması işinin çətinliyini belə izah edir:
“Filmin sonunda gənc oğlan olan Alanın professorla görüşü və bu görüş zamanı professorun ona dostu Kristoferin ölməsini deməsi zamanı mən filmin lap əvvəlində istifadə olunan Kristoferin musiqi mövzusunu yenidən istifadə etdim. Burada sadə ardıcıllıq var. Bu yavaş lakin inamla ifa olunan musiqi filmin təsirini daha da gücləndirir.”[33] |
Bəstəkar Türinqin fikirləşməsi və mexaniki maşının fəaliyyətini göstərmək üçün fasiləsiz fortepiano arpeciosundan istifadə etmişdir.[33]
Film musiqisi Ən yaxşı film musiqisi nominasiyasında Oskar mükafatına namizəd göstərilsə də, Desplat tərəfindən bəstələnmiş Böyük Budapeşt oteli filminin musiqisi mükafatı qazanmışdır.
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "The Imitation Game" | 2:37 |
2. | "Enigma" | 2:51 |
3. | "Alan" | 2:58 |
4. | "U-boats" | 2:13 |
5. | "Carrots and peas" | 2:20 |
6. | "Mission" | 1:37 |
7. | "Crosswords" | 2:53 |
8. | "Night research" | 1:40 |
9. | "Joan" | 1:46 |
10. | "Alone with numbers" | 2:59 |
11. | "The Machine Christopher" | 1:58 |
12. | "Running" | 3:02 |
13. | "Christopher is dead" | 2:28 |
14. | "Decrypting" | 2:21 |
15. | "A different equation" | 2:55 |
16. | "Becoming a spy" | 4:09 |
17. | "The Apple" | 2:21 |
18. | "Farewell to Christopher" | 2:41 |
19. | "End of war" | 2:08 |
20. | "Because of you" | 1:36 |
21. | "Alan Turing's legacy" | 1:57 |
Ümumi müddət: | 51:08 |
24 dekabr 2013-cü ildə Böyük Britaniyada Türinqə qarşı Kral əfvinin elan edilməsindən sonra, həmin gün Kamberbetçin Türinqin bombe maşını qarşısında ilk fotosu yayımlandı.[34][35] 2014-cü ilin iyununda, Türinqin ölümünün ildönümündə "Entertainment Weekly" jurnalı Kira Naytli, Metyu Qud, Metyu Berd və Allen Liçin canlandırdıqları obrazların ilk görünüşünü təqdim edən iki çəkiliş fotosu yayımladı.[36] 23 iyunda Türinqin 102-ci doğum günündə "Empire" jurnalı Mark Stronq və Çarlz Densin obrazlarının göründüyü iki çəkiliş fotosu yayımladı. Çəkiliş fotolarının müəllifi Kamberbetçi "Casus, çölə çıx!" filmində də çəkmiş fotoqraf Cek İnqlişdir.[37]
2014-cü ilin sentyabrında Prinston Universitet Nəşriyyatı və "Vintage Books" nəşriyyatı filmin çıxarılması ilə əlaqədar olaraq Endryu Hudcsun "Alan Türinq:Eniqma" bioqrafik əsərini yenidən nəşr etdilər.[38] İlk BK və ABŞ treylerləri 22 iyul 2014-cü ildə çıxarıldı.[39] İlk beynəlxalq tizer posteri 18 sentyabr 2014-cü ildə "Əsl eniqma kodu sındıran insan idi" başlığı altında çıxarıldı.[40]
2014-cü ilin noyabrında "The Weinstein Company" "Digital Sky Technologies" şirkətinin baş direktoru Yuri Milner və "Facebook"un baş direktoru Mark Zukerberq üçün xüsusi baxış təşkil etmişdir. Los Altos Hills, Kaliforniyada təşkil edilən xüsusi baxışda "Facebook"un Baş Əməliyyat Direktoru Şeril Sandberq, "Linkedln"in baş direktoru Rid Hofman, "Google"un yaradıcılarından biri Sergey Brin, "Airbnb"dən Natan Bleçarzik, "Theranos"dan Elizabet Holms və başqaları iştirak etmişlər. Rejissor Tildum, ssenarist Mur və aktrisa Naytli də izləyicilər arasında olmuşdur.[41] 10 noyabr 2014-cü ildə Kamberbetç və Zukerberq Uğur mükafatlarının Türinqin şərəfinə yaradılmış Riyaziyyat mükafatını birlikdə təqdim etmişlər. 10 noyabr 2014-cü ildən etibarən xüsusi olaraq film üçün yaradılmış Bombe maşını Bleçli parkda açılmış İmitasiya oyunu sərgisində nümayiş etdirilmişdir. İl boyu davam edən sərgidə filmdə istifadə olunmuş geyimlər və başqa əşyalar sərgilənmişdir.[42]
Filmin rəsmi veb saytı olan "theimitationgamemovie.com" ziyarətçilərə Türinq tərəfindən yaradılmış xüsusi kodun sındırılmasını təklif edir. Filmin Nyu-York premyerasını təşkil edən Google 23 noyabr 2014-cü ildə "Kod sındırılması yarışı" adlı xüsusi müsabiqə təşkil etmişdir. Bu yarışmada iştirakçılar Google tərəfindən hazırlanmış kodu sındırmalı idilər. Mükafatları yalnız kodu ən tez sındıran və izah edənlər əldə etmişdir.[44]
2014-cü ilin noyabrında filmin ABŞ premyerasından sonra "The New York Times" qəzeti İkinci Dünya müharibəsi zamanı 1942-ci ildə yeni kriptoqrafların tapılması üçün "The Daily Telegraph" qəzetində nəşr edilmiş orijinal krossvordu yenidən nəşr etmişdir. Krossvordu həll etməyə nail olanlar əldə etdikləri nəticə haqqında maillə məlumat verdikdən sonra London və Bleçli parka səfər hədiyyəsi əldə etmişlər.[45]
2 yanvar 2015-ci ildə "The Weinstein Company" filmi və Türinqin irsini təbliğ etmək üçün nüfuzlu texnologiya, hərb, elm və LGBTQ qruplarının (Türinqin həyatında rol oynayan qruplar) rəhbərlərinin film haqqında fikirlərini əks etdirən posterlər nəşr etdirmiş və onlayn kompaniya başlamışlar. "Yahoo!" baş direktoru Marissa Meyer, "Netflix" baş direktoru Rid Hastinqs, "Google" icraçı direktoru Erik Şmidt, "Twitter" baş direktoru Dik Kostolo, "PayPal"ın əsasını qoyanlardan biri Maks Levçin, "YouTube"un baş direktoru Syuzan Vojcicki və Vikipediyanın əsasını qoyanlardan biri Cimmi Uels filmi tərifləyən fikirlər söyləmişlər. "Human Rights Campaign" təşkilatının prezidenti Çad Qriffin, GLAAD baş direktoru Sara Keyt Ellis də dəaxil olmaqla nüfuzlu LGBT təşkiltalarının liderləri, həmçinin 22-ci ABŞ Müdafiə Katibi Robert Qeyts filmə dəstəklərini ifadə etmişlər.[43][46][47][48]
Filmin dünya premyerası 2014-cü ilin avqustunda 41-ci "Telluride Film Festival"ında baş tutmuş, daha sonra isə sentyabrda 39-cu Toronto Beynəlxalq Film Festivalında göstərilmişdir.[49] Avropada filmin premyerası 2014-cü ilin oktyabrında 58-ci BFİ London Film İnstitutu Festivalında baş tutmuşdur.[50][51] 14 noyabr 2014-cü ildə Birləşmiş Krallıqda premyerası baş tutan film, 28 noyabrdan ABŞ-də məhdud yayıma girmişdir.[18] Filmin ABŞ distribütoru olan TWC qeyd edir ki, film əvvəlcə Los-Anceles və Nyu Yorkun dörd kinoteatrında yayıma girəcək, 12 dekabrda 6 marketdə satışa çıxarılacaq və Milad bayramı günlərində bütün ölkə ərazisində yayımlanacaq.[52]
31 mart 2015-ci ildə ABŞ-də "İmitasiya oyunu" DVD və Blu-ray (Blu ray + Dijital nüsxə) formatda satışa çıxarılmışdır.[53]
14 milyon büdcəsi olan "İmitasiya oyunu" Şimali Amerikadan $91.1 milyon, digər ərazilərdən $128.9 milyon, ümumilikdə $220 milyon gəlir əldə etmişdir.[4] Film, 2014-cü ilin ən çox gəlirli müstəqil filmi olmuşdur.[54]
Bİrləşmiş Krallıq kassasında böyük büdcəli İnterstellar filmindən sonra ikinci yerdə qərarlaşan film, 459 səhnədən $4.3 milyon gəlir gətirmişdir. 2014-cü il Britaniya filmləri üçün filmin açılış həftəsi kassa nəticələri üçüncü yerdə qərarlaşmışdır. Keçirilən exit-poll nəticələrinə görə 90% izləyicilər filmə "qəti məsləhətli" qiyməti vermişlər. "İmitasiya oyunu"nun açılışı "Arqo"dan 107%, "Filomena"dan 81%, "Dəmir Ledi"dən 26% yüksək olmuşdur.[55][56]
28 noyabrda Nyu-York və Los-Ancelesdə dörd kinoteatrda yayıma girən film açılış həftəsində $479,352 gəlir gətirmişdir ki, bu da hər ekrana $119,352 gəlir deməkdir və bu nəticə ilə "İmitasiya oyunu" 2014-cü il ekranbaşına gəlirə görə ikinci yerdə qərarlaşmış, həmçinin bütün zamanların yeddinci ən çox gəlirli canlı-yayım filmi olmuşdur. İnfilyasiya düzəlişləri də nəzərə alındıqda, "İmitasiya oyunu"nun nəticəsi "The Weinstein Company"nin Oskar qazanmış və Şükranlıq həftəsi çıxarılmış "Kralın nitqi" ($88,863, 2010-cu il) və "Artist" ($51,220, 2011-ci il) filmlərinin göstəricisini geridə qoymuşdur. 12 dekabrda əlavə olaraq marketlərdə satışa çıxarılan film, Milad günlərində bütün ölkə ərazisində yayıma girmişdir.[57][58][59]
"İmitasiya oyunu" tənqidçilərdən əsasən müsbət rəylər almışdır. "Rotten Tomatoes" 229 rəy əsasında filmə 89% müsbət rəy vermişdir ki, bu da ortalama 7.7/10 göstəricidə əks olunur. Sayt tənqidçilərinin ortaq rəyində deyilir ki, "Benedikt Kemberbetçin möhtəşəm baş rol ifaçılığı ilə "İmitasiya oyunu" bioqrafiya janrının ən yaxşı nümunələrindən biridir."[60] "Metacritic" saytı 49 tənqidçinin rəyi əsasında filmə 100 baldan 73 balla qiymət verir.[61] "CinemaScore"dan "A+" dərəcəsi alan film, həm ABŞ Kino Tənqidçiləri Sovetinin, həm də Amerika Film İnstitutunun "2014-cü ilin top-10 filmləri" siyahısına daxil edilmişdir.[62][63][64]
"The New York Observer"dən Reks Rid "İmitasiya oyunu"nu "son yüzilliyin ən mühüm hekayələrindən biri və 2014-cü ilin ən böyük filmlərindən biri"[65] adlandırır, "The Independent"dən Kaleem Aftab filmə beş ulduz verir və onu "İlin Ən yaxşı Britaniya filmi" adlandırır.[66][67] "New York Post"dan Lou Lumenik filmi "Oskara layiq maraqlı ekran işi" adlandırır, tənqidçi Ceyms Roççi əlavə edir ki, "film, qarışıq, müzəffər və tragikdir."[68] "Empire" jurnalı filmi "möhtəşəm triller" adlandırır, "Glamour" jurnalı isə onu "müasir klassika" adlandırır.[69][70] "Variety" jurnalından Piter Debruj əlavə edir ki, "film gözəl ssenariyə, zərif quruluşa və güclü aktyor oyununa malikdir."[71] Tənqidçi Skott Foundas qeyd edir ki, "şübhəsiz çox güclü olan film, parlaq zəkası ilə cəmiyyətin qoyduğu normalara qarşı çıxmağa cəsarət edənlərin acı taleyini göstərir."[72] Tənqidçi Leonard Maltin qeyd edir ki, film, "mükəmməl hesab edilə bilinəcək qədər ideal aktyor heyətinə malikdir." Bundan əlavə Naytlinin canlandırdığı ikinci dərəcəli Klark roluna, Goldenberqin montaj işinə, Desplatın film musiqisinə, Fauranın operator işinə və Djurkoviçin quruluşçu-rəssam işinə xüsusi diqqət yetirilmişdir.[73] Telluride Film Festivalında böyük entusiazmla qarşılanan film, festivalın əsas mükafatı olan Ən Yaxşı Film nominasiyasına "People's Choice Awards"a layiq görülmüşdür.
Kamberbetçin filmdəki performansı tənqidçilərin böyük tərifinə layiq görülüb. "Time" jurnalı onun yaratdığı personajı 2014-cü ilin Top 10 film performansları siyahısında birinci yerdə yerləşdirib, jurnalın əsas film tənqidçisi Riçard Korliss isə Kamberbetçin xarakterizasiyasını verərək qeyd edir ki, "aktyorun qəribə, bütöv, bu vaxta kimi yaratdığı ən Kamberbetçsayağı personajdır…o, Türinqi hiss edərək, cəsarətlə, simpatiya ilə, lakin heç bir əlavə vasitə olmadan canlandırır."[74][75] "Los Angeles Times"dan Kennet Turan Türinq obrazını "Kamberbetçin karyerasının əsas rolu" adlandırır, "The New York Times"dan A. O. Skott isə qeyd edir ki, Türinq obrazı "ilin ən yaxşı aktyor performanslarından biridir."[76][77] "Rolling Stone"dan Piter Travers qeyd edir ki, aktyor "güclü, emosional təsvir kompleksi təqdim edir." Tənqidçi Kleyton Devis qeyd edir ki, "bu əsrlərlə yaşayacaq performans…Kamberbetçin bu gün yaşayan ən yaxşı aktyorlardan biri olduğunu sübut edir."[78][79] "Variety" jurnalından Foundas yazır ki, "Kamberbeçin ustad aktyorluğunu görmək möcüzə kimidir". "The New York Times"dan Manola Dargiz Kamberbeçin performansını "incə detalları nəzərə alan, düşündürücü və tragik" sözləri ilə, BBC-dən Uven Qleyberman isə "emosional təqdim edilən mükəmməllik" sözləri ilə ifadə edir.[80][81] "Bu Kamberbetçin təqdim etdiyi fırtına kimi performansdı: siz titrlərdən sonra onun işlərini deşifrə etməyə başlayacaqsız"[82] deyə "Time Out" jurnalından Deyv Kalhoun bildirir. "USA Today"dən Klaudiya Puiq film haqqında rəyinə əlavə olaraq bildirir ki, "Kamberbetçin xırdalıqlarına kimi nəzərə alınmış performansı güclü təəssürat yaradır."[83] "The Hollywood Reporter"dən Tod MakKarti bildirir ki, heç şübhəsiz ki, filmin əsas üstünlüyü "xarizması ilə inandırıcı şəkildə dahinin qəribəliklərini, fərqli xarici görünüşünü və istedadını canlandıran" Kamberbetçdir.[84][85] Tənqidçi Rocer Frayedman rəyinin sonunda bildirir ki, "Ola bilsin ki, Kamberbetç Ser Lourens Olivyeyə yaxın malik olduğumuz yeganə aktyordur."[86]
"The Guardian"dan Ketrin Şord Kamberbetç və Naytlinin performansını tərifləsə də, qeyd edir ki, film "həddən artıq şablona tabe edilmiş, izləyicini ötürülən müsaja yönləndirən" xüsusiyyətə malikdir.[87] "The Telegraph"dan Tim Robi qeyd edir ki, film, "həddən artıq hesablanmış insan hesablayıcısı haqqındadır."[88] Bəzi tənqidçilər filmdə Türinqin homoseksual olmasının da göstərilməsindən narahat olduqlarını bildirmişlər.[89] Britaniya tarixçisi Aleks fon Tunzelmann 2014-cü ilin noyabrında "The Guardian"da nəşr edilmiş məqaləsində filmdəki tarixi hadisələri təhlil edərək qeyd edir ki, "tarixi həqiqət belədir ki, İmitasiya oyununda çoxlu mürəkkəb məqamlar və sındırılmamış kodlar vardır."[90] Jurnalist Kristian Keril də filmdə bəzi tarixi qeyri-dəqiqliklərin olduğunu bildirərək, vurğulayır ki, Türinqin zəngin həyatı çox sadə göstərilmişdir.[91] "Slate" jurnalından L. V. Anderson filmi ssenarinin əsaslandığı Türinqin bioqrafiyası ilə müqayisə edir və yazır ki, "görünən odur ki, İmitasiya oyunu mənbə materialından xeyli fərqlənəklə, şəxslərin fəaliyyəti, hadisələrin xronologiyası və Türinqin özünün Bleçli parkdakı işləriilə bağlı hadisələri qismən təhrif edir."[92] "Science News"dan Endryu Qrant yazır ki, "…bir çox Hollivud bioqrafik filmləri kimi, bu filmdə də bədii keyfiyyətlərdən istifadə edilmişdi ki, bu da təəssüf doğurur, çünki Türinqin özünün həyatı daha təsirlidir."[93]
2014-cü ilin oktyabrında London Film Festivalında filmi izlədikdən sonra Türinqin qardaşı qızı İna Peyn BBC Radio Mançesterdən Allan Besvikə demişdi ki, "film həqiqətən də dayımın şərəfini qoruyur." Eyni müsahibədə Türinqin qardaşı oğlu Dermont Türinq qeyd edir ki, Kamberbetç "əla aktyor seçimidir. Mən daha yaxşı kiminsə ola biləcəyini düşünmürəm." Alimin böyük qardaşı oğlu Ceyms Türinq isə qeyd edir ki, Kamber betç "elə şeyləri bilir ki, mənim heç onlar haqqında xəbərim yoxdur. Onun Alan haqqında bu qədər məlumat toplaması valehedicidir."[94]
"İmitasiya oyunu" bir çox mükafatlara namizəd göstərilmiş və müxtəlif mükafatlar qazanmışdır, xüsusilə Benedikt Kamberbetçin yaratdığı Türinq obrazı diqqət cəlb etmişdir.[95][96][97][98] Filmin aktyor və yaradıcı heyəti həm də İnsan Haqqları Kompaniyası, geniş LGBT insan haqqları müdafiəçiləri heyəti və ABŞ lobbi təşkilatları tərəfindən yüksək dəyərləndirilmişdir. "Biz fəxr edirik ki, Alan Türinqin faciəvi həyat jekayəsini böyük ekranlara gətirən İmitasiya Oyunu filminin ulduzları və yaradıcı heyətini mükafatlandırmaq şərəfinə layiq görülmüşük."[99] deyə İnsan Haqqları Kompaniyasının prezidenti Çad Qriffin qeyd edir.
2015-ci ilin yanvarında Kamberbetç, komedik-aktyor Stefan Fray, prodüser Harvi Vaynşteyn və Türinqin böyük qardaşı qızı Reyçel Barns Türinq kimi kimyəvi kastrasiyaya məcbur edilmiş 49.000-dən çox gey insandan üzr istənilməsi aksiyasına start vermişlər. "The Guardian" qəzetində nəşr edilmiş açıq məktub birbaşa Birləşmiş Krallıq hökumətinə, o cümlədən Kraliça II Elizabet, Kembric hersoqu şahzadə Vilyam və Kembric Hersoginyası Keyt Midlton da daxil olmaqla kral ailəsinə ünvanlanmışdı.[100]
İnsan Haqqları Kompaniyasından Çad Qriffin də dəstəyini göstərərək bildirmişdi ki, "Eyni qanunun tələbi ilə İngiltərədə 49.000-dən çox homoseksual kişi və qadın məcburi kimyəvi kastrasiyaya məruz qalmışlar. 2013-cü ildə Kraliça II Elizabet ölümündən sonra Türinqdən üzr istəsə də, digərlərindən üzr istənməmişdir. Bu film şərəflidir. Bu insanlar şərəflidir. Və digər 49.000 insan üçün də ədaləti təmin etməyi məqsəd qoymuş bu hərəkat şərəflidir."[101]
"Attitude" jurnalından Piter Tatçell və gey cəmiyyətin digər nüfuzlu nümayəndələri də kompaniyaya dəstəklərini ifadə etmişlər.[102] 2015-ci ilin fevralında Mett Deymon, Maykl Duqlas, Cessika Alba, Brayan Krenston və Anna Vintur da digər məşhurlarla birlikdə "Pardon49k.org" petisiyasını imzalamışlar.[103][104]
Filmin istehsalı zamanı, Türinqin homoseksuallığının filmdə göstərilməyəcəyi[105], yaxın dostu ilə romantik əlaqələri olmasına baxmayaraq, eyni zamanda Coan Klarka qarşı hisslərinin olmasının düzgün ifadə edilməyəcəyi ilə bağlı tənqidi fikirlər səsləndirilirdi. Film ssenarisinin əsaslandığı kitabın müəllifi Hudcs qeyd etmişdi ki, "filmdə Coanla əlaqələr əslində olduğundan daha çox qabardılıb."[22][106][107][108] Türinqin qardaşı qızı Peyn qeyd edir ki, Naytli rol üçün düzgün seçilməyib və real Klarkın "daha sadə görünüşlü" olduğunu vurğulayır: "Məncə onlar filmi bir qədər romantikləşdirməyə çalışıblar. Bu məni kədərləndirir. Əgər onlar hər şeyi olduğu kimi göstərmək istəyirlərsə, bu, yolverilməzdir."[109]
