İnnabı - Azərbaycanin məşhur qədim qadın rəqslərindən biri.
İnnabı | |
---|---|
Tempi | Asta |
Mənşəyi | Azərbaycan |
Müəllifi | xalq musiqiçisi Tati, 1902 |
Yaranma tarixi | ≈ XlX əsrin əvvəli |
Burada heç də innab meyvəsi nəzərdə tutulmur, meyvənin rəngi aktuallaşdırılır. İnnabı rəngi adıdır, tünd qırmızı rəngi bildirir. Bu, qadınların toy zamanı bər-bəzəyə, şala, qumasha, tafta-baftaya bürünüb simvolik şəkildə qırmızılaşdırılmasına, qırmızıya boyanmasına işarədir, alt-şüur səviyyəsində isə birbaşa qadın başlanğıcına işarədir.[1]
İnnabı Azərbaycanın toy rəqsidir, bir rəqs forması kimi varlı qadınların evlərində meydana gəlmişdir. Onu adətən qonaqlardan olan iki rəqqasə ifa edərmiş. İnnabını Bakıda yalnız qadınlar oynardılar, bir çox rayonlarda isə onu həm qadınlar, həm də kişilər ifa edərdilər. Vaxtilə Azərbaycanda qadın və kişi toyları (və ya qız və oğlan toyları) ayrıca keçirilərdi. Kişi toyunda qadınlar, qadın toylarında kişilər iştirak etməzdilər. Bu dövrdə qadınların getdiyi yerlər də məhdud idi. Odur ki, qadınlar toya da, hamama da öz maddi imkanlarını, ailə durumlarını, ailədə tutduqları statusu göstərmək üçün, özlərini, var-dövlətlərini göstərmək üçün gedərdilər və demək olar ki, əksər bahalı bəzək əşyalarını özlərilə göstərərdilər. Toya gəlmiş qadınlar əksərən öz bəzək əşyalarını toplum içrə sərgiləməyə gələrdilər.
Belə bir fərziyə vardır ki, İnnabı rəqsini bakılı tarzən çox istedadlı xalq musiqiçisi Tati yaratmışdır. Əslidə isə XX əsrin əvvəlində (təqribən 1902-ci illərdə) yaranmış bu qədim xalq rəqsini Tati sadəcə olaraq işləyib hazırlamışdır.
Xüsusən tar, kamança və nağaranın muşayiəti ilə bu zərif rəqs son dərəcə melodikdir. Rəqs əsasən utana-utana, üzlərini gizlədərək incə süzgün hərəkətlər düzümü əsasında qurulub. Hərəkətlər müxtəlif istiqamətlərdə həm dövrə, həm da düz xətt boyunca cərəyan edir.
Bu rəqs uzun illər Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansanbılının repertuarında dəfələrlə ifa olunub. Hətta gözəl xanəndəmiz Murtuza Məmmədov (Bülbül) İnnabı melodiyasına bayatılar əlavə edib onu mahnı kimi oxumuşdur.[2]
İnnabı bir rəqs forması kimi varlı və zadəgan qadınların evində meydana gəlmişdir. Bu rəqsin əşyaları kəlağayı, alına taxılan qızıl pullar, habelə kəhrəba, mirvari və qızıl boyunbağları sayılır. Rəqsin ölçüsü 6/8 (3/4)-ədir; hərəkətləri aram və süzgün, tempi isə ortadır. Qadın-qız yığıncaqlarında, toylarda, şənliklərində oynanardı.[3]
Bir və bəzən iki qız tərəfindən ifa edilir. Məzmunca çox sadədir. Burada ifaçılar qadınların naz-qəmzəsini göstərməyə çalışırlar. Rəqsi qızlardan biri başlayır. Sonra ikinci qız guya könülsüz olaraq ona qoşulur və daim nazlanaraq kənara çəkilmək istəyir, ancaq rəfiqələr razılığa gəlib şən, coşğun hərəkətlərlə rəqsi davam etdirirlər.[4]
Innabını ifa edərkən ağ rəqs paltarı heç də yerinə düşmür. Ona görə keçən əsrin 30-50-ci illərində rəqqasələr zər-xaranı imitasiya eləyən paltarlar geyinirdilər. Hətta Əminə Dilbazi xatırlayır ki, o, adi sovet üç qəpiklərini parıldadıb sinəsinə, alnına taxırdı və qızıl pul illüziyası, qədimilik illüziyası, boyunbağı, cütqabağı illüziyası yaradırdı.
Əminə Dilbazi İnnabı rəqsində varlı qadının fərəhini, onun yarışmaq istəyini, lovğalığını yox, nisgilini, sevgisizliyini, xiffətini, bir sözlja, romantik dünyasını göstərməyə çalışırdı. Dilbazinin Innabısı heç də təsadüfi deyil ki, daha çox süzgün hərəkətlər, əl darağının zərif, incə oynatmaları üzərində qurulmuşdu, sındırmalar minimuma endirilmişdi. Əminə Dilbazi bu rəqsi məchul, məxfi bir sevgi macərası, bir sevgi əhvalatı kimi oynayırdı və onun rəqsinin Əzim Əzimzadənin rəsmindəki varlı qadınla heç bir əlaqəsi yox idi. Onun incə silueti, süzgün baxışları, uzun kiprikləri və ağır-səngin ədaları səhnədə çox maraqlı bir qadın obrazı yaradırdı. Təbii ki, bunun kökləri Azərbaycan rəqs mədəniyyəti ənənələrinin, toy mədəniyyəti ənənələrinin zənginliyindən irəli gəlir. Ancaq o fakt da danılmazdır ki, Əminə Dilbazi Azərbaycan toyunu, bu toyda rəqs edən qadınları yaxından tanıyıb, öyrənib və rəqs zamanı onların ümumiləşdirilmiş obrazına müraciət edib.
Əzim Əzimzadənin “Varlı evində toy” rəsmində rəqs eləyən varlı bir qadının fiquru şəklin, demək olar ki, mərkəzini tutur. Həmin qadının geyimi, bər-bəzəy İnnabı rəqsində verilən təsvirə tam uyğundur.
Musiqi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |