İstanbula əsrlər boyu müxtəlif adlar verilmişdir. Bu şəhər adları şəhər tarixinin müxtəlif dövrləri ilə bağlıdır. Bu adlar, tarixi ardıcıllıqla, Bizanti, Auqusta Antonina, Yeni Roma, Konstantinopol, Kostantiniyyə, İslambol və İstanbuldur. Bundan başqa tarixən İstanbulu monqollar Çakduryan, polyaklar Kanatorya, çexlər Aylana, macarlar isə Vizenduvar adlandırıblar.[1]
Tarix boyu İstanbul şəhərinə verilən onlarla ad arasında türklər tərəfindən daha tez mənimsənilən və bu gün istifadə edilən ad İstanbuldur. Bu adın mənşəyinin “eis tin polin” (yun. εις την πόλιν) ifadəsindən gəldiyi güman edilir.[2] Bu ifadə o dövrün yunancasında “şəhərdə”, “şəhərin içində”, “şəhərli” mənasını verirdi. Bundan əlavə, ümumiyyətlə xalqın dilində “n” samitinə bitişik olan “p” səsi “b” səsinə çevrilirdi. Bu kontekstdə İstanbul adının mənşəyi bir sıra mənbələrdə məhz bu ifadə ilə əlaqələndirilir. Eramızın II əsrinə aid erməni mənbələrində İstanbol və ya İstinbol kimi qeyd olunan şəhərin adı, ola bilsin ki, türkcəyə bu şəkildə daxil olmuşdur.[3] Osmanlı dövründə şəhər mərkəzi üçün istifadə edilən adlar müxtəlif olsa da, bütün əyalətdə adlandırma demək olar ki, sabit qaldı. İstanbul şəhərinin yerləşdiyi yuxarı inzibati vahidin şəhərlə eyni adı daşıması Osmanlı imperiyasından qalma təcrübədir. Roma hakimiyyəti altında olarkən şəhərin yerləşdiyi əyalət Avropa yaxasında Trakya (lat. Tracia, yun. Θράκη) idi; Anadolu yaxasında Vifiniya (lat. Bithynia, yun. Βιθυνία) vilayəti idi.[4]
Böyük Pliniyə görə şəhərin məlum olan ən qədim adı Liqosdur (q.yun. Λύγκος), lakin bu barədə ətraflı məlumat yoxdur.[5] Sonralar şəhər Bizanti (yunanca: Βυζάντιον) adını aldı.
E.ə.667-ci ildə Qədim Yunanıstanın Meqara şəhər-dövlətindən olan Dori mənşəli yunan köçkünləri bugünkü İstanbulda koloniya qurdular və yeni koloniyanı öz kralları Bizas və ya Bizansın (q.yun. Βύζας , Βύζςν) şərəfinə Bizans adlandırdılar.[6][7]
Bizans adı, I əsrdə romalılar şəhəri ələ keçirən zaman adının ilkin versiyası "Bizanti" olan qədim şəhərin adının latın dili versiyasıdır.
Auqusta Antonina adı, III əsrin əvvəllərində Roma imperatoru Septimi Sever tərəfindən oğlu Antoninin (sonralar Roma imperatoru Karakalla) şərəfinə şəhərə verilən qısamüddətli addır. [8]
Şəhər, 330-cu ildə Roma imperatoru I Konstantin tərəfindən Roma imperiyasının paytaxtı elan edildikdən sonra, o, şəhəri latıncadan mənası "Yeni Roma" olan Nova Roma adlandırsa da (yun. Νέα Ρώμη), bu ad heç vaxt qəbul edilmədi.[9]
337-ci ildə imperator I Konstantinin ölümü ilə şəhərin adı dəyişdirilərək Konstantinopol (yun. Κωνσταντινούπολις, lat. Constantinopolis) adlandırıldı ki, bu da "Konstantinin şəhəri" mənasını verirdi. Konstantinopol, Bizans imperiyası boyu şəhərin rəsmi adı olaraq qaldı. Lakin Konstantinopol öz yerliləri tərəfindən sadəcə yunanca "şəhər" kim anılırdı.[10]
1453-cü ildə Osmanlı sultanı Fateh Mehmedin rəhbərliyi altında Osmanlı imperiyası tərəfindən fəth edildikdən sonra da Konstantinopol adı, Qərbdə ən çox istifadə edilən ad olaraq qaldı. İstanbul adı yalnız 1928-ci ildə latın hərflərinə keçdikdən sonra Qərbdə, Konstantinopolu əvəz etməyə başladı.
Kostantiniyyə (القسطنطينية) Konstantinopolun ərəbcə səslənməsidir və şəhərin İslam dünyasında ən çox tanınan və istifadə edilən adı olmuşdur. Yunanca "Konstantin şəhəri" mənasını verən Konstantinopoldan fərqli olaraq, Kostantiniyyə ərəbcədən "Konstantinin yeri" mənasını verir.