"Empire" jurnalına müsahibə verən rejissor Tildum layihəni öhdəsinə götürmək qərarından bəhs edərkən deyir: "Bu çox mürəkkəb bir tarixdir. Burada homoseksualların hüquqları ilə bağlı elementlər olsa da, Türinqin ideyalarının müharibə üçün necə vacib olması, həmin fikirlərin gizli saxlanmasını da əhatə edir."[37] "GQ UK" jurnalına verdiyi müsahibədə aktyor Metyu Qud qeyd edir ki, filmdə əsas diqqət "Türinqin həyatına, bizim xalq olaraq onunla bir qəhrəman kimi necə fəxr etməmizə və onun homoseksual olmasına görə necə kimyəvi ksatrasiyaya məruz qalmasına" yönəldilir.[110] Filmin prodüserləri qeyd edirlər: "Bizim ssenarimizin Alan Türinqin homoseksual olmasını xüsusi qabardan və ya süni seks səhnələrinin daxil edildiyi versiyası yoxdu və heç vaxt da olmayıb."[111]
2015-ci ilin yanvarında "The Huffington Post" qəzetinə müsahibəsində ssenarist Mur filmdə tarixi hadisələrin dəqiqliklə təsvir edilməməsi haqqında səsləndirilən fikirlərə münasibət bildirərək qeyd edir ki,
“Əgər siz, “faktların təftişi” dilini film haqqında münasibət bildirmək üçün istifadə edirsinizsə, məncə siz, prinsipial olaraq incəsənətin necə işlədiyini nəzərə almırsınız. Siz Monenin “Su zanbaqları” haqqında danışarkən faktların təftişindən istifadə etmirsiz. Çünki, həmin əsərlərdə su zanbaqlarının konkret necə görünməsi yox, həmin su zanbaqlarını görən Monenin hiss etdikləri əks olunub. İncəsənətin məqsədi də budur.”[112] |
Eyni müsahibədə rejissor Tildum deyir:
“Əksər tarixi filmləri izləyərkən elə təəssürat yaranır ki, sanki ekranda kimsə sizin üçün Vikipediyadan tarixi məlumatları oxuyur. Lakin biz, istəyirik ki, film, hissiyyatlı, ehtiraslı olsun. Bizim əsas məqsədimiz odur ki, oxucuya hiss etdirək 'Alan Türinq nə hiss edirdi? Siz Alan Türinq olsaydız nə hiss edərdiz? Türinqin həyatı haqqında məlumatları dinləməklə biz də onun təcrübəsi kimi bir təcrübə yaşaya bilərikmi? '"[112] |
Yazdığı bioqrafiyanın ekranlaşdırılması hüququnun satılması ilə bağlı müqavilənin şərtlərini əsas göstərən Hudcs əsasən filmdə tarixi həqiqətlərin dəqiq əks olunması məsələsini şərh etməmişdir.[113]
Film tarixçilər də daxil olmaqla bir çox elm xadimlərinin diqqətini cəlb etmiş, filmdə təsvir edilmiş tarixi şəxslər və hadisələrlə bağlı müxtəlif fikirlər səsləndirilmişdir.
Tarixçilərin rəy bildirdikləri əsas tarixi hadisələr təyinatını gizlətmək üçün Bleçli parkın radio zavodu kimi təqdim olunması, Eniqmanın kodunu sındırmaq üçün istifadə olunan maşın Türinqin uşaqlıq dostu və ilk romantik hisslər bəslədiyi insanın şərəfinə "Kristofer" adlandırılması, Türinqin həmin maşın üzərində çalışan yeganə kriptoqraf olması və qrupun digər üzvləri ya ona kömək etməmələri ya da qarşı fəaliyyət göstərmələri olmuşdur. Əslində Eniqmanın kodunu sındırmaq üçün istifadə olunan elektromexanik maşın "Viktori" adlandırılmışdı və o, yalnız Türinqin deyil, bütün qrupun zəhmətinin nəticəsində hazırlanmışdı. Bu, polyak kriptanalisti Mariyan Rejevskinin dizaynından ilhamlanaraq hazırlanmış Britaniya Bombe maşını idi. Rejevskinin 1938-ci ildə hazırladığı Bomba adlı maşın alman əməliyyat sistemi qarşısında zəiflik göstərmiş və 1940-cı ildə bu zəifliklər aradan qaldırılmışdı. Fərqli strategiyaya malik olan yeni maşın 1940-cı ildə Türinq tərəfindən (riyaziyyatçı Qordon Velçmanın açar əlavələri ilə hazırlansa da, filmdə bu qeyd edilməmiş və Velçmanın kəşfi Hyu Aleksanderin kəşfi kimi göstərilmişdir) hazırlanmışdı. "British Tabulating Machine" şirkəti İkinci Dünya müharibəsi ərzində Harold Kinin rəhbərliyi altında 200-dən çox Bombe maşını istehsal etmişdi.[90][92][113]
Filmdə göstərilir ki, Bleçli Parkda kiçik bir kriptoqraflar qrupu çalışmış, müharibənin ilk illərində onlar tələsdirilməmişlər və bir neçə il sonra təsadüfən Eniqmanın kodunu qırmağa nail olmuşlar, lakin əslində, 1939-cu ildə müharibənin başlanmasından əvvəl artıq bu işlə bağlı bəzi uğurlar əldə edilmiş və 1945-ci ildə müharibənin başa çatmasına kimi inlərlə kişi və qadın bu layihə üzərində çalışmışdır. Müharibə ərzində bir neçə dəfə uğursuzluqlar baş vermiş, hər dəfə Alman Eniqmasının dizaynı və ya istifadə kodları dəyişdirildikdə, Bleçli Parkdakı maşınların da yenidən adaptasiya edilməsi zərurəti meydana çıxmışdı.[91]
Filmdə göstərilir ki, yalnız Bombeş maşını hazırlandıqdan sonra müəyyən məşhur söz və ya ifadələrin sistemə dail edilməsi ilə kodun deşifrə edilməsini dəfələrlə asanlaşdırmaq olar, lakin əslində bu, kriptoqrafiyada crib kimi tanınan məşhur metoddur. Əslində, cribin istifadəsi Bombe maşınının hazırlanması zamanı əsas hücum vasitəsi olmuş və maşının kəşf edilməsindən sonra anlaşılmış vasitə olmamışdır.
Filmdə göstərilir ki, "Hut 8" dəstəsi kriptoqraflardan birinin (Piter Hilton) qardaşının da xidmət etdiyi Britaniya mülki gəmisinə Almaniya hücumunun qarşısını almaq üçün sındırılmış kodlardan istifadə etmir ki, almanlar Eniqmanın kodunun sındırılmasını anlamasınlar. Əslində isə Hiltonun elə bir qardaşı ümumiyyətlə olmayıb və hansısa əməliyyatların harda və necə keçirilməsi (və ya keçirilməməsi) haqqında qərarlar daha yüksək adminstrativ mərtəbədə verilirdi.[92]
Filmdə göstərilir ki, Türinq dəstə üzərində rəhbərlik əldə etmək və yeni maşının hazırlanması üçün maliyyələşmə məsələsini aradan qaldırmaq üçün Çörçilə məktub yazır, lakin əslində, Türinq, Çörçilə məktub yazaraq nəsə xahiş edən tək adam olmamış, onun kolleqaları da bu vasitədən istifadə etmişlər; hələ Bleçli Parka gəlməmişdən əvvəl Çörçilə müraciət etmiş Hyu Aleksander daha geniş administrativ imkanlar yaradılmasını xahiş etmiş və bu xahişi yerinə yetirilmişdi.[92]
Filmdə göstərilir ki, Coan Klarkın dəstəyə qəbul edilməsi krossvordun həll edilməsi ilə bağlı imtahanın nəticələrinə əsaslanmışdır, lakin əslində, Coan Klark keçmiş elmi rəhbəri Qordon Velçman tərəfindən işə cəlb edilmişdi.[92]
Filmdə göstərilir ki, Türinqin sosial çətinlikləri Asperger sindromu və ya Autistik spektr pozğunluğu ilə əlaqədardır, lakin çox az araşdırmaçı və tədqiqatçılar Türinqə bu cür retrospektiv autizm diaqnozu qoyulmasını qeyd edirlər.[114] Baxmayaraq ki, Türinqin Asperger sindromu kimi ekssentrik xasiyyəti olmuşdur, bununla belə, heç də filmdə göstərildiyi kimi o tək olmamışdır. Türinqin dostları olmuş, təklikdə işləməyi sevməsinə baxmayaraq kollektivdə hörmətə malik olmuş və kolleqaları ilə yaxşı münasibət qurmuş, yumor hissinə malik olmuşdur.[91][115][116]
Türinqin gənclik dostu ilə bağlı səhnələr və onun ölümü haqqında məlumat öyrənməsi səhnəsi tamamilə ssenari müəllifinin təxəyyülünün məhsuludur. Filmdə göstərilir ki, Türinq 1951-ci ildə həbs olunur, əvvəlcə Sovet casusu olması ehtimal edilsə də, kodun sındırılması hadisəsini danışmasından sonra onun gey olması ortaya çıxır, lakin əslində Türinq 1952-ci ildə həbs olunub.[90] Filmdə göstərilən detektiv və dindirilmə prosesi təxəyyül məhsuludur. Evində soyğun baş verdikdən sonra, Türinq homoseksual olmasına görə təqib edilmiş, lakin heç vaxt Sovet cəsusu olmasından şübhə edilməmişdir.