1453-cü ildə fəthindən sonra şəhər Osmanlı imperatorluğunun dördüncü paytaxtı elan edildi və Osmanlı imperiyası tərəfindən şəhərin rəsmi adı olan Konstantinopoldan istifadə edildi. 1923-cü ildə Osmanlı imperiyasının dağılmasına qədər də işlək ad olaraq qaldı. Məsələn, Osmanlı imperiyası və saraylarında Kostantiniyyədə nəşr olunan rəsmi sənədlərin mənbəyini göstərmək üçün "be-Makam-ı Darü's-Saltanat-ı Kostantiniyyetü'l-Mahrusâtü'l-Mahmiyye" kimi titullardan istifadə edilirdi.[11]
Övliya Çələbinin Səyahətnaməsində şəhər üçün istifadə edilən adlardan biri də “Kostantiniyyə”dir.[12]
Bəzi dövrlərdə Osmanlı məmurları şəhərin başqa adlarına üstünlük verirdilər. Bu fəxri adlardan həm şəhər üçün, həm də Osmanlı hökumətini və diplomatik yazışmaları təsvir etmək üçün sinonim olaraq istifadə edilmişdir:
Tarixdə şəhər üçün istifadə edilən adlar arasında "İslambol" az istifadə edilən ad olsa da yazılı qeydlərdə görülən adlardan biridir. Övliya Çələbinin XVII əsrə aid Səyahətnaməsində “Kostantiniyyə” adı ilə yanaşı bir çox cilddə "İslambol" (اسلامبول) sözü də işlənmişdir. Sözügedən səyahətnamədə bu ad digər adlara nisbətən daha intensiv işlənir.[13]
Etimoloji cəhətdən İstanbul adı “şəhərə” və ya “şəhərdə” mənasını verən orta əsr (Bizans) yunan sözlərinin türkləşməsindən yaranmışdır.[14]
İstanbul adı Osmanlı dövründə rəsmi sənədlərə daxil edilmiş və tez-tez istifadə edilmiş ad idi. Şəhərin bu adının türkcə ən qədim istifadəsinə 1360-cı ilə aid "Dânişmendnâme" əsərində rast gəlinir.[15][16] Osmanlı tarixşünaslığının ilk dövrlərində çıxarılan anonim qazavatnamə olan Qazavat-ı Sultan Murad adlı əsərdə də İstanbul adı ilə şəhərdən bəhs edilirdi.[15][17] Bundan əlavə, Osmanlı ordusunda İstanbulun mərkəzi ordu komandanı üçün İstanbul ağası, İstanbulun ən yüksək mülki hakimi üçün isə İstanbulun əfəndisi rütbəsi rəsmi olaraq istifadə edilirdi. Konstantinopol da daxil olmaqla digər adlar da istifadə edilirdi, lakin İstanbul (osman. استانبول) nəticədə şəhərin türkcə ən çox tanınan adı oldu və digər təyinatlar sonradan istifadədən çıxdı. Lakin Konstantinopol adı qərblilər tərəfindən istifadə olunmağa davam edirdi.
1918-ci ildə şəhərin iki adı var idi. Rəsmi sənədlərdə və azlıqlar arasında "Konstantin" adı istifadə edilərkən, türk xalqları arasında “İstanbul” adı çox yayılmışdı. Dövrün siyasi şərtləri daxilində şəhərin müxtəlif adlarının işlədilməsində müxtəlifliklər müşahidə olunurdu. Bu ayrılığa ithafən, İstanbulun işğalı zamanı İstanbulda Osmanlı vətəndaşı olan yunan azlıqları, işğalçı orduları “Burada Konstantin (İstanbul), burada Konstantin!” sözləri ilə alqışlayaraq salamlayır ki, bu da Yunanıstanın o vaxtkı kralı I Konstantinin adı ilə bağlıdır. Bu şüar hər yerdə yayıldı. Beləliklə, “Konstantin” adı türklər arasında çox mənfi məna kəsb etməyə başladı. İstanbulun geri alınmasından sonra görülən ilk işlərdən biri də mənfi məna kəsb edən “Konstantin” adının rəsmi olaraq “İstanbul” adı ilə dəyişdirilməsi oldu.[18]
1928-ci ildə latın hərflərinə keçiddən sonra şəhərin türkcə adının latın variantı olan İstanbul beynəlxalq istifadəyə verilib. İstanbul şəhərin beynəlxalq adı elan edildikdən sonra "Konstantinopol" adının məktublarda və ya digər yazışmalarda və beynəlxalq səviyyədə istifadəsi qadağan edildi. Məsələn, xaricdən İstanbula göndərilən məktublarda "Konstantinopol" adı (İstanbul onun yanında yazılsa belə) yazılırdısa, belə məktublar geri göndərilməyə başlandı. Zamanla İstanbul adı və onun müxtəlif oxşar yazılışları əksər dünya dillərində öz yerini tutdu.[19][20]
Miklaqard (qədim skandinav dili: Miklagarðr, mikla və ya mikildən böyük, qard "qala" və ya "divar" mənasını verir) şəhərə vikinqlər tərəfindən verilən addır.[21]