Filmdə göstərilir ki, Türinqin məcbur edildiyi kimyəvi kastrasiya onun düşüncəsini və əmək qabiliyyətini pozur, lakin fiziki zəiflik, ginekomstiya da daxil olmaqla bədənində dəyişikliklərin olmasına baxmayaraq, Türinq kimyəvi kastrasiya keçdiyi dövrdə də fəaliyyətini davam etdirmiş və riyazi biologiya sahəsində novator yaradıcılıqla məşğul olmuşdur.[92]
Filmdə göstərilir ki, kimyəvi kastrasiya keçdiyi dövrdə Coan Klark evə gələrək Türinqi ziyarət edir, lakin Klarkın onu ziyarət etməsi haqqında heç bir məlumat yoxdur. Buna baxmayaraq, müharibədən sonra da onlar münasibətlərini saxlamışlar və Türinq məktubla gözlənilən məhkəmə prosesi haqqında Klarkı məlumatlandırmışdır.[92]
Filmdə qeyd edilir ki, Türinq hormonal müalicəyə tab gətirməyərək sui-qəsd etmişdir, lakin Türinqin sui-qəsd etməsinin səbəbi hələ də mübahisə mövzusu olaraq qalmaqdadır. Kimyəvi kastrasiya müddəti onun ölümüdən on dörd ay əvvəl başa çatmışdı. Onun ölümünü tədqiq edən rəsmi araşdırmanın nəticəsi olaraq qeyd edilmişdi ki, Türinq sianistli almadan istifadə ilə sui-qəsd etmişdir. Türinqin bioqrafı Endryu Hudcs qeyd edir ki, Türinqin sevimli nağılı "Ağbəniz"də olduğu alma vasitəsiylə həyata keçirilən ölüm həqiqətən də sui-qəsd olmuşdur, lakin bu vasitədən istifadə edən Türinq həm də, anasını ovundurmaq üçün bədbəxt hadisə görünüşü yaratmışdır, lakin Türinqin əsərlərinin redaktoru və Türinq Arxivinin direktoru Cek Kopelend ehtimal edir ki, Türinqin ölümü bədbəxt hadisə də ola bilərdi.[92][117]
Filmdə Kommander Denniston sərt zabit kimi təqdim olunur, ilkin dövrdə nəticə vermədiyinə görə maşının yaradılması işlərinin dayandırılmasına çalışdığı göstərilir. Dennistonun nəvələri qeyd edirlər ki, filmdə "heç bir əsas olmadan" onların babası Türinqin işinə mane törətməyə çalışan "qəddar" və "qorxulu şəxsiyyət" kimi təsvir edilir. Onlar qeyd edirlər ki, babaları əslində tamamilə fərqli temperamentə malik bir insan olmaqla kriptoqrafların fəaliyyətini dəstəkləmişdir.[92][118] Fimdə qeyd edilmiş Denniston və Türinq arasındakı qarşıdurmanın təsvir edildiyi heç bir mənbə yoxdur. Əksinə, hələ müharibədən əvvəl Denniston Oksford və Kembricdə mühazirələrdə iştirak etmiş, hələ o dövrdən Türinq, Velçman və başqaları onun üçün işləməyə başlamışlar.[119] Türinq həmişə Bleçli parkdakı ən yaxşı kriptoqraflardan biri hesab edilmişdir.[92]
Filmdə göstərilir ki, Türinq Britaniya Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Stüart Menzislə əməkdaşlıq edir, lakin Türinqin Bleçli parkda işlədiyi vaxt müddətində onların əməkdaşlıq etməsi haqqında məlumat yoxdur.[92]
Filmdə Türinq və Kernkrossun birlikdə işləmələri və Kernkrossun casusluğunun aşkarlanması səhnələri olsa da, əslində onlar tamamilə fərqli sahələrdə çalışmışlar və Bletçli parkda görüşmələri haqqında heç bir məlumat yoxdur.[91][92] Aleks fon Tunzelmann bu cür süjet xətti qurulmasına (Kernkrossun casus olmasını açıqlamamaq üçün bir müddət Türinqi homoseksual olmasını açıqlamaqla şantaj etməsi) qəzəblənərək yazır: "Yaradıcılıq lisenziyasının olması bir şeydir, lakin dahi bir insanın reputasiyasının bu cür ləkələnməsi tamamilə başqa bir şeydir."[90